***
Çox da gileylənmə soyuq havadan,
Çox da gileylənmə çiskin yağışdan.
Sən orda bir qırıq üşüyən kimi
Mən burda donuram soyuq baxışdan.
Yağışdan qorunmaq nəmənə şeydi?
Dünyadan usanma, həyatdan doyma.
Başında sıxlaşan buludları qov,
İçində günəşi sönməyə qoyma.
Gözümdə, könlümdə tutiya kimi
Var mənim hər cürə havam, - deyirəm.
Bütün ağrıları, acılarıyla
Bu alçaq həyata davam deyirəm.
Dəyişkən havadan üzülmə çox da,
Dəyişkən adamlar qorxudur məni.
Nə qədər istəsən, günəş göndərim,
Sən yolla bu yana dumanı, çəni.
Yolüstü görüşsün havalarımız,
Qaynayıb-qarışıb olsunlar birgə.
Günəşlə buludun qovuşmasından
Bizə də azacıq pay düşər bəlkə.
İstəsən ah çəkib yığım köksümə;
Deyirsən yağışlar yağır durmadan.
Gözümdə daşıyıb töküm Xəzərə,
Günəş gülümsəsin sizin səmadan.
Qəlbimi bir şeirə büküb yollayım,
Hər səhər bağçanda açan gül olsun.
Sizin havalar da, Nizami demiş,
Bərdə havasıtək mötədil olsun.
***
Ağlıma gəlməyən başıma gəldi,
Suçu nə özümdə, nə səndə bildim.
Dünyamı uçuran ilk zəlzələni
Titrəyib boğulan səsində bildim.
Tale sapandına qoydu bizləri,
Əsdi, taqətimim əsdi dizləri.
Bəxtimə yansıyan qara gözləri
Lalədə axtardım, süsəndə bildim.
Kim sevib unutdu kimin nəyini?
Kim kimə içirdi hicran meyini?
Məni ölümünə sevəcəyini
Həyata göz yumub küsəndə bildim.
Verdim bayqulara könül bağımı,
Göz yaşım söndürdü od-ocağımı.
Bu eşqə dastanlar yazacağımı
Bir zaman bu eşqə susanda bildim.
Dağıldı mərəkə, pozuldu oyun,
Hərə öz dərdiylə oldu qolboyun.
Mənə bir sevginin tutduğu toyu
Ölən sevgilərin yasında bildim.
Dil açdı saçımda gəzəndə əlin,
Gül açdı növrəstə arzun, əməlin.
Köksündə ürəyin, ağzında dilin
Xəzan yarpağıtək əsəndə bildim.
Kimlər ağlar günə qoydu vətəni?
Döndərdi könlümə boranı, çəni.
Qırx arşın quyuya sallayıb məni,
Sonra kəndirimi kəsəndə bildim.
***
Bəzən baş açmıram özüm özümdən,
Təzə rəng tapıram köhnə sözümdə.
Elə cilvələnir dünya gözümdə, -
Sanki gəncliyimlə tay-tuşam indi.
Qovğalar, qəzalar yanımdan ötər,
Hay desəm, mələklər hayıma yetər.
Şaha baş əyməyən dərvişdən betər,
Hamıdan həm uca, həm başam indi.
Dərədə dumanam, zirvədə qaram,
Nə qədər varımsan, - bu yolda varam.
Ətimi kəssələr, məhəl qoymaram,
Elə varlığınla sərxoşam indi.
Mən də yardan gələn qəmi sevmişdim,
Hicrana köklənmiş, acı yemişdim.
Həyata, taleyə üsyan demişdim,
Təpədən-dırnağa barışam indi.
Sevgi mizanında çəkdim hər kimi;
Kimi qadın kimi, kimi ər kimi.
Yanıb qurtarmayan səməndər kimi,
Külündən doğulan bir quşam indi.
Hardasan
İ.İlyaslı və B.Ataxallıya
Hardasan, yerini bircə kərə de,
Başının üstündə mələklərə de.
Soyuq yağışlara, küləklərə de, -
Nolar, gec də olsa, bilim hardasan.
Ay ömrüm, ağ günlər bizdən yan keçir,
Tufan da tək olan qovağı seçir.
Hamı bir-birinin qanını içir;
Burda tüğyan edir zülüm, hardasan?
Başımdan bu eşqi ata bilmədim,
Ha qovdum, taleyə çata bilmədim.
Bir zaman əlindən tuta bilmədim,
Durub ayağına gəlim, hardasan?
