Şeirlər - Cavid Fərzəli

 

Bir axşam

 

Axşamın gözlərində küçə işıqları yerə dağılır,

kölgəmi dəyişir sənin addımların...

Təbəssümünü üzümə çırpır yağışlar.

Əllərim ağacların sonbeşiyidir,

barmaqlarım bahar gətirir sənə...

 

Qaranlığın içində

üşüyən bir körpə kimi baxıram sənə.

İndi səni sevmək,

            yağışlı günlərə can yandırmaqdır.

 

Yerişin küçələrin ürəyini tapdalayır,

ayaqlarını məsciddən asır müəzzin divarlar

Bu axşam yolunda.

Bəlkə də şam işığında xoşbəxt bir şöləydik.

Heyif, işıq selinə vurulduq.

Bax, bu yay gecəsi

əlləri sevişir çiçəklərin,

Gecənin rəngini dəyişir bənövşələr.

 

Gecənin kənarında

            sənin gözəlliyin yarasalara kordur...

 

Göyün çiyinlərində ayrılıq bitər,

Qanadlarını doğmaqdan əl çəkər göy üzü...

Qarşı küçədən gələn səsdə

ürəyimin hərifləridir ayrılıq oxuyan nəğmə.

 

Sinənin qabarında saçları yatır küləklərin,

Qollarım körpə uşaqdır.

Bağışla, qucağımı ata bilmədim yoluna!

Boz küçələr sevdiyini intihar iplərində əzizləyir.

Gedişinin içində su içir bir it,

dili qanayır sözlərimin,

Hər anım doğrayır buludların əsarətini...

 

Heyif, başını hər daşın

            üstünə qoydu ayaqlarımız...

Bir ağacın yuxusunu yarıda buraxdıq...

Qayıt.

Bir uşaq oyuncağını böyütsün...

 

 

***

Hər səhər küçələr

bozumtul sifətini gizləyib,

günəş libasını geyinir pəncərələrin...

 

Ağaclar həmişə xəyanət eyləyir kölgəsinə,

axı hər bahar öldürür çiçəyini.

Axı tək qalmaq,-

kölgələrə ləpir salmaqdır...

 

Rəsmləri qəhər daşıyır divarların,

qırmızı yağışlar gizləyir

            çiyinlərinin qovuşduğunu...

 

Sənin kədərini

Azan səsi oxuyur müti küçələrə.

Ayaqlarının kölgəsində böyüyür kor arzular...

 

Ay işığı örtür ucaboy gecələri,

təkgözlü pərdələr

            səndən ötrü yaşayır məhbusluğunu...

 

Ölü buludların içində

yaşayır göylərin evi.

Zamanın iplərini meh əsdirir,

küləkdən qopmuş musiqi

intihar nəğməsi oxuyur...

 

Ovuclarında gizlənən dəniz üzlü küçələrdə

bir qadın yağışdan qorxur,

bir kişi çətirində...

 

Daha sevilmək

əsarət çiçəklərində yaşayır.

Sevmək isə

azadlıq bəstələrində!

 

Gözəlliyini şəkillər doğrayır,

taleyini çörək çirkinləşdirir

fağır küçələrdə, qızım...

 

Xoşbəxt rəsmi varmı ağacların?

Hansı payızı göstərsən,

ürəyi ölü yarpaqdır...

 

Tanrı, sirr deyilsə,

sən də göstər cırıq şəkillərini, qorxma,

çünki hara ağlasan,

divara dönür göz yaşın.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!