Neyin badəsindən mey badəsinə - Taleh MANSUR

 

Ömrümün o üzü şad gəlir mənə,

Hökmdar taleyə vəzirəm, şərab.

Bu kefsiz kainat yad gəlir mənə,

Mən kefli bir dünya gəzirəm, şərab.

 

Gəlmişdim özümdə qonaq qalmağa,

Gedirəm özümdən uzaq qalmağa,

Sərxoşlar dözmədi oyaq qalmağa,

Mən hələ dözürəm, dözürəm, şərab...

 

Üzünü güldürən, qəmin olmuşam,

Sən yaxşı bilirsən, kimin olmuşam.

Dəryanda batmaram, gəmin olmuşam,

Qoynundan-qoynuma üzürəm, şərab.

 

Yapışdım buludun yaş ayağından,

Düşəydi damcılar, kaş, ayağından.

Daş asdım zamanın quş ayağından,

Tez keçən illərdən bezirəm, şərab.

 

Dəyməyin şairin bəy badəsinə,

Qoy axsın, sevgilər, hey, badəsinə.

Neyin badəsindən mey badəsinə

Gözümün yaşını süzürəm, şərab...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!