Meteohəssas
Doğulmaq azdı.
Ölmək azdı.
Gərək həm də diriləsən.
Divarına çırpılmış sərçəni də dirildəsən bir gün.
Sonra ölgün, ölgün
Təkərli çamadanını dünyanın axırınacan sürütləyəsən.
Təkcə özün.
Elə et, fotomüxbirlər də bunu görsün.
Oğrular var orda,
Bir gözün
Daim o çamadanını güdsün.
Yaranmışam
Baxışları televizora yox,
Televizordan kənara çəkmək üçün...
Meteohəssasam bu gün.
Mənə verilib Bakıda həyat,
Təbrizdə ölüm.
Fixbioqrafiya
Mütləqdi.
Gərək bir fixbioqrafiyan da olsun.
İlk cümləsindən oxunsun.
Gicgah damarına saatda 120 zərbə vursun,
Gecə 12 olsun,
Qoy qorunsun
Bu saxta bioqrafiyan dövlət arxivlərində...
Yaxud gizli arxa cibində,
Kiminsə seyfində.
Eşitdiyim, oxuduğum
ən qəliz FİXBİOQRAFİYA
Hardakı ən ağır suallar, cavablar yazılmışdı ayrıca qrafayla,
dogranmışdı qanlı baltayla
Cibgir Zerkalo Klaraya məxsusdu.
Pasportuna yazdırmışdı "Yusifzadə Klara Ağababa oğlu".
Taxta dəlik döşəməsi, qəzet süfrəsi,
sinəsinin tövşəməsi artırdı bu pasportu üzə çıxan vaxt.
Deyirdin, indicə tam sıfirlanacaq bu adi həyat!
Deyirdin, bəlkə də bu qadın heç arvad-zad...
Mənə deyərdi get dolabdan
Gəlinlik güzgümü çıxart,
Pasportumdakı "Oğlu" sözünə bir də yaxşıca bax.
"Oğlu" sözü gözümə girincə
Düşərdim girincə...
Qaranlıq küncə
Xeyli baxardım.
Geriyə adlardım.
Ayaqlarımda odun kimi parçalanardı addımlarım!
Cavabını alardı bütün lal suallar.
Yalançı şüarlar.
Elə bil Senatın müzakirəsinə
907-ci düzəlişi çıxarmışdılar!
Sənin heç belə fixbioqrafiyan var?
Yaşayaq mövzu vermədən kinoya
Hər gün səhər-səhər eyvanımdan sallanıb aşağıya baxıram,
Görürəm qonşum Güləlinin başı
Necə bir az da dazlaşır.
Həyatın sürətı çox... çox amansızdır.
Çox amansız...
Depressiondayam.
Şanssızam, çox şanssız.
WhatsAppda yazışdığım bir qız
mənə dedi, bunu nəbadə danışasız
indiki adamlara, kitablara.
Azdramaya!
qədim zamanlarda
Bunu danışırdılar
Suya.
Quyuya.
Dodaqları çatlaq duaya.
Yaxud səmadakı aya.
Uzaqbaşı,
yeddisimli sarı gitaraya.
Səmt küləyi özü səni aparacaq
uzaq yaşıl adaya.
Yaşayaq,
Ancaq mövzu vermədən
Hər cür kinoya.
Səhnəsi tozlu bizim AZDRAMAYA.
Yaşayaq,
Heç nəyi saxlamadan sonraya.
Brüsseldəki adaş
Atamla dostu Rəzi Qəvami,
Bir gün keçdilər bir növ uranın zənginləşdirilməsinə...
Eyni ad verdilər öz övladlarına
Və sairə.
Fikirlərində
Bu cür qalxmalıydı Azdramadakı
Ağır pərdə
Nə vaxtsa biz Həmidlər görüşəndə...
Kimyəvi kolbaya bir zərrə əlavə
Və
Həyat dönməliydi ağlamalı filmə.
Qapanmalıydı nəhayətsiz bu dairə.
Filmin qaçan hərflərində, uzun titrlərində
Çevrilməliydi səhifə
Hissə-hissə.
Hətta oriyental bir qız cariyə
Keçməliydi şirin ləhcəyə, şivəyə...
Hadisələr qəfil axmalıydı keçmişə,
Tam geriyə, Təbrizə.
Və sairə.
