Şeirlər - Əli ÇAĞLA

 

 

Titr olunanları qusmaq

 

Əsli Həmədan azərbaycanlılarından olan,

İran milli güləşçisi, olimpiya qəhrəmanı,

ölümü şübhəli olan Qulamrza Təxtiyə

 

Bütün şəhər sözüm ilə güləşir

Güləşirəm, yıxıram,

Hərdən də yıxılıram, qalxıram...

Ayağa qalxmağı sənin cəsarətindən öyrənmişəm Qulamrza.

Sən, tac sevənlərlə güləşdiyin üçün sevildin,

Mən sevilmədiyim üçün güləşirəm onların tacları ilə...

Qolumun gücsüzlüyünə baxma Qulamrza!

Dilimin gücü ilə şahların yuxusuna haram qatmışam saraylarda.

 

Sənin cəsarətindən öyrənmişəm ayağa qalxmağı,

Sənin gülüşündən öyrənmişəm Şəhlaların vəfasız olduğunu.

Qulamrza, bütün şəhlagözlüləri vəfasızdır bu şəhərin,

Bu şəhərdə, sevgi müharibədə qarşılaşan

            iki əsgərin arasında bitən bir çiçəkdir,

Bitib "Saat qabağı"nda, becərib "Şahnaz"da.

Bu şəhərin şəhlagözlü vəfasızları güləşə giriblər mənimlə

Dabanlarıma tikan əksələr də,

Günəşi gözlərimin içində doğdursalar da,

Palçıqdan düzəltdikləri yazılarını

            belimdə damğalasalar da şallaqları ilə

Dilimi qırx milyon yerə bölsələr də,

Səsimi kəsdirsələr də qatarların səsi ilə

Yıxılmayacağam Qulmarza...

Yıxılmayacağam...

 

Bu şəhər çox unutqandır,

Bu şəhər duzu yeyib, duzqabını sındırandır.

Həmədan torpağından düzəltdiyimiz səngərin arxasındayam

Savaşıram bütün şəhərlə.

Bir mənəm, bir də heç zaman deyə bilmədiyim sözlərim...

Açılan güllələr deyil, sözlərimdir,

O uzaqda yanan alovu görürsənmi?

Tarixin odunu deyil Qulamrza,

            dilimin ucunu göynədən közlərimdir.

Bu səngərin arxasında şəhid olsam

İntihar sənədi düzəldəcəklər oğlumun adı ilə...

 

Babək, Babək, Babək, Babək...

Sən xəyanət toxumu ək.

Onsuz da vətən hər zaman,

Qəhrəmanlar becərdəcək...

 

Bu şəhərin qəhrəmanını Afşin satmadı Qulamrza,

Babəkin qollu əlində roman yazan qələmi imzaladı.

Sənin öldürdüldüyündən sonra

Sənin intiharına ssenari yazdılar başı taclı Əbbasi Xilafətləri...

 

Tarix təkrar olur, Qulamrza!

Tarix təkrar olur, Qulamrza!

Tarix təkrar olur, Qulamrza!

Tarix təkrar olur, Qulamrza!

Tarix təkrar olur, Qulamrza!

Və mən tarixi təkrar edən tarixçilərin qələmləri ilə güləşirəm.

 

Dilimin ucuna dağ basırlar, susuram...

Dilimin ucuna dağ basır...

Dilimin ucuna dağ...

Dilimin ucu...

Dilimin ucu göynəyir Qulamrza, susuram.

Dərdimi unudum deyə içirəm hər gecə,

Hər gecə səni öldürtdürənin adını kağızlara qusuram:

Padism...

Şahism...

Şahpadism...

Faşism, rafism...

Rafişm...

Faism...

Fasism...

Farsism...

Fasşosism...

Tacpadism...

İsm... İsm... İsm...

Bağışla Qulamrza,

Dilim damağıma dəyəndə yanıram

Bağışlanmasam da

Məni bu şəhərin heç zaman açılmayan kirpiklərinə bağışla!

 

Ah Qulamrza...

Burdakı qulaqların pərdə arxasında saxta tarix yazdılar

Şeirimi eşitməsinlər.

Burdakı gözlərin içində günəşi doğdurdular,

Qaranlıqda çapalamağımı görməsinlər...

Səngərin arxasındayam, susuram

İçimdə titr olunan sözlərimi qusuram Qulamrza!..

 

Təcavüz

 

Saxlayın saatları şahzadələrin belində

Dəqiqələri bakirə zamanın gözlərində.

Otağın örtülmüş pərdələrini görürsünüzmü?

Saniyələrdir onlar,

Məni özündə gizlədən saniyələr.

Doğuluram saatlarla dəqiqələrin arasında,

Saniyələrin arxasında...

 

Məryəmin büstqalterini erkəklərin beynində tikmişəm,

Dülgərliyi İsaya mən öyrətmişəm;

Başı öz işinə qarışsın, həzyan deməsin!..

Dubayda şərabam, süzülürəm Məryəm Məcdəliyyə üçün

Masaların üzərinə düzülürəm...

"İçin, için, için məni içilim" deyirəm içimdə mən,

İçir, içir, içir məni Məryəm, içilirəm.

Bu mebeldən, o yatağa keçilirəm

Qana bürünürəm otaqda, kiçilirəm.

 

Hələ də körpülərin altında şeir yazmaq keçir xəyalımdan,

Məktəblərin zirzəmisində qaraldıram pink rəngli çiçəkləri hələ də.

Hələ də böyüyür uşaqlar,

Hələ də orta məktəb, ali təhsil,

Hələ də universitetlərin zirzəmisi,

Hələ də kapitalizmlərin kapitansız gəmisi

Keçir xəyalımdan;

Düşüb qaldığım əfəndilərin tikanlı zəmisi.

 

Bakirə düşüncələrə silah çəkməyim

Günəşi güllələməyim,

Ayı dilim-dilim bölüb ulduzlara yedirtməyim,

Ulduzların dişini qanaltmağım,

Keçir xəyalımdan.

 

Pərdələri odlamayın lütfən,

Xəyalımda həbs olunanları ifşa etməmişəm hələ də!..

 

Səndən sonranın balladası

 

Sən getdin...

Uçmağa tələsdilər sinəmdəki quşlar

Qandallı idi ayaqlarım

Ayaqlarımı bağlamışdı soydaşlar.

Arxanca qaça bilmədim,

Eh... Quş olub uça bilmədim!

Addımların səssiz,

Gözlərim çəlimsiz...

 

Sən getdin...

Dilimdə alovlanan Rübabənin səsi idi,

Küçədə ildırım səsi duysan göylərdən

Çətirini açma dəniz gözlüm, yağış yağmayacaq,

Bu səs, boğazımın həncərəsi idi.

Getmə dedim, getmə, qal!

Ayaqların yalındır,

Bitib yollarda qanqal...

 

Sən getdin...

Gecələr getdiyin yollarda tükəndim,

            Bitdim...

Endiyin pillələrdən endim,

Səni uzaqlara götürən qatarlara mindim.

Yoruldum sənsiz yolların yolçuluğundan,

Əyildim,

Qatarı sürənə dindim:

"Saxla! Qatardan düşüm,

Bu qatar mənə düşmədi."

 

Sən getdin...

Getdiyindən kədərim dolğun,

Gözlərim axşam günəşi kimi solğun.

Pəncərənin o tərəfində yağır qar,

Bu tərəfində donmuş bir sağır var.

Ürəyi hələ bahar...

Bahar ürəyində qızışan sənsən yar...

Getdin, dolmadan gözün,

Sənin yerinə ağlayıram əfəndim,

Otaqda Rübabənin səsidir hüzün.

 

Nəşəli küçədən nəşimi götürdülər,

Səni itirdiyimi anlamadı qonşular,

Hayıf... Məni itirdilər...

Sən getdin...

Getdin...

Getdi...

Get...

 

İlanlar və insanlar

 

Mən bu gün,

Unutdum arxada buraxdığım dərdimi,

Sən isə buraxdın dəyişdiyin dərini -

Nə bilim!

Hansı meşənin ortasında.

 

Dərdim, cırıq paltarlarım idi uşaqlıqda

Onları soyunub asqıdan asdım.

Böyüdükcə, böyüdü dərdlərim də

Asqıdan götürüb geydim, böyüklüyə ayaq basdım.

 

Sənin dərin dəyişiləndə iniltini duymadılar,

Səni öz sevdiklərin dəyişilmiş görəndə

Yanlarına qoymadılar.

Mənim dərdim böyüdükcə

Sevdiklərim kiçildilər, daha məni saymadılar.

 

Sən dərini tənhalığında soyundun,

Mən dərdimi tənhalığımda geyindim

Yağışın altında ağlayım deyə küçəyə çıxdım...

 

Günəş

 

I.        

Yağan yağış idin sən,

Mən isə qucağında yoğurulan palçıq.

İkimizi də günəşin gözü götürmədi!..

 

II.       

Aya deyin;

Süzülüb getməsin göy üzünün lentindən.

Oduna gedən erkək qəhbəmanlar var bu gecə...

 

III.     

Misirdə ibadət olunan günəş,

Burada idi, iki saat öncə.

Odunlar yuxusu görmüşdüm gecə,

Yerimdəcə,

Qıvrılıb gərnəşirdim.

Və günəşə lənət deyirdim

Doğulduğuna görə...

 

IV.     

Quyudan çıxardın günəşi,

Təcavüzkarın cəzası bu deyil

Tarix boyu yaşamaqdır.

 

Gecə ilə gündüzün duellosu

 

Gecədir,

Başını masaya söykəyib yatır

Oyanış kitablarını oxuyan savadlılar, gecədir...

Sən onların laylasını de,

Mən R.T-nı öldürənlərin önündə dayanmaq istəyirəm.

 

Gecədir,

Göy üzündə raketlər uçuşur, gecədir...

Dilində çiçəklənən şüarlarınla,

Başını qat siyasətçilərin,

Xəritədən sərhədləri silirəm.

Sən qırmızı bayrağını aç, küləyə tapşırmışam

Mən onların bayraqlarına whiteX? tökəcəyəm.

 

Gecədir,

Sevincimizin üstünə bayquş qonur, gecədir...

Aç, aç, o pəncərəni, önündə dayan

Qat, başını qat ulduzların

Yer kürəsini oğurlamaq istəyirəm...

 

Gündüzdür,

Ulduzların intihar etdiyi,

Siyasətçilərin günəşlənə bilmədiyi gündüzdür...

Qəzetlərdə fotoqrafım çıxır qolu bağlı,

"Dünyanın oğrusu tapıldı" titri ilə!

Məhkəmədə R.T ilə qarşılaşıram,

Ölmədiyini görüb gülürəm üzünə,

Ağlayır üzümə...

 

Gündüzlə gecənin arasıdır.

Küçədə etiraz etmə, qaç,

Siyasətçilər anlamayacaq dilini...

Pəncərəni bağla, ay işığı otağına dolmasın,

Ulduzlar ağ bədənini görməsin...

Pəncərənin altından keçəcək terroristlər

Oyanış kitablarını zibilə at,

Terroristləri görməyəsən deyə, yat...

 

Boğazıma düşən ipin yarası ilə gömüləcəyəm bir azdan,

Günəşi doğmağa itələyir kimisə.

Gündüzlə gecənin arasıdır,

Üzülmə canım, üzülmə

Boğazımdakı ip yarasıdır...

 

Gedişinin epiloqu

 

Hər şey tamam, gedirsən!

Eşikdə buludların təpərsiz gözlərindən xəyanət yağacaq

Eşikdə torpaq olub ayağının altında

            dişini ağardan qancıqlar qalacaq,

Get, eşikdə sənin istədiklərin olacaq!

Get, eşikdə gözlüyün deyil,

Gözlərin oğurlananda bu şeirimi anlayacaqsan!

Gedirsən, oxuduğun o kitab yarımçıq qalacaq

Sənə çox yalvardım getmə, qal

Gedirsən, bitməyəcək baxdığın o yeni seriyal.

 

Hər şey tamam, gedirsən!

Bir ovuc göz yaşını belə hədiyyə etmirsən!

Qapını çırpıb getməyinə baxma əzizim,

Evdən getsən də, ürəyimdən getmirsən!

Ah... Sabahdan hər şey sənsiz başlayacaq.

Sabahdan sınıq saxsılardakı güllərə su verməyə halım olmayacaq

Sabahdan posta paslı qapımı açmağa hırım qalmayacaq!

İndisə tələsirsən, get,

Uşaqlıqda yalan dedilər "yıxılan böyüyər"

Lütfən, ayağının altına diqqət et

Yıxılarsan, canım inciyər.

 

Heç nə söyləmə, get!

Eşikdə səni gözləyir Məryəm Məcdəliyyəliyinə daş atanlar,

Eşikdə səni gözləyir qolundakı qaranquşa sataşanlar.

Eşikdə başının üzərində uçan ulduz deyil, raketdir,

Eşikdə müharibə, eşikdə izdiham

Eşikdə səni öpəcək sevdiyin birisi var bu axşam.

Lütfən, pomadanı evdə unutma!

 

Hər şey tamam, gedirsən!

Bir azdan etiraza başlayacaq binadakı pillələr,

Bir azdan əsəbiləşəcək pəncərədəki şüşələr,

Bir azdan kor olacaq başım üzərindəki lampalar,

Bütün xatirələri barmağından çıxardıb masaya atırsan

"Getmək olar?" deyib tələsirsən.

Durma, get,

Olar əzizim, olar.

 

Hər şey tamam, gedirsən!

İçimdə çat götürəcək arzularım!

İçimdə gül açacaq təzəcə sağalmış yaralarım.

İçimdə... Ah... İçim "getmə" deyir,

Amma sən, geri dönmə get.

Oy... Lida...

Səndən sonra susqunluqda yaranan dərdəm,

Get, arxanca su səpməsəm, namərdəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!