Xudafərin
Bir millətin taleyidir aqibətin,
Göz dağısan, dərdin ağır, yaran dərin.
Azərbaycan adlı ulu məmləkətin,
İflic vurmuş bel sütunu - Xudafərin!
Çağırıram, harayıma cavab gəlmir,
Olmazmı bu susqunluğun bir hüdudu?
Arazın gur suları da poza bilmir,
Varlığına hakim olmuş lal sükutu.
Nə məqsədə qurub-tikib səni tikən,
Niyə belə viran qaldın, bərbad oldun?
İki sahil arasında körpü ikən,
İki könül arasında fəryad oldun.
Görən, nə vaxt birləşəcək iki sahil?
Birlik üçün ən gərəkli gərəyimsən.
Sən çay üstdən keçib gedən körpü deyil,
Dağ üstündən dağ çəkilən ürəyimsən