Necə alışmışam, necə sönmüşəm?
Yaralı qartaltək göydən enmişəm.
Allaha tapınıb, dinə dönmüşəm, -
Namazı səmtinə qılım, hardasan?
Sevgimiz dərbədər, dünyamız viran,
Zalımlar baş kəsir, əlində Quran.
Adamlar ev yıxan, ürək sındıran;
Gəl, qərib könlünü alım, hardasan?
Yoxmu bu dünyada isti bir bucaq?
Sevinc itgin düşüb, dərd qucaq-qucaq.
Tüstüsü təpəmdən çıxan bir ocaq;
Tutar gözlərini külüm, hardasan?
Sürüyüb bu ömrü başa yetirdim,
Bilsən, nə qazandım, nələr itirdim?
Tikanlar bəsləyib, kol-kos bitirdim;
Solmayan çiçəyim, gülüm, hardasan?
Fələyin gərdişi könlünə yarmı?
Sənin də qəlbində çovğunmu, qarmı?
Qumral saçlarından xəbərin varmı? -
Elə sızıldayır əlim, hardasan?
Guya yüz yol ölçdüm, bir yol da biçdim,
Asanı dənəyib, çətini seçdim.
Tənha yaşamağın dərsini keçdim, -
Gəlib qollarında ölüm, hardasan?
Hardasan, gəl, mənə bir az həvəs ver,
Bu ölgün bədənə can ver, nəfəs ver.
Ömrün qürubunda səsimə səs ver, -
Hardasan, hardasan, zalım, hardasan?
***
Dünən bir qarını dilənən gördüm,
Gen dünya başıma dar oldu yenə.
Bəlalı başını tikib aşağı,
Titrəyən əlini uzatdı mənə.
Bir az bu şəhərdə qərib kimiydi,
Bir az da anama oxşarı vardı.
"Xanım, burda durma, sənə yaraşmaz", -
Deyincə, ürpənib gözü yaşardı.
Baxdım üst-başına, ağ saçlarına,
İçim başdan-başa qana boyandı.
Bir anda tüstüsü təpəmdən çıxan,
Sanki hər gözümdə bir ocaq yandı.
Dəyişdi yerini qalaktikalar,
Dəyişdi yerini neçə dağ-dərə.
Kainat çatladı bünövrəsindən,
Heykəllər tut kimi töküldü yerə.
Buz kimi ovcuna beş şahı qoyub,
Tanrıdan özümə ölüm dilədim.
Oxuyub, yazdığım neçə kitaba,
Bütün insanlığa nifrət elədim.
Məscid-minarələr lərzəyə gəldi, -
Diksindim ucalan əzan səsindən.
Şeytana atılan daşlar yığılıb
Bir top gülləsitək dəydi sinəmdən.
...Get, ona salam ver, gözlərinə bax,
Gör, necə iyrəncdir saxta piarlar.
Bir qara qəpiyə dəyərmi, öyrən,
Riyakar alqışlar, yağlı şüarlar.
Get, dayan yanında peşə dostutək,
Soruş, ondan öyrən - kim, nəçisən sən.
Analar dilənən bir məmləkətdə
Milyonçu olsan da, dilənçisən sən.
***
Sən çıxmışdın gözəlliyin taxtına,
Mən kökləndim ayrılığın vaxtına.
Demə, halal qismətinə, baxtına
İki yağı, iki asi varıymış.
Mənmi oldum bulaq kimi çağlayan?
Sənmi oldun qan-yaş töküb ağlayan?
Bizi həm də bir-birinə bağalayan
Ürək dağı, könül yası varıymış.
Odlansaq da bir sevginin qorundan,
Keçdik neçə imtahandan, sorundan.
Ayrılıqtək bir hörümçək torundan
Son nəfəsdə can xilası varıymış.
Mən oxlara sipər etdim kürəyi,
Ayırmadım gərəkməzi, gərəyi.
Bir gün dinib-dincəlməyən ürəyin
Bir də gizli qanaxması varıymış.
Qolubağlı qulu olduq hür eşqin,
Ocaq eşqin, Kəbə eşqin, pir eşqin.
Yerə-göyə sığışmayan bir eşqin
Son döyüşü, son qisası varıymış.
Çevirsək də, durdursaq da zamanı,
Rəzalətdir, küdurətdir hər yanı.
Sevgimizlə arıtmadıq dünyanı, -
Gör, nə qədər kiri-pası varıymış.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!