Şeirlər - Vidadi BABANLI

 

Gəl

 

Dostum, səfər etsən bizim ellərə,

May ayı, yal-yamac güllələndə gəl.

Gözlə, tamam yatsın çayların köpü,

Sular həzin-həzin dillənəndə gəl.

 

Oyanıb o başdan nəğməkar quşlar,

Şirin cəh-cəhlərlə səni alqışlar.

Ələkdən ələnən narın yağışlar

Çiçəklər üstündə göllənəndə gəl.

 

Yaylaqlar qoynunda gözəl keçir yaz,

Qar durur quzeydə dümağ, bəmbəyaz.

Durnagöz bulaqlar çağlayıb bir az,

Lilparlı axarlar lillənəndə gəl.

 

Nə tutub durubsan hisli şəhərdən?

Gümrah görkəmini salıb təhərdən.

Nübar nemətləri xatırla hərdən,

Çiyələk yenicə çillənəndə gəl.

 

Çürütdün canını, daha bəsdi, sən,

Etmə öz-özünə nahaq qəsdi sən.

Qor altında bişmiş kökə istəsən,

Ocaq bala-bala küllənəndə gəl.

 

Sınaqlardan çıxmış bir məsəl də var,

Qismətindən küsən yarımac qalar.

Dodaq  büzüşdürən faraş alçalar

Yarpaqlar içindən bəllənəndə gəl.

 

Söylə, kim bəyənməz belə diyarı?

Artırır ömürü yarıbayarı.

Özgə söz deməyin yoxdur uyarı,

Şeh yumuş tər otlar tellənəndə gəl.

 

Babanlı acıdır məhrəm qulluğun,

Çəkib həsrətini daim bolluğun.

Üzünü gor görsün pis yoxsulluğun,

Sən Allah, cibimiz pullananda gəl.

 

 

Ürək haçan dincəlir?

 

Ah, bu yazı-pozu nə qədər olar?!

Biri qurtarmamış o biri gəlir.

Bir ürək nə qədər boşalıb-dolar,

Görəsən, o yazıq haçan dincəlir?

 

Baxıb kağızlara bərəlir gözüm,

Orda neçə istək, neçə arzu var.

Mehr ilə yan-yana düzülüb sözüm,

Sanki göy çəməndə yatır quzular.

 

Gündüz də yazıram, gecə də bəzən,

Bilək sızıldayır, beyin yorulur.

Xəyalda dolaşan, zehində gəzən

Yarımçıq fikirlər başa yük olur.

 

Əzab-əziyyətli olsa da bu yol,

Qələmlə dostluğum bir həzzdir mənə.

Oxucu qəlbində söylənən "sağ ol!"

Milyon təriflərə əvəzdir mənə.

 

Bax, onda dincəlir köksümdə ürək,

Aram ritmə düşür, arxayın vurur.

İlahi ilhama söykənib kürək,

Onun qüdrətindən duyuram qürur.

 

 

Təsəlli

 

Sınma, nazik qəlbim, nadan sözündən,

Səsləyir qənşərdən əsrlər səni.

Kütbeyin bəndələr çoxdur həyatda,

Qorxutmasın kəmlər-kəsirlər səni.

 

Şair var, sorağı eldən gəlmədi,

Şeiri nur saçıb, üzə gülmədi.

Ögeylik toruna sala bilmədi

Xalqıma yabançı təsirlər məni.

 

Yaxşıya pis dedi tikanlı dillər,

İncə xal sayıldı üzdəki çillər.

Qəm yemə, Babanlı, ötəcək illər,

Qürurla anacaq nəsillər səni.

 

 

Bir maral mələyir

 

Bir maral mələyir döşdə hər səhər,

Qayalar əks edir məhzun səsini.

Ürəyə od salan bu mələrtilər

Andırır puç ömrün qəm nəğməsini.

 

Nədir onun dərdi, bilən varmı heç?

Körpə balasından ayrımı düşüb?

Özü dərd çəkməyən dərd qanarmı heç?

Canı azar tapıb, sayrımı düşüb?

 

Hey baxır, boylanır oyan-bu yana,

Dönüb gözlərində yaş gilə-gilə.

Bu ahu-fəğanı kim qıyıb ona,

Nə salıb yazığı belə nisgilə,

 

Zalım ovçu durub bəlkə qəsdinə,

Qovub zirvələrdən, endirib döşə?!

Gəlib imdad üçün oba üstünə,

İlahi, kömək ol özün bu işə.

 

Bir maral mələyir döşdə hər səhər,

Qayalar əks edir məhzun səsini.

Ürəyə od salan bu mələrtilər

Andırır puç ömrün qəm nəğməsini.

 

 

Bəxtimdən umsunmuşam

 

Ey gözəl, agah et, bu nə oyundu,

Nə dürlü bəladı gəlir başıma?

Ürəyim qəmlərdən oyum-oyumdu,

Səndəmi dərd olub çıxdın qarşıma?!

 

Bel incədən-incə, şüp-şümal gərdən,

O qumral gözlərə hayıl-mayılam.

Əl göydən üzülüb, ayaq da yerdən,

Mən bu huşyarlıqdan çətin ayılam.

 

Belə şux camalı, zərif bədəni,

Nə bir bəşər görüb, nə yazıb qələm.

Saxlayır baxışın yoldan ötəni,

Hələ çox sinələr tutacaq vərəm.

 

Söylə, əhvalımı kimə ərz edim?

Çalxadın könlümü qocalıqda sən.

Əfsus, əzəlindən kəmdi qismətim,

Bəxtimdən həmişə umsunmuşam mən!

 

 

Çağırın, əylənsin

 

Çağırın, əylənsin o gedən xanım,

Sinəmin üstündən yeriyib gedir.

Mən ha çağırıram, bir dönüb baxmır,

Qulağı kar kimi kiriyib gedir.

 

Yanımda görürdüm mən onu hər gün,

Bir anlıq ayrılıq deyildi mümkün.

Bəs nədən törədi bu qəzəb, bu kin?

Eşqimi qəlbindən kürüyüb gedir.

 

Tamam zaya döndü çəkdiyim cəfa,

Şirindillilərdə olmurmuş vəfa.

Zalım qızı, zalım, gəlmir insafa,

Canımı dalınca sürüyüb gedir.

 

Vurğunam əyriuc, çatma qaşına,

Gözləri bənzəyir zümrüd daşına.

Çiyin yaylığını atıb başına,

Üzünü hirs ilə bürüyüb gedir.

 

Əbədi əhd-peyman yalanmış, yalan,

Bu dərd ürəklərə çox salıb talan.

Babanlı, qocasan, daha dinc dolan,

Ömrün son şamı da əriyib gedir!

 

 

Mən nə hayda, sən nə hayda?!

 

Qəşəng xanım, baxma süzgün,

Mən nə hayda, sən nə hayda?!

Əhvalımı anla düzgün,

Mən nə hayda, sən nə hayda?!

 

Qocalıq əyib belimi,

Lal edib ötkəm dilimi.

Hər işdən üzüb əlimi,

Mən nə hayda, sən nə hayda?!

 

Gəlib önümdə durursan,

Qaş oynadıb, göz vurursan.

Özünü nahaq yorursan,

Mən nə hayda, sən nə hayda?!

 

Mürvət elə, gəl insafa,

Babanlıya vermə cəfa.

Zaya dönüb zövqü-səfa,

Mən nə hayda, sən nə hayda?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!