Razı əmiylə tarixin əmriylə Qafar ağa sarınmalıydılar
Bir-birlərinə.
Bir gün gördüm aha... palçıq gölməçələrdən bir başqa cür göründü
bizim şəhərin əksi.
Taksi gözləyirdi orda məni,
Qıpqırmızı taksi.
Küsülü bəxtim bu taksiyə mindi.
Əyləşdi.
Uzaq Brüsseldəki Həmid Qəvaminin qapısınadək gəldi.
Basmaq istəsə də əvvəlcə zəngi...
Qəfil palçıq gölməçədən bir başqa cür danışdı meyvələrin bəhsi.
Qapıdakı rəqəmlər çox nəhsdi.
Bədənim əsdi.
Bildim əbəsdi...
Dedim, day bəsdi.
Axmaq o kəsdi
inanıb ömrü boyu bax, bu dramatizmə,
Kimyəvi kolbada guya yaranacaq tam yeni maddəyə.
Və sairə.
Və şairə.
Və həyat dönmədi axırda
Filmə.
Döndü ancaq, dinlə,
eşit, yalnız bu şerə.
O kəlağayı
Eh, mənim yaşıl, soğanı kəlağayım,
səni bir gün dəmir mafəyə sancaqladım,
Küləkdə dalğalandırdım.
Dəmir mafədə sakitliyini görərkən,
Artdı Bakı küləyinə son etibarım.
Ancaq sən Bakı küləyini cilovlamağı bacardın.
İndiyəcən qalıb paslı yaddaşımda
Necə atamla, qardaşımla,
anam da
bax, bu kəlağayı başında
Getdik 1966-da
Sankt-Peterburqa.
Püskinin dueldə öldüyu yer
Dönüb olmuşdu "Çernaya reçka" adlı qəşəng otel...
Alnımdakı narahat qıvrım tel
İlk dəfə orda məni oxşatdi şairə,
Hətta göz vurdu orda mənə bir oriyental qız,
Cariyə,
Və sairə.
Səsləndi qulaqlarımda ilk qafiyə.
Çıxdım orda qardaşımla duelə.
İlk görünməz güllə
orda ağrıtdı köksümü.
Şair ölümünü, ömrünü
yaşadım, təkrarladım altı yaşımda,
Bir də gördüm bu həyat kinoafişama
Anam baxır,
Bu kəlağayının ucları isə,
tamam göz yaşlarındadır,
Tamam göz yaşlarında.
Sonra ötürdük dayanacaqdakı sapsarı tramvayı.
Neva sularında əridi, itdi
Qış sarayı.
Unutduq imperator Nikolayı.
İndi mafənə sancıram
o kəlağayını.
Dirilmə
"Qoy, bura tökdüyün zibil
Ölənlərinin ehsanı olsun!
Qoy, təzə taxma dışlərim
Çənəmdə yaxşıca bir oturuşsun!
Lənətlərim lap öldürücü olacaq!"
Kimdi?
Hansı yerimdi?
Hansı dissertasiyasız alimdi,
Radio FM-di,
Hansı ölümdü, hansı filmdi,
Kor mexanizmdi,
Bu lənət dolu qraffitini köhnə Bakı divarına yazan?
Sonra azca fərqli incə hüsn-xətlə,
Azca ləzzətlə
öz diş həkiminin telefonunu
Bu lənətınə reklam kimi artıran?
Kimdi o?
Deyirsiz, müasir Dədəm Qorquddu?
Yox, eyyy...
Yetim Mövluddu.
Bir də gördün, yediyi xəngəl qurutu
Unutdu!
Çayını tam soyutdu.
Son tikəni diri uddu...
Sonra hamını qorxutdu
Öz yalançı ani ölümüylə.
Qəfil dirilib, qara kömürlə
Lənətlərini həkk etdi kirli divarlara.
Bir gün tiryəki artıq düşdü, necə deyərlər,
Doğrudan öldü.
Öləndə siqareti hələ də tüstülüydü.
Restorandaydıq.
Sahibi, cümlələrinin axırını yedi,
dedi, kəkələdi,
qorxa-qorxa,
Görəndə qapıya necə yaxınlaşır
Qara "Volqa":
"Aparın meyitini, burda qalmasın sizin sovxa!"
Müşahidə videokameralarını aldatmaqdan ötrü
Bildirmədik Mövlud ölüdü.
Əlləri çiynimizdə,
göz vura-vura bir-birimizə,
Mövludu da qoşub yalançı söhbətimizə,
Çıxdıq restorandan.
Qəfil Mövludu tanıyanlardan
Biri, salam verdi Mövluda...
Aktyor dramatizmi lazımdı burda,
Nəsə dedim burnumda.
Tər vardı, ey vücudumda,
Day ilişmədik itə-qurda.
Güvənib Mövludun cibindəki xırda-mırdaya,
Mindik qara taksiyə.
Getdik bütün yolların əksinə, tam tərsinə.
Axır, çiynini silkələdim.
Mövludu, tək onun eşidə biləcək ahənglə səslədim:
"Ay yetim,
Dirildin?
Taksi pulunu indi necə, mənmi ödəyim?"
Radiatorundakı su
Gördünmü, fotoşəklin köhnəlib,
Pasportundan öz-özünə ayrılıb, qopur.
Avtomobilinin radiatorundakı su qaynayıb fontan vurur...
Əvvəl radiatorunu yox ...radionu susdur.
Get itbat kafedə otur,
Ordan özünə zəng vur.
Casusların, Faustların avtomobili bu vaxt bir kor dalana burulur,
öz məzarları üstə
gül-çiçək dəstələri qoyur,
Plastik, burun əməliyyatlarından keçıb,
köhnə barmaq izlərini pozur.
Casusları, Faustları həmişə öz məzarları üstə görmək olur.
Kölgəsinə barmağını tuşlayıb qışqırırsan:
"Odur? Odur!"
Oxşarlığına əvvəl inanmayırsan, deyirsən:
Yoxxx ey... oğludur.
Hə...gördünmü, fotoşəklim
Pasportundan özü qopur,
Radiatorumdakı su fontan vurur...
Mən də o casuslar, Faustlar kimi
öz məzarım üstə gül çələngi düzərdim,
O cür ölüb-dirilmək istərdim.
Qoy hovuzda üzsün bir müddət köhnə, lüzumsuz cəsədim.
Polis şəxsiyyətimi müəyyənləşdirməsin.
Öz evimə əl fanarımla, məxfi qərarımla gırim,
Telefon, televizor, bilgisayar
Kodlarımı tez-bazar dəyişim.
Ən əsası, sevışim
Sarışın bir fotomodellə.
Etiraf edim: Sevdiyim kokteyli, qadın tipini bu gün dəyişdin sən...
hə... nəhayət, trendəyəm.
Kofe Amerikano istəyirsən?
Bazar günlərini keçirdəcəksənmi
Mənlə?
Səmimiydin "Səfir yaxın dostumdu", deyəndə,
"Bəlkə sabah birlikdə nahar edək?"
Təklifində.
Aeroport yolundan ayrılıb
bahalı qolf-kluba gedəndə
Özümə deyərdim
mən yetim:
Trendəyəm,
Trentdə.
Təzə sim-kart
Alacam özümə.
Qoy heç kim acımasın
Hovuzda üzən cansız cəsədimə.
Radiatorumdaki su
qızdırmayacaq bu dəfə
Düz bir həftə.
Şərikli çörək - demo versiya
1947-ci il dekabrın sonları.
Payına düşən 200, 400 qr. çörəyi O götürməmişdi.
Yeni 1948-ci ili, 31 dekabr da çörəksiz keçirmişdi.
Niyə?
Nəyə görə?
Nədən, hansı səbəbə?
200+400 qr. halal çörək borcu var qoca tarixin,
Bu qoca, tozlu arxivin,
Hər birinizin, hər ikinizin, hər itinizin
Dədəmə. Mənə.
Bu titrək iti çənəmə.
Sənədlər tam hazırdı...
Gedə bilərəm
Uca haqq, Haaqa məhkəməsinə...
Kinonun davamı "Şərikli çörək" filmində.
Əsl qəbzlər məndədir, məndə.
Yaşayıram
Sənətin, həyatın bütün demo versiyaları ilə
birgə.
Borcunuz var dədəmə.
Tut ağacı, tut ağacı
Nikolaydanqalma köhnə Bakı...
Önündə
Nuhun yadigarı tut ağacı...
O tut özünü
arxasındakı köhnə binadan
ancaq bir baş uca bilmiş,
göylərə, ancaq
bir azacıq uça bilmiş,
o tutu ancaq sərxoşlar qucaqlaya bilmiş
"Kleopatra" barından çıxdıqdan,
bir dəfə yıxıldıqdan
sonra.
O tut səni əvvəlcə aldadacaq,
özünü cənnət ağacına oxşadacaq,
Səni yerə yıxacaq,
Üzərindən əclaflar adlayacaq,
sonra səni ayıldacaq
qara divarda öz kölgəni,
Sanki özgəni
qəfildən gördüyün zaman...
Avara "Jiquli"lərin zəif işığıyla
nura boyanan
kirli divarlardan
o kölgəndir
sənə diqqətlə, heyrətlə baxan...
Səni tanımayan
həmin bu an
divar dibinə sığınıb
limon satan
Lənkəran arvadlarına baxıb fikirləşəcəksən:
"Sarı limonlar Lənkərandamı, ağacdamı,
yoxsa kasıbların ovcundamı bitir?"
Bunu ancaq o tut ağacı,
Bu yolayrıcı,
arvadların ən qısqancı,
Fələk qırmancı bilir.
Nə yaxşı ki, o tut ağacı
Bu həyatımızın tam kənar müşahidəçisidir,
qələmsiz tarixçisidir.
Tərcüməçisidir
budaqlarındakı boz sərçə...
Bircə
mənə desəydi
Nədir son nəticə?
Blender
Həyatın blenderi,
Məni diri-diri...
Doğradı iri-iri.
Xüsusən, təhlükəlidi
Əti sümükdən ayırmaq hissəsi.
İncəlikləri.
Həyatda hamı çayı
qəndlə yox,
dərdlə içirdi.
Həyatda nə varsa,
Blenderdən keçməlidi, keçirilməlidi.
Bu, vacib, qaçınılmaz şərtdi.
Bilirəm, çox sərtdi.
Qəlizdi qəssablarla bağladığımız
müqavilə maddələri.
Dözülməzdi iyi.
Ətri.
Arxiv sənədləri.
Misal üçün, Nizami Gəncəvinin kəlləsi
1939-da blenderdən keçdi.
840 illik yubileyində potoloqoanatom Gerasimova göndərildi.
Guya
yazdığı dua
atılmalıydı axar suya,
Bədəni salınmalıydı qara falaqqaya.
Sonra min bir hoqqayla...
Bəzi gizlinlər o vaxt Belyayevin yazdığı
"Doktor Doulen kəlləsi" əsərindədi.
Kəllə dirilməli,
NKVD-də dindirilməliydi!
Qorxutmalıydı Nizamini qonşu otaqdan gələn
Blenderin səsi.
Nizami Gəncəvi, bax, bu cür blenderdən keçirildi.
Ayrıldı bədənindən kəlləsi.
Guya Gerasimov bu kəlləyə baxıb
Nizaminin əsl simasını bərpa etməliydi.
Gerasimov isə day geri
qaytarmadı o kəlləni.
Digər məsələləri,
Özündə gizləyir
Aleksandr Belyayevin "Doktor Doulen kəlləsi" əsəri.
Ordadır cümlənin son feli.
Orda gizlətdilər bu blefi.
İşgəncələr vaxtı Gerasimov götürürdü saç fenini...
Açırdı Nizaminin sinəsini...
Basdılar belinə vergini.
Verdilər ona VÖEN-i,
Əzbərlətdilər nömrəni.
Hələ də geri qaytarılmayıb Nizaminin kəlləsi.
Rusiyetdədi.
Həyatda nə varsa, həm də blefdi.
Bir gün WhatsAppda
Tərk etdiyim ilk qadın
lal baxışlarını atdı ardımca.
Sonrakı, bahalı alışqanını.
Sonrakı, dunyanın ən ağır külqabısını.
Bir gün bunların hamısı bir fotomodeldə birləşdi,
Vardı külqabısı... ağır alışqanı,
Ağırdı həm də baxışları.
Üzü niqablı
bu gözəlin WhatsAppı
qoymurdu gecələr yatım.
Uzandı bir az
bu sevgı xronometrajım.
Hərdən əşyalarına qorxa-qorxa baxırdım.
Bir gün masasındakı tunc Budda heykəlində
yubandı baxışlarım.
Çəkisini yoxladım.
Cəld çantama, çamadanıma əl atdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!