Yetəcəm
Sənə yetmək nağıldan da betərdi,
Mən, deyəsən, elə belə yetəcəm.
Çəkəmmirəm, ömür bura qədərdi,
Günlərimi silə-silə yetəcəm.
Yetən gedib cənnətinə yetdi ta,
Axtardığım bir ömürlük itdi ta.
Bundan sonra tam olmağım getdi ta,
Damla-damla, gilə-gilə yetəcəm.
Göydə idin, gedəmmədim mən sənə,
Pərdə çəkdi duman mənə, çən sənə.
Yaşayaraq yetəmmədim mən sənə,
İndən belə ölə-ölə yetəcəm.
Eyləmədi
Tapdım gözlərimdə bəxtin ağını,
Arzum həsrətimnən baş eyləmədi.
Mən gördüm ürəyin ağlamağını,
Ağladı, bir damla yaş eyləmədi.
Bir ömür çırpındım, qoymadı fələk,
Razıydım, qürubda üz-üzə gələk...
Nə ürək adına qalıbdı ürək,
Nə də ki biryolluq daş eyləmədi.
Çəkdiyim həsrət də mənə harammı?..
Mən nəyəm... həsrəti çəkən yarammı?..
Bilmirəm, heç görsəm, tanıyarammı,
Tale göstərəydi kaş... eyləmədi...
Bitdi nağıl ömür nağılsız kimi,
Röyaymış - şəkərsiz, noğulsuz kimi.
Vüsal gözləyirdim ağılsız kimi,
Ömür bircə dəfə tuş eyləmədi...
Olacaqsa...
Ağrım səndən gəlir... Allaha şükür,
Qoy gəlsin, xoş gəlir, nə olacaqsa...
Dərdim bəs eyləyir, heç nə dəyişməz,
Sevinci nə qədər kəm olacaqsa...
Bəlkə bu günahı savab bilərəm,
Onu hər müşkülə cavab bilərəm.
Qədərə min şükür... Gülab bilərəm
Üzümə çilənən qəm olacaqsa...
Dünya başdan-başa ağrı, qəmdimi,
Ürəyim dərdindən suçəkəndimi?!.
Dəyişməm şeirin möhürbəndini,
Sonuncu qafiyə sən olacaqsa...
Gəlsin
Eşqin ayrılıqdan keçən yolu var,
Keçimmi... ayrılıq havası gəlsin.
Bu eşqə göylərdən fərman verilib,
Tanrım, aç sirrini, mənası gəlsin.
Bu ömrün sonudu - bu eşqin sonu,
Əllərim alovun içində donur.
Yerlərmi, göylərmi yaratmış onu?!
İnsan yaradıbsa... anası gəlsin.
Gecə gördüyümü danışdım suya,
Gözümə gəlməkdən usandı röya.
Yandıra-yandıra gəlib dünyaya,
Varmı məndən gözəl yanası?.. gəlsin.
Üzündəki
Mələk simasından yandıq bu ömrün,
Gəl, - deyə çağırır gör, üzündəki.
Bəlkə göy üzündə bir tərəfi var,
Niyə əsir edib yer üzündəki?!
Əynində çuxası dərdin əlində,
Nə zaman çıxası dərdin əlindən...
Bu ömrün yaxası dərdin əlində,
Hələ də açılmır sirr üzündəki.
Ağrıya, acıya heyran kimidir,
Yaşaya bilirsən, meydan kimidir,
Gəldim, gələn gündən şeytan kimidir,
Gözümə dəymədi pir üzündəki,
Bağrımın başını dələr var, Allah,
Arzusu, istəyi mələr var, Allah.
O biri üzündə nələr var, Allah...
Hələ gördüyümdü bir üzündəki.
Hər gecə bir şeir qırılan ömür
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
Çiçək ömrü kimi qırılır elə,
Kim deyir, nəyisə itirmək asan?
Mənim itirdiyim bir yana hələ,
Sən bu ayrılıqdan nə qazanmısan?..
Nə qəm ki, yuxuya bənzəyir eynən,
Fələk qapımızı daşlayan kimi.
Bir də baxıram ki, səni deyirəm
Misranı sevgidən başlayan kimi.
Sən bu viran ömrün harasındasan,
Həsrətinin dadını kimdən dadmışam?
Sən adda möcüzə vardımı yerdə,
Yoxsa şeirlərnən mən yaratmışam?!
Gerçək olduğunu mən belə bilməm,
Xəyal kimi sevdim, daha nə kimi...
Sonra danışarlar, fani dünyaya,
Səni saxlayıram əfsanə kimi.
Bu da yolayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
Şirin ağrı
Bu ağrı şirindir, bu əzab incə,
Bu sevinc payımdır sevinc yerinə.
Daha dəyişmərəm onu sevincə,
Məni qoyarsınız gülünc yerinə.
Qaraldı gözləri, sındı əlləri,
Diz çökdü bir əsim yelə, görmüşəm.
Göz açıb dünyaya gələndən bəri,
Sevinci bircə yol elə görmüşəm.
Dünyanın yolları qarışdı, aman,
Axtarıb tapıbdır sevincim kimi.
Bu ağrı boyuma ölçülüb yaman,
Onu qoruyacam sevincim kimi.
Bu ağrı nəçidi, bu əzab nədi,
Ömrünə-gününə çökənlər bilir.
Bu şirin ağrının şirinliyini
Bu şirin ağrını çəkənlər bilir.
Bu ağrı şirindir, bu əzab incə,
Bu sevinc payımdır sevinc yerinə.
Daha dəyişmərəm onu sevincə,
Məni qoyarsınız gülünc yerinə.
Nəvəm Safiyaya
Dünya elə də pis deyil,
Bir az göyçək tərəfi var.
Sənin kimi gül tərəfi,
Bir az çiçək tərəfi var...
Möcüzədi gəlməyin də,
Şipşirincə gülməyin də.
Anlamağın, bilməyin də
Bir az ürək tərəfi var.
Andım, imanım CANında,
Pərvanələrin yanında.
Sən ağlama, babanın da
Bir az kövrək tərəfi var.
Sən məni hamıdan yaxşı unutdun
Nə sevdin sevəntək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.
Neyniyər dodağım şəkəri, qəndi,
Ürəyim payıza, bahara yatmaz.
Daha nə əllərim tumar çəkəndi,
Nə də ki, tellərim tumara yatmaz.
Nə sözün üstündən söz deyəsiyəm,
Nə də bacarmaram, nəyisə danam.
Ömrün sonunacan gözləyəsiyəm,
Məni tanıyırsan, həmin oğlanam.
Dünyanın yolları sevinc qarışıq,
Yolların dünyası müsibətiymiş.
Bir gün məhəbbətdən biz yaranmışıq,
Bizi öldürən də məhəbbətiymiş.
Nə sevdin sevəntək, nə üz çevirdin,
Adi təsəlliydin, adi umuddun.
Mən səni hamıdan yaxşı sevirdim,
Sən məni hamıdan yaxşı unutdun.
Göndərir
Qızlarım Gültac və Səyalıya
Elə mən də sizin kimi kövrəyəm,
Gəl ağlayaq, görərsiniz, eh, nəyəm.
Üstü-başı, dərdi-səri köhnəyəm,
Fələk vurur hərdən dişə, göndərir.
Ömür buymuş, yol qalmadı varmağa,
Bərə handa, özüm düşdüm qarmağa.
Ürək dağı... Meylim yoxdu yarmağa,
Nə olsun ki, gahdan tişə göndərir.
Kəsməyiblər, kəsilibdir amanım,
Nəyim var ki, nə gizləyim, nə danım?!
Bu ömürə nabələddi sarvanım,
Öldürmür ki, taxıb şişə göndərir.
Boyu batsın buxunumun-boyumun,
Çaşıb qaldım yarısında oyunun.
Gözləmir ki, külə dönüm, soyuyum,
Elə məni bişə-bişə göndərir.
Bir ömürə həmdəm oldu bu ahlar,
Eh, nə danım, şiriniydi günahlar.
Üzümüzə hər açılan sabahlar
Sizi dərsə, məni işə göndərir.
Bəlkə
Gəl görək, neynirik bu dünya ilə,
Yaz deyək, yandıran qışına, bəlkə.
Kimdir çəkən bizi əcəl toruna,
Özümüz keçirik dişinə, bəlkə?!
Gecikən, tələsən taleyə yarıq,
Elə bu qismətin rəngində varıq.
Bu qara günlərlə gedib çıxarıq
O ağ gecələrin tuşuna, bəlkə.
Qalsa, qalmayacaq, özünə qalsa,
Əllisinə qalsa, yüzünə qalsa,
Dağılıb gedəcək özünə qalsa,
Qarışaq dünyanın işinə, bəlkə.
Yarəb
Uçuldu xaniman, dağıldı oda,
Özün ki, yazmısan baxtımı, Yarəb!
Ömrün qalanına bir dəli sevda,
Sən bilən azdımı, çoxdumu, Yarəb?!
Göylərin ahına naləm qarışıb,
Hardasan, nəşəyə ələm qarışıb.
Bir az aşağıda aləm qarışıb,
Bizlərdən xəbərin yoxdumu, Yarəb?!.
Qaraca günlərdi, belə bax, tanı,
Ötüşən ömürdən adam utanır.
Yaşın bu vədəsi gələn butanı
Sənmi göndəribsən, haqdımı, Yarəb?!.
Məndən küsən şeir, inciyən şeir
Əzəldən yığvalı belədi, bəlkə,
O, məni qayğıya bələdi, bəlkə.
Üstümə yüyürüb mələdi, bəlkə
Məndən küsən şeir, inciyən şeir.
Axır beş kəlməyə yiyə çıxarır,
Ağlımı başımdan niyə çıxarır?..
Gecə kəndirimi "göyə çıxarır"
Məndən küsən şeir, inciyən şeir.
Göz açan bulağın gözünə bənzər,
Mən səni sevirəm, - sözünə bənzər.
İnciyib-küsməkdə özümə bənzər
Məndən küsən şeir, inciyən şeir.
Çöhrəsi nə qəmli, nə də ki, şəndi,
Bir də görürsən ki, məndən üşəndi.
O da bir mövzudu, göydəndüşəndi,
Məndən küsən şeir, inciyən şeir.
Bir gözəl nəğməsən ürəyim üçün...
Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan mənə?
Bilmirəm, qalmışam əlində nəyin,
Belə hər nədisə, hissim dərindi.
Qara gözlərində qara eynəyin
Bizim aramızda Xudafərindi.
Sənnən elə belə danışam gərək,
Özgə cür dinməyə fələk qoymayır.
Elə danışmağa bir arzu, istək,
Belə danışmağa ürək qoymayır.
Bir gün ağlamadım diləyim üçün,
Dərdim ulduzların göydəki sanda.
Bir gözəl nəğməsən ürəyim üçün,
Mən səni bircə yol oxumasam da.
Dünyaya ağ gəlir birinci günü,
Özünə min rəngi toxuyur insan.
Bəlkə doğmalığın ölüm hökmünü
Sevgi başlayanda oxuyur insan?!
Gah elə bilirəm, məndən uzaqsan,
Gah elə bilirəm, yaxınsan mənə.
Sənə neynəmişəm, zalım balası,
Eynəyin altından baxırsan mənə?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!