Elə unut...
Məni elə unut ki, elə bil sevməmisən,
Özün özünü aldat,
De ki, yuxu görmüsən...
Xəzri alsın-aparsın,
Gilavara çatdırsın,
O da sovursun göyə,
Heç izim də qalmasın -
Bu şəhərin, bu yurdun,
Bu ölkənin sərhədsiz,
Hüdudsuz enliyindən...
Səslərim daşa dəysin,
Sözlərim qaya olsun,
Qoy hardasa qırılsın, bir ovuc torpaq olsun.
Xatirələr toz-duman,
Qoy sərilsin dənizə,
Bəlkə yelkən aparar, bəlkə lövbər batırar.
Ürəyində bir hənir, bir çırpıntı qalmasın.
Məni elə unut ki, adım da qoy yad gəlsin,
Özüm, sözüm bir yana,
Kölgəm də özgələşsin...
Bir gün rastlaşsaq əgər hər hansısa dünyada
Ruhumu da tanıma, o da yad olsun daha.
Bir titrətmə, bir soyuq
Düşsə birdən canına
Özünlə tək qalanda.
Ürəyindən bir ağrı
Qopsa, mənəm uzaqda.
Dərman içmə boşuna...
Məni elə unut ki...
Vüsalın tərs, hicranın düz üzüyük
Sənə çatmaq ulduzlara çatmaq qədər çətin,
Ovuca su götürmək qədər asan.
Sənə toxunur,
Çatdığımı düşünürəm,
Vüsalına gülümsəyirəm.
Və...
Və ulduza çatmadan hicran başlayır...
Tənhalığın yüz ili kimi çəkir
Ömürdən sənsiz keçən hər gün.
Sən isə...
Sən isə mənsiz keçən hər gün
Dünənkindən daha çox can atırsan
Sonsuzluğa...
Sənlə mən vüsalın tərs,
hicranın düz üzüyük -
Adsız barmağa taxılan qızıl üzüyük...
Sənə and olsun
Allah,
Uşaq vaxtı bəlkə də,
Kimisə incitmişəm,
Qəlbini sındırmışam,
Heç fikir verməmişəm.
Sən də, məni bağışla...
Allah,
Elə sənə and olsun,
And olsun ucalığa!
Heç mən bilməmişəm,
Bilərək etməmişəm,
Sən də məni bağışla...
Allah,
Mən də axı uşaqdım,
Çox şeyi anlamırdım.
Sən onda da böyükdün,
Sən indi də böyüksən,
"Suç kiçiyin" demisən,
Sən də məni bağışla...
Sən mənə oxşayırdın
Bakının küçələri Tiflisə oxşayırdı -
O eyvanlar, qapılar
Şəhərin gecəsinə
Açılan o sabahlar.
O ikiqat şüşəli
aynabənd artırmalar...
Sən də onda başqaydın -
Köhnə, əziz evlərin
İşıqlı həyətitək
Açıqdın -
Çox yaxındın,
Sən hamıdan doğmaydın,
Özünə oxşayırdın.
Küçələrin dirəkli,
Uca lampaları da
Şaqraq gülüşlərimtək
Yanırdı, parlayırdı...
Mən də onda başqaydım,
Səni mənə oxşadırdım...
Bakının küçələri də,
bizim könlümüzdəki
Tiflisə oxşayırdı...
Ürəyimdə kirayənişin adla qalan ağrılar
Vualımın altında
Hansı makiyaj durur, şıqlığı ilə
bərq vurur?!.
Gecə keçəndən sonra
Miselyar sular ilə
Hansı silinir-gedir?
Bircə tikə pambığa hopur, sovrulur, itir?!.
Bəzən köməyə gəlmir
Ən bahalı, ən brend, ən bərkgedən
markalar,
Tonal kremlər, maskalar -
Örtüb gizlədə bilmir!
Ürəyimdə kirayənişin adla qalan,
Məni aldadan ağrılar,
Şırım-şırım yer alan,
dərin-dərin kök salan
Qırış kimi yaralar -
İpə-sapa yatmırlar...
Yığışım, köçüm bəlkə,
Başqa adlı dünyaya?!
Bu dünya çox bərbaddır,
İnsanlar mənə yaddır...
Yığışım, köçüm bəlkə?!.
Ağlaram...
Mən səninlə öyrənmişəm
Sevginin suç olmasına.
Mən səninlə öyrəşmişəm
Hər şeyin gec olmasına.
Gəlib "varam" deməyin də,
"Sənə yaram" deməyin də,
"Yaran saram" deməyin də
Heçdir, heç olmasına.
Bilmirəm ki, necə gedim?
Qəlbində kim? Necə bilim?
Sənə olan bu sevginin
Ağlaram puç olmasına...
Amma sən...
...amma sən...
Sən gəlsən,
Qucaqlaram,
Ataram -
dilimdən bütün mürəkkəb hissləri...
Qulağına pıçıldaram -
Dodağımdan ancaq səninçün
Titrəyəcək sözləri.
Çiyninə bir damla eşq düşər...
Və nəfəsimin səsindən bilərsən
Səni necə sevdiyimi.
Amma sən...
Kaş Bakı bir süfrə ola...
Kaş Bakı bir süfrə ola -
Kənarı ipək saçaqlı...
Yığıb götürəm masamdan,
Dünənki qırıntıları
Arasında qala,
Çırpam eyvandan havaya,
Quşlar yesin,
Qurdlar yesin,
Və daha bitsin.
Bəmbəyaz yeni süfrəmi
yenə sərəm Yer üzünə.
Qoy yellənsin saçaqları
Azad-azad.
Ruhsuz-cansız küçələri dalan-dalan
Rahat-rahat, abad-abad
Dolansın həzin Gilavar,
Sabaha yenə ümid var...
Qatar "Bakmil"ə gedir
Eyni qatarın sakinləriyik,
Ya da sərnişinləriyik.
Eh, nə fərqi var? Yol gedirik -
Ayrı-ayrı vaqonlarda.
Platforma da birdir, qatar yolu da,
Sənin fikrin-zikrin bəlli ünvanda,
Mənim fikrim heç Allah da bilmir harda...
"Bütün yollar Romaya aparır", deyirlər.
Yox...
Yenə "Bakmil"ə gedir bütün arzular da.
"Sonuncudur! Vaqonlardan düşərkən
Əşyalarınızı götürməyi unutmayın...", -
dedi bələdçi qız da...
Qoymadı kədəri unudam-atam
son stansiyada...
***
Yarı müdrik, yarı şıltaq,
Yarı böyük, yarı uşaq,
Yarı kötük, yarı yarpaq -
Bir bəndən var, görürsənmi?..
***
Allah,
yuxum çəkilib ərşə!
Ya ərşi endir yerə,
Ya məni qaldır ərşə!
Ya da...
Ya da özün bilirsən necə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!