Şeirlər - Həmid HERİSÇİ

 

Əlvida, yay!

 

Gözəlim,

Velosipedimi yalnız sənin bomboz, bomboş, sifətcə naxoş

Divarına söykəyərdim,

Etibar edərdım.

Bu yayı bir mən hiss etdim,

Bir də divarlarından asılıb tam quruyan üzərliklərin.

Bu mələklərin.

Səni velosiped zəngiylə səslədim...

İstidə, sakitliyini pozardım həyətinizdəki

bütün kərtənkələlərin.

Səninçündü bütün karqo, pitsa sifarışlərim...

Üstüaçıq yay kinoteatrları üçündü

yaşadığım bu məhəbbət, bu yay,

bu film,

Kipriklərini titrədən bu ritm.

Divara sürtünən əncir yarpaqlarının səsində

hiss etdim

kim olmalıydı musiqi müəllimim.

Darıxdım, Mark Tveni bir də vərəqlədim.

Təkrarlandı eynən, Tom Soyer, Huckleberry Finn

sərgüzəştlərim.

Yay da Bakıdan gedirdi, mən də Bakıdan gedirdim.

Təbriz eşqiylə titrəyirdi

Avtomobil spidometrimdəki bütün rəqəmlərim.

 

Təbrizə bilet

 

Dərmirəm ağacımdakı

Son alçanı,

Sərmirəm yerə yarımçıq xalçamı

Harda Tanrı

əl saxlayıb,

İnsana tapşırıb işin yerdə qalanını,

Filanını.

Gurultulu-gurultusuz finalı.

Dövlət çevrilişi planını.

Harda oğrulara halaldı

Mərkəzi bankın əyalət filialı.

Harda hələ də yaşayır Həmşəri palanı.

Harda neft quyusunda ölür Abdulla Şaiqin Qurbanı...

Eşit mənim ifamı.

Aç falımı.

Bu 65 yaşlı kino serialımda,

Kölgələrin sevişdiyi kino zalımda,

ən ağır, əlacsız halımda,

Xırıltılı, cırıltılı musiqi valımda,

Təkcə musiqimi, caz ritmimi,

Can ritmimi yox...

bənzərsiz söyüşümü də eşidəcəksiz,

Tam orijinal ifamda!

Mənim Həmşəri palanımda.

Təbrizə bilet almalıyam.

Mən qayıtmalıyam.

Budur ancaq mənim qafamda.

Yazışdığım elektron çatda...

Day uzatma.

Kölgəm məndən ayrıldı.

Baxdı öz WhatsAppına,

Uydu xəyalların ən həssasına,

Getdi bilet kassasına.

 

 

Berlində dönərçi

 

Osmanlı girirdi Avropaya yeniçerilərlə.

İndikilər girir dönərçilərlə,

Eyni əyri xəncərlə

vuruşdular qırmızı xaçlı səlibçilərlə...

Razıyam, dönərçidən tamam başqa cür görünür

Qarşımızdakı qotik kilsə.

Dönərçilər

Əlləri əsə-əsə

cəmdəkləri,

Elə bil anasının əmcəyini kəsə-kəsə

Berlində qəfil dönürlər

yeniçeriyə...

Sonra tez də qayıdıb geriyə

Dönərçiyə...

Tarix həmişə seçiləcək yaddaqalan bu at gedişiylə,

Bu yad gedişiylə,

bu oyunbaz tvistiylə.

Bunu görən britaniyalı bir turistlə.

Twitterdə

yazılmış bu qısa twitlə.

Axırı göyərçinlərə, dönərçilərə

yem olan bu mənzərələrə

Heyifslənmə.

azaldıqca polislə

arandakı qısa məsafə...

Yadima düşür

"Qırmızıpapaq qız və canavar"

            nağılındakı bilirsənmi, hansı hissə?

Hə....burda qədim əfsanələri

Yaxşı qurudurlar,

Yaxşı verirlər hisə...

Əsla döndərmədən şerə.

Avtomobilim isə ilişib qalıb tərslikdən

avtoservisdə...

İllərlə Avropada, bax, bu cür işlə...işlə.

Xərclə pulunu, xərclə.

Dönərini dişlə.

Yeniçerilərin ruhu qismət oldu

Dönərçilərə.

 

Təbriz, yoxsamı See Breez?

 

Bir dəfə

cinlə görüşmək istədim...

Dedilər, get Qəbələdəki "Nic" kəndinə.

Adını tərsinə oxu...

Cin, mütləq danışacaq səninlə.

Dedim tərsinə...

Cin vurdumu? Gün vurdumu təpəmə?

Dedim cəkinə-çəkinə:

Qayıtmaq istəyirəm Təbrizə...

Cin güldü... dedi: indi hamı gedir See Breezə.

Dedi, sən gəlib çatıbsan filmin son titrlərinə.

Son izahsız, titrəmələrinə,

Həyatın əsas ritminə,

Əsas filminə.

"Axirət sevdası" deyirlər buna bizim ucqar kəndlərdə.

"Get evə" deyirlər buna, adi dildə

bizim həyətdə...

Bu, ölümlə sevişməkdi Freyd terminlərində.

Bu, Tanatosdu,

Ölüm sonatasıdı.

Türkiyənin bir bankası

Sığortalayır insanın bu son sevgi şansını,

Həyatın bu son sovxasını,

Yeməklərin ən dadsız bu horrasını.

Azercell, Bakcell məhz bu vaxt yoxlayır

telefonunun son balansını.

Hansı

aptekə, klinikaya götürəcək səni

ümidlərin bu ağ ambulansı?

Həə...belə bir şerim var daxili aləmimdə.

Hələ onu yazmamışam,

Hələ ki öz dilimdədi, öz dilimdə.

Onu yazacam Təbrizdə.

Hələ ki danışıram bu dildə

Cinlə, divlə...

Bir nazirliyin mətbuat katibiylə.

Soruşuram, hara gedim?

Təbrizə? Yoxsamı See Breezə?

 

Möcüzə

 

Salyan kazarması tərəfdə bir xaraba alban kilsəsi var,

Divarlarında dərin çatlar.

Sovet vaxtları eləmişdilər onu rəsmən ambar,

Müasir albanlar

Çap hərfləriylə soyuq daşlarına söyüş də yazmışdılar.

Əskərlik vaxtımda həyətındə basketbol da  oynayırdılar.

Kilsəni titrədirdi vurduğumuz toplar.

Toplardan biri

Kilsəyə dəydi,

Sonra qayıtdı geri,

bir az əyri,

havada xeyli seyr elədi,

Məkandan çıxdı elə bil,

Laməkana meyilləndi.

Əyri talvardakı üzümləri əfv elədi,

Bir nəfəri sanki məhv elədi...

Bir gözəlin pəncərəsinə,

Pencəyinə,

ürəyinə girməyə cəhd elədi...

Tez də səhvini düzəltdi...

 

Elə bil hamının günahından,

Lap yanından, yaxınından keçdi.

Qayıtdı geri.

Özbək Ubaydullanın başına dəydi,

Başı, yediyi qarpıza girdi.

Həəə...bax, bu cür o kilsə dirildı.

Günahlarımıza, oyunumuza,

Təqvimdəki iyunumuza özünəməxsus cavab verdi.

 

Yaddaşımdan silinmir

            Ubaydullanın qarpızdan qıpqırmızı sifəti!

Sonra bütün SSRİ qırmızı rəngdəydi,

Sonra müharibəydi.

1991-ci, doxsan doqquzuncu ildi.

Həyat da, tarix də tam dəyişdi.

Bitirdim əsgərliyimi, basketbol oynamaq həvəsimi,

gəldim evə.

Beynimdəydi daim

O dirilmış, oyunumuza girmiş

Alban mirası - xaraba kilsə.

 

Anam da bir gün belə dirilsə...

 

Bizim küçə

 

Bizimçün, heyif,  ağlamayırdı

payız yarpaqlarının bütün çoxsaylı tirajı...

Tələsirdin oxumağa telefonundakı yad mesajı...

Yeyirdim gözlərimlə çox uzaq bir peyzajı...

Hələ ki yoxdu bu son görüşümüzün

göz yaşı.

Avtomobilinin arxa oturacağına atdığın

qırmızı plaşını

hiss etdim başqası, özgəsi əzmişdi.

"Ayrılaq...

WhatsApda yazışaq...

Bakuparking şırkətiylə razılaşaq,

avtomobillərimizi də gərək başqa dayanacaqlarda saxlayaq",

Deyirdin sən,

Tərpənmədən dayandığın yerdən,

Avtomobilinin mühərrikini hələ söndürmədən.

Təsirlənirdim mən

bu  cazvarı musiqindən.

Qəfildən,

avtomobilin tərli pəncərə şüşəsindən

qopub, şüşə boyu aşağı sürüşən,

özü kimiləriylə birləşən,

bütün digər damcıları hərəkətləndirən

bir damcını

öz göz yaşım bildim mən.

Məndən,

mənim lal təsirimdəndi bu,

lal təsirimdən.

Aç qapını, düşüm avtomobilindən...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!