Şeirlər - Şəfəq SAHİBLİ

 

Darıxanım yox

 

Ahım bir sevginin məzar yeridi,

Ah çəkdim, üstümə məzar yeridi!

Son görüş yerim də həmin yer idi,

Mənim bu dünyada darıxanım yox!

 

Sən adda nəyim var, yıxıb gedirəm,

Həsrətin əlini sıxıb gedirəm.

Daha bu ömürdən çıxıb gedirəm,

Mənim bu dünyada darıxanım yox!

 

Dərd sinəm üstədi, deyir oxşama,

Baxan yox qəlbimdə alışan şama.

Ümüd yollarımın üzü axşama,

Mənim bu dünyada darıxanım yox!

 

Qanayan yarama demədim duz at,

Yanan ömrüm üstə bir əlçim buz at.

Uzat əllərini, bir misra uzat,

Mənim bu dünyada darıxanım yox!

 

 

 

Sənə sevmək öyrədəcəyəm

 

Qonub saçlarına, əlim oxuyar,

Kövrək pıçıltılar sevgi qoxuyar.

Gecələr dərdimi verib yuxuya,

Mən sənə sevməyi öyrədəcəyəm!

 

Unudub fələyin qarğışlarını,

İsidib taleyin naxışlarını,

Öpüb çiçək-çiçək baxışlarını,

Mən sənə sevməyi öyrədəcəyəm!

 

Yüz yol söylədim, ürək, ağrıma,

Bu ömrü gəl yola verək, ağrıma,

Səni arzum kimi basıb bağrıma,

Mən sənə sevməyi öyrədəcəyəm!

 

Çox gəzmə könlümün qəm dağlarında,

Qəmdən havalanır qəm dağlarımda.

Adın çiçəkləyər dodaqlarımda,

Mən sənə sevməyi öyrədəcəyəm!

 

 

 

Gəlmərəm

 

Qayıdıb ötən günlərə,

Xəyallara qapılmaram.

Boşuna yorma özünü,

İtmişəmsə, tapılmaram.

 

Yalanların sənin olsun,

Daha yaxına gəlmərəm.

Yıxıldı arzu, istəyim,

Daha yuxuna gəlmərəm.

 

Göy üzünə çəkilmişəm,

Daha yerlərə gəlmərəm.

Yaxın nədir, sən yaşayan

Şəhərə belə gəlmərəm.

 

 

 

Üşüyən sevgi

 

Əlacsız sığınmışam

            göz yaşı qoxulu

                        xatirələrə...

            Ana,

Ömrümə bulud-bulud

            çöküb intizarın.

Titrəyən bədənim

            bəyaz kəfən kimi bükülmüş

                        köynəyimin yaxasını

                                    ağrılar açır.

            Ana,

Səndən sonra saçı ağarmış

Ümidimin gözü önündə

            bəxtimin boynuna

                        qolunu salmış ayrılığın

                                    dodağı qaçır.

            Ana,

Mən Vətən sevgisinin

            atəşinə yandım.

Mən yandıqca

            ruhumda "sən" də yanırsan.

                        Ana,

Heç görmüsənmi,

            yanan ocağın

                        necə üşüdüyünü?

                                    Ana!

 

 

 

Xəbərin yox

 

Keçib karvan yanımızdan,

Bir ah qopub canımızdan

Qərənfilə qanımızdan

İçirmişik, xəbərin yox!

 

Yaşıl çöllər, şiş təpələr,

Dəniz susar, gah ləpələr.

Sinəmiz üstə qəlpələr

Bitirmişik, xəbərin yox!

 

Bulud alar göy üzünü,

Gün itirib gündüzünü.

Axtarırıq  yer üzünü, -

İtirmişik, xəbərin yox!

Üşüyürəm sözə sarı

 

Gözlərimə payız gəlir,

Bulanır ömrün suları.

Batıram dərya gözünə,

Üşüyürəm sözə sarı.

 

Yola çıxdım fəsil-fəsil,

Bu yol bir payız nağılı.

Bir ah imiş ömrün səsi,

Alıb başımdan ağılı.

 

Ömrümə xəzan dağılıb,

Günüm sarı, gecəm sarı.

Ustad, sən dəsmal əvəzi

Gözlərimə sözü sarı.

 

 

 

Sahil küçəsi

 

Alar məni qoynuna

            Mavi Bakı gecəsi.

Sahildə məni gözlər

            tənha Sahil küçəsi.

Bu küçədə nə qədər

            xatirələr dolaşır.

Bu küçədə insantək

            boz küləklər dolaşar.

Yağan yağışlar yuyar

            cığırımı, izimi.

Bu küçədə gəzirəm

            indi özüm özümü.

 

 

 

Sənin sahilin

 

İçimdə bir dəniz ölüb,

Duzlu suların yuxusu

ləpələnir xatirələrimdə...

Yaşıl-yaşıl

            yosun qoxusu gəlir

                        kirpiklərimdən...

Üzür göz yaşlarımda

ölü balıqların səsi.

Bu ölü dənizin sahilində

            səbrim

havalı-havalı gəzir.

...İçimdə ölən dəniz,

Əvvəlimi, sonramı

ölmək-ölməkdir.

Ölmək -Tanrı səbrinin

sahilinə gəlməkdir...

Mən sənin sahilinəm,

İçimdə ölən dəniz.

 

 

 

Xatirə

 

Xəbərin varmı?

könlümün xatirə

mövsümüdür...

Barmaqlarım səni soruşur

Ovcuma tökülən göz

yaşlarımdan.

 

 

 

Dilimin ucunda

 

Uzaqlarda üşüyür

boynumu qucaqlamaq

həsrətilə

düyün düşən qolların...

Gözləri doluxsunub

sənə gələn yolların...

Əllərimin həniri

yaralı göyərçintək

hələ də çırpınır ovcunda.

Adın qəzaya düşdü

Dilimin ucunda.

 

 

 

Xəfif-xəfif

 

Baharda kol dibində

Xəfif-xəfif

Gülümsəyən bənövşə kimi

Sevdim səni...

Səni elə sevdim,

"Sevgi"sözünün dodağı

çatladı...

Səni elə sevdim,

Həsrət utandı

özündən...

 

 

 

Sonuncu misra

 

Yazdığım şeirlər

məndən əvvəl doğulub...

Mən alın yazımdan əvvəl,

çox əvvəl doğulmuşam.

Alın yazıma çatanacan

bulud-bulud dolmuşam,

sular kimi

axıb-axıb durulmuşam...

 

İndi ömrümün yollarını

toz basmış xalça kimi

çırpıram varaqlar üstə;

tökülür bir misra ümid,

bir misra sevgi,

bir misra qəm...

beləcə varaqlar üstə

yaralı quş kimi

çırpınır sinəm...

beləcə varaqlar üstə

üşüyür bir misra mən...

 

Bu misranın sirrini

deməyəcəyəm heç kimə.

Bu sonuncu misra

qara qəlpə kimi

sancılıb içimə...

Şeirlərim məndən əvvəl doğulub.

Heyif, Tanrı qoymadı

Şeirlərimdən əvvəl doğulum.

İndi mən

taleyimdən əvvəl doğulan

şeirlərimin

sonuncu misrasıyam

səkkizinci

səhifədə...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!