"Retro" kafesində naməlum adam
Taleyə boyun əyənlərin yığışdığı çayxanada
qədimi aktyorlar,
nimdaş rejissorlar
günlərini keçmişə səyahətlə keçirirlər,
sanki "Yada düşər xatirələr" verilişinə çəkilirlər.
Qoca bir şair ədəbiyyata gəldiyi günü
bəlkə mininci dəfə xatırlayır,
"Çubuş"dan içdikcə ayılır,
ötən əyyamlara bayılır,
Kəbirlinski bu dəfə
nərdtaxta üzərində bəxtini sınayır,
zərlər onu "dü bir"lə mükafatlandırır,
əsəbindən ağlayır
epizodik rolların mahir ifaçısı,
teatr tənqidçisi imiş
bu kafenin çayçısı,
cib kəsməkdə mahirdi qayçısı,
aktyorlar məşqsiz oynayır burda,
həyat özü mizan verir bu tamaşaya,
sonra kənardan baxır bu qarğaşaya,
pərdə enir,
sərxoş şairin qoluna girib səhnəyə,
bağışlayın, çölə çıxarırlar...
Çayxorlar başlarını bulayıb
arxasınca baxırlar
tale oyununda uduzan zavallının...
Sən demə, o, heç şair deyilmiş,
İnkoqnito imiş...
Panik atak
Diaqnoz - nevroz,
taksidə kuryoz;
ünvana çatmamış atdım özümü
Fəhlə parkına,
sürücü zənn etdi dəliyəm,
kənardan baxa bilsəydim özümə,
görərdim ki, necə gülməliyəm...
Hardan tapdı məni panik atak?!
Hücuma keçir səbəbsiz qorxular,
içimdə bir səs elə hey çığırır:
sən bu mənasız qorxuya qalib gəl!
Təmizlə şüuraltı adlı zirzəmini,
odur qorxuların zəmini.
Sarıl bu gözəl həyata,
Son qoy panik ataka,
Odisseyə bənzə -
gözləyir səni İtaka.
İqlim dəyişikliyi
Onda Yer kürəsi cavan idi,
göylərin təvazökar dahisi
keşiş Evans
gecələr ulduz ovuna çıxırdı,
qalaktikaların hərəkət tempini
hesablayırdı,
Yer kürəsi molekullar cənnəti idi.
Yerdə inkoqnitumlar dolaşırdı,
göydə uçan boşqablar.
Teleskopun antennasına qonmuş
poçt göyərçinləri öz ifrazatları ilə
puça çıxartdı bütün fərziyyələri,
məlum oldu ki,
kainatın uşaqlıq şəkillərini
Günəş yandırıb.
Kosmik dövrün ikonası Laykanı xatırlayın,
Xruşşovun zavallı qurbanını,
bu sirrin izinə düşmüş köpək
elə ordaca canını tapşırdı
ağılsız kosmoloqlara,
münəccimlərin ehtiyacı vardı oftolmoloqlara...
İqlim dəyişir - Yer kürəsi özünü yeniləyir,
Dünyanın yaşını kim bilir?
Lövhi-məhfuzda gizlidir o sirr...
Pandora qutusu
Bütün pisliklər
dünyaya Pandoranın əliylə
yayıldı,
onun qutusunda bircə ümid qaldı -
kül altda köz kimi,
milyon illik toz kimi,
daşlaşmış söz kimi...
Dünyanı ikiyə böldü Pandora;
zülmət bir tərəfdə, nur bir tərəfdə,
xeyir bir tərəfdə, şər bir tərəfdə,
nə o tərəfdə dur, nə bu tərəfdə,
yaşa Ərafda...
Sülh çubuğunu
savaş tütünüylə dolduranlar
ləzzət alsa da tüstüsündən,
sən dünya üçün
bir Zəfər nəğməsi oxu,
bütün sərhədlərdən,
məntəqələrdən
səmaya pərvazlansın
göyərçinlər,
qoy Pandoranın qutusu
bütün pisliklərin məzarı olsun.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!