Şuşanın gecələri - Rəfail TAĞIZADƏ

 

Nyu-York dinamik,

Londonun bayramlı,

Romanın bədii əsəri təsvir edən,

Parisin işıqlı,

Pekinin bir filmin adı ola bilən,

Təbrizin cazibəli,

Bakının işıq selli,

Şuşanın sehrli...

Fərqli şəhərlərin fərqli gecələri.

 

Şəhərlərin gecələri adamları kimidi.

Şuşa həsrətli qonaqlarını ev-ev, qapı-qapı salamlayır. Pəncərələr gülərək qucaq açır. Bu şəhərin təbəssümündə doğmalaşırsan. Bu, ayrı bir sevgidi. Adamların, küçələrin, binaların... - Şuşanın sevgisidi. Hamının üzünə Şuşadan, onun təbiətindən doğan xüsusi bir təbəssüm doğur.

Şuşanın sehrli gecələri qonaqlarını da özünə oxşadır, öz halına salır, əhvalını dəyişir, ovqatına kökləyir. İstəsən də ordan çıxa bilmirsən. O gecə şuşalı olursan. Şuşalısan. Ruhlar aləmindəsən...

Şuşanın sakit gecələrində adam özü ilə baş-başa qalır. Ayla salamlaşır. Ruhuyla söhbətləşir. Şuşanın gecələri gündüzündən daha əsrarəngizdi. Sirlidi, möcüzəlidi. Yuxu üçün yumulmaq istəməyən göz qaranlığa süzülən işıqda nələrsə görür. Sən Şuşa gecələrində tək deyilsən. Səninlə danışan, sözünə şirinlik qatan, fikrini oxuyan gözəgörünməz bir baxış var, o səni görür, duyur, anlayır. Çoxdan, lap çoxdan tanıdığın adam kimi.

Gecə dərədən əsən meh xəyalları sığallayır, xatirələri çözələyir.

Burda gecənin sükutunda səni özünə çəkən, haraylayan çox sevdiyin bir səs var - eşitmək istədiyin səs. Eyvanda oturub, ya  pəncərə önündə dayanıb, o səsin axarına düşüb çox uzaqlara gedirsən. O səs səni heç kəsin olmadığı bir aləmə aparır. Bilirsən ki, yolboyu həmdəmin gecələr sənə nələrsə danışacaq...

Şuşanın gecələri yatmaq üçün deyil, gecəni görmək, gecəni yaşamaq üçündü. Şuşanın gecələri gecənin halını anlamaq, bilmək, sükutuna sükut qatıb dinşəmək, gecəni dinləmək üçündü. Gündüz gördüklərini gecəylə bölüşmək, gecənin niyə, nə üçün olduğunu başa düşmək üçündü. Şuşa gecələri gecəni sevənlər, duyulanlar üçündü.

Şuşanın gecələrində sən özündə deyilsən. Şuşanın gecələrində sən darıxmırsan.

Şuşanın gecələrində gecənin əsirisən. Gecə əlini-qolunu bağlayıb aparır səni... sən də könüllü əsir kimi boynunu büküb düşünürsən gecənin dalınca. Hara apardığı fərq etməz, təki səni o sirli-sehrli gecə aparsın. Özündə olmayasan, unudasan hər şeyi özün qarışıq.

Bu səssiz gecələr qəlbinin pıçıltılarını duyur, halını danışan baxışları oxuyur. Özündə olmayan adam özündən başqa görmək istədikləri hər şeyi görür bu gecələrdə.

Şuşanın gecələrində adama ancaq sehrdən doğan, sənə sakitlik, rahatlıq gətirən şeylər görünür. Yaşadıqlarına sevinirsən. Bu uzaq aləmin cazibəsi səni dəyişdirir. Ruhun qarışıq daxili aləmin də dəyişir. Rahatlandıqca səhərə fərqli, cilalanmış brilyant kimi çıxırsan. Parpar parıldayırsan. Nağıllardan doğulmuş kimi.

Şuşanın gecələri məqamın zirvəsidir.

Şuşanın gecələrində yatmağı özünə günah bilirsən.

Sən burda illərin gündüz yorğunluğunu bir gecədə çıxarırsan. Ruhun təzələnir. Saflaşırsan.

Şuşada adamın səsi açılır, sözü pərvazlanır. Hamı oxumaq istəyir. Kimi ucadan, kimi pəsdən zümzümə edərək. Burda səsinə səs verən mütləq tapılacaq.

Şuşa ovqatını dəyişən, sənə sevinc bəxş edən, səni unutdurub sonradan özünə qaytaran gecələri sehrli şəhərdi, doğma yurddu.

Burda gecənin havası könlünü oxşayan muğam kimidi. Çünki burda hər şey muğam köklüdü, muğam havalıdı.

Şuşada ağacın yarpaqları da meh sədası altında aram-aram zəngulə vurur.

Şuşada nə varsa, özününküdü, özünə məxsusdur.

Şuşa möcüzələrlə doludur.

Döşəmə daşlar qeydiyyata alırmış kimi qonağın addımına möhür vurur. Burda olduğun yerləri gözünə köçürürsən. Qaya şəklini çəkdiyini bildiyindən özünə düzən verir, ağaclar qamətin düzəldir. Çünki bura Şuşadı.

Sonuncu dəfə Şuşada nə vaxt olduğunu unutsan, o sənə mütləq hansısa əlamətləsə xatırladacaq.

Şuşanın gecələri gündüzündən də gözəldi. Ruhların qovuşacağında dincəlirsən.

Ruhunla bölüşə, ruhlarla danışa, axtardığını tapa, özünlə barışa bilirsən.

Şuşa sevənlərin şəhəridi. Gecəsi nağıllar aləmi olan Şuşa olanların, olacaqların... gözəllikdən doymayanların şəhəridi - sənin, mənim, bizim, hamımızın. Gecəsinə darıxdığımız, gündüzünə sevindiyimiz gözəl Şuşa adama oxumaq ruhu verdiyi kimi, yazmaq ruhu da verir.

 

Şuşanın gecələri

 

Qonağa gəl-gəl eyləyən,

Qaranlığa əl yelləyən,

Gecəsi yuxunu yeyən,

Görənlərin gecəsidi

Şuşamızın gecələri!

 

Zülməti gözlə itirən,

Yekunu sözlə bitirən,

Tənhaya həmdəm yetirən,

Bilənlərin gecəsidi.

 

Gecədən ağrı götürən,

Arzuya arzu gətirən,

Sükutu səslə ötürən

Sevənlərin gecəsidi. 

 

Dərdlərini dərdi sayan,

Ruhuna ruhunu yayan,  

"Gecəmdən getmə, dayan!" -

deyənlərin gecəsidi.

 

Gördüyünü danışanın,

Baxıb-baxıb alışanın,

Susmağıyla yarışanın,

Bölənlərin gecəsidi.

 

Səslərə səsin qatanın,

Tarixə sözün atanın,

Sabaha gedib çatanın,

Ərənlərin gecəsidi

Şuşamızın gecələri!

 

23.07.2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!