Adil Mirseyid üçün...
Hər şeir yazanda,
səni sətirlərin arasında görürəm,
gülürsən, baxırsan -
yəni varsan.
Amma əslində yoxsan,
sətirlərin arasından başqa
heç yerdə görünmürsən,
gülmürsən,
sevinmirsən,
ağlamırsan -
yəni yoxsan.
Şeir yazmaq belə bir gözəllik, dostum,
dostum,
əziz dostum.
Bütün şeirlərim sənə ismarlanmış kimi,
bütün susqunluğum
səninlə danışırmış kimi,
bütün zamanım səninlə keçirmiş kimi.
Bitmək bilməyən qaranlıqların içində
işıqsan, deyirəm.
nursan, deyirəm,
bəs niyə bu qədər yaxınsan,
bu qədər uzaqsan? - deyirəm.
...Hər şeir yazan kimi
sətirlərin arasından boylanırsan,
yaxşı ki, bu gözəllikdə, -
şeir kimi varsan,
şeir kimi varsan!
Bir ovuc
Dodaqlarımda iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.
Hərfləri tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki,
ayağımın altında yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.
Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü şeirlər yazıram bir ovuc suda...
bir ovuc adamlar qalıb oxumağa.
Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
Kim dünyanı sevdisə...
Başqa bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan
çəkib, yığıb gedəsən.
Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı başqa adamlar,
başqa həyatlarıyla?!
Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
Sol
Küləklər də sol tərəfindən əsir adamın,
yağışlar da soldan yağır.
Atılan daşa sağ çiynini döndərirsən,
daş da sağdan adlayıb sola dəyir.
Və kürəyindəki yükləri sanma kürəyin daşıyır,
sol tərəfin daşıyır o yükləri də,
o sancıları, o ağırlıqları da.
Hara dönsən, sol tərəfindi...
sağından vursalar da,
adam solundan ölür.
Yuxu
Oyandım, sübhədək yata bilmədim,
bu gecə taletək qarışıb yuxum.
İşığa danışdım, suya söylədim, -
yenə də canımdan çıxmadı qorxum.
Deyirlər, tərsinə yozular yuxu,
bilmirəm, yalandı, ya doğru, Allah!
Bu gecə yuxumda rüşvət görmüşəm, -
mənim sabahımı sən qoru, Allah!
İyun, 1990-cı il
Yaşamaq dərsi
Daha sıxılmaqdan qorxmayır gözüm,
sıxılıb-sıxılıb polad olmuşam.
Daha yıxılmaqdan qorxmayır dizim,
yıxılıb-yıxılıb, yenə durmuşam.
Çoxunun kölgətək izində bitən
çilçıraq ömürlər aramır məni.
Axı, var-dövlətin içində itən
o çirkab ömürlər yaramır mənə.
Əzəldən ehtiyac içində yandım,
ehtiyac içimdə odlanır yenə.
Qayğıdan doğulan Sabahım, Salam!
Əzablar yaşamaq öyrətdi mənə...
Nəvələrim Adəmə,
Mikayıla, Vahidə və Nisaya
Səhərlər uşaqlar üçün açılmalı,
gecələr uşaqlar üçün
nağıl kimi düşməli,
həyat uşaqlar üçün var olmalı.
Qış qarıyla,
yaz çiçəkləriylə, quşlarıyla,
yay oyunlarıyla, günəşiylə, dəniziylə...
payız rəngləriylə, bar-bəhəriylə
uşaqlar üçün gəlməli...
Bütün gözəlliklər
sevincləriylə, sevgiləriylə
uşaqlar üçün olmalı.
Bircə ölüm uşaqlar üçün gəlməməli!..
Vaqif Səmədoğluna
İyirmi birinci əsrə keçəcəyik bir azdan, -
keçmək olmur Arazdan.
Vaqif Səmədoğlu
İyirmi birinci əsrə keçdik, Şair,
iyirmi birinci əsr İyirmi yanvardan
keçib gəldi bu şəhərə -
şəhər qan içində çıxdı səhərə.
Yağan yağış yuya bilmədi
küçələrdə qan izini,
biz o gecə gördük
iyirmi birinci əsrin gerçək üzünü.
...Gün gəldi tikanlı məftilləri qırıb
keçdik Arazı,
keçdik o taya -
qara çadraya bürünmüşdü Təbriz...
Bundan öncə Təbrizi
xalça naxışlarında,
miniatürlərdə görmüşdük biz.
Miniatürlərdə gördüyümüz şəhərə
bənzəmirdi Səttarxanın, Şəhriyarın şəhəri...
Təbrizin yolları dolanbadolan,
Təbrizin pəncərələrində
yüz əlli illik ayrılıq kədəri.
Ərk qalasının divarlarında
şəhidlərin qan izi,
Təbriz əzan səsləriylə qarşıladı bizi.
Arazı keçdik, Şair,
Arazı keçdik,
Təbrizin suyunu içdik, Şair,
Təbrizin suyunu içdik -
amma Təbriz torpağında
bir çinar ağacı əkə bilmədik,
üzü gündoğana baxan
bir ev tikə bilmədik...
Xoşbəxtlik
Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə...
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli -
biri güləndə,
biri ağlamamalı.
Xatırla
Xatirələr yaralıdı, dəymə heç,
dərd qapısı aralıdı, döymə heç,
istəyirsən... mənə bir şey demə heç,
ara-sıra bulud-bulud xatırla.
Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən sal, gedək,
istəyirsən... xəyallarda qal, gedək,
ayrılığı umud-umud xatırla.
Kimsə itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın əllərim,
sonra məni unut, unut, xatırla.
Təkcə sən
Başqa şəhərdəyəm...
başqa adamların arasında,
ömür ötürürəm ayrı küçələrdə.
Ayrı sabahlara dururam,
ayrı axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.
Başqa havalardayam,
ay başqa,
gün başqa,
mən başqa.
Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim kimisən.
Məndən savayı
Dincəl, o gəlməyən günlərdə dincəl,
incəl, üzüldüyün tellərdə incəl,
indi düşünürsən, boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı?..
Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın bu bəm harayı.
Atlan, ürəyimin başından atlan,
gördün qış sərt keçir, qışından atlan,
çırman, gözlərimin yaşından atlan,
gör hara düşürsən məndən savayı.
Avqust, 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!