Şeirlər - Səyyarə MƏMMƏDLİ

 

 

Erməni adında ləkən var, dünya!

 

11 oktyabr, 2020-ci il. Tarixin yaddaşından silinməyəcək vəhşilik

 

Göyçədən Gəncəyə raket atıldı,

O doğma mahalım, bu, doğma şəhər.

Zəfər sevincimə zəhər qatıldı,

Viran olub çıxdı səhərə şəhər.

 

Göyçədən Gəncəyə raket atıldı,

Qanadı "Xocalı" adında yaram.

Tanrının ən böyük bəlasına gəl,

Ay yatmış insanı, körpəni vuran!

 

Birə-min artacaq indi qisasım,

Gətir qəzəbimə sən duruş, görüm!

Gücünü yatmışa göstərən namərd,

Döyüş meydanında gəl vuruş, görüm!

 

Sənin nə işin var axı, Göyçədə!?

Göyçə deyil, sənin məkanın gordu.

Sən var olmasaydın, vurulardımı,

Ələsgər yurdundan Nizami yurdu!?

 

Göyçə də mənimdi, Gəncə də mənim,

Sən hardan haranı nişan alırsan!?

Orda başa çatıb "100 illik" dövrün,

Bəlkə bunu özün yada salırsan!?

 

Biz özümüz bunu xatırlatmamış,

Ət ilə dırnağın arasından çıx!

Mənə tuşladığın namərd gülləni

Çevirib, o murdar gicgahına sıx!

 

Dözməyə məhkumsan sən də, bizimtək,

Uda bilmədiyin tikən var, dünya!

Təmizlə üzünü, sonra üzə çıx!

"Erməni" adında ləkən var, dünya!

 

Daş meşəlik

 

Qəbiristanlıqda düşüncələr

 

Daşdı ağacların, a daş meşəlik,

Yer tutmusan yerdə, daş adasıtək.

Durub baş daşları insan ömrünə,

Taleyin son hökmü, son nidası tək.

 

Bir zaman barmaqla göstərilənin

İndi ünvanını daşdı göstərən.

Bitən payız ömrü, yaz ömrü olsun,

Yerini buz kimi qışdı göstərən.

 

Qalmaqallılar da kiriyib burda,

Qərq olubdu hər yan bir lal sükuta.

Hönkürtü, hıçqırıq dəyib yox olur,

Dəmir qaya kimi bu sal sükuta.

 

Bu əbədi sonluq deyil dəyişən,

Gətirə bilməyib kim ki, nə yığıb.

Gündə bir ev alan, mənzil dəyişən

Burda özü boyda "mənzil"ə sığıb.

 

Kiminsə yoluna daş diyirlədən,

Burda əbədilik daşlarda donub.

Bir kəsə zərrəcə yaxşılıq edən,

O kəsin qəlbində heykəlin yonub.

 

Haqq dünyasındadır, bir nəfər kimi,

Haqqa gəlməyən də, gələn də burda.

Kiminsə haqqına girib bir zaman,

Sonunu bilməyən, bilən də burda.

 

Bu yerin üstündə, göyün altında

Kim nə cür yaşasa, yeri buradır.

Üstdə hamı "bir"dir, amma bilinmir

Torpaq altda kimin yeri haradır.

 

Dünyanın gedimli yeri buradır,

Kim deyər ki, daha say artmayacaq?

Amma min təəssüf, körpə fidanlar

Çıxıb daş altından boy atmayacaq.

 

Yerin nə genişdi, a daş meşəlik,

Yerdə yer tutmusan, daş adasıtək.

Durub baş daşları insan ömrünə,

Taleyin son hökmü, son nidasıtək.

 

Zamanla yolçuluq

 

Yol gedirik "Zaman" adlı minikdə,

Kimsə bilmir harda, nə vaxt düşəcək.

Kimin "yolçuluğ"u keçəcək necə?

Kimə nə şans, kimə nə baxt düşəcək?!

 

Yol gedirik dayanmadan, beləcə,

Yatanda da, duranda da... gedirik.

Daşdan-daşa dəyəndə də başımız,

Həyat bizi yoranda da, gedirik.

 

Gedirik, biz tale dolu yük ilə,

Dizi yerə qoyanda da, gedirik.

Uğurlardan qanad açıb uçanda,

Yerimizdə sayanda da, gedirik.

 

Ən çətin, keçilməz yollardan keçər

Doğulandan mindiyimiz bu minik.

Nə kimsəni fərqləndirər, nə seçər

Tək yoxluğa endiyimiz bu minik.

 

Biz bir ömür gedəcəyik, o isə,

Bizdən qalan izlə, izsiz gedəcək.

Adamlardan kəm-kəsiri yox onun,

Dayanmadan, bizlə, bizsiz gedəcək.

 

Yol gedirik "Zaman" adlı minikdə,

Ünvanı sonsuzluq, yolu öz yolu.

Hər şey dəyişəndir həyatda, yalnız

Dəyişməz zamanın hamar, düz yolu.

 

Kəlağayı

 

Bu günə Oğuz-türk elindən qalıb,

Nənələrin bəyaz telindən qalıb,

Həya, ismətli qız-gəlindən qalıb,

Bizə əmanətdi bil, kəlağayı.

 

İncəlikdə zərif çiçək ləçəyi,

Daha göyçək edər başda göyçəyi,

Ürkək nəvazişlə örtər birçəyi

Narıncı, qızılı, al kəlağayı.

 

Sevgi butalıdı, ar haşiyəli,

Var güllü, naxışlı, var haşiyəli,

Zərif dənəcikli qar haşiyəli...

Olar hər naxışdan bol, kəlağayı.

 

Görən milliliyi uzaqdan seçər,

Onu örtən, başqa bəzəkdən keçər,

Elə incədir ki, üzükdən keçər,

Açılanda yamac, yal-kəlağayı.

 

Zərif kəpənəkdir başda duruşu,

Gül-çiçək qızlarda bitər uçuşu,

Fərqlidir onun hər yaşda duruşu,

Keçirir neçə hiss, hal kəlağayı.

 

Təbiətdən gəlir ondakı boya,

Onnan olmayacaq, olmayıb doyan,

Hər çıxan dəbləri kölgədə qoyan,

Ən nəfis, ən qədim şal-kəlağayı.

Bizə əmanətdi bil, kəlağayı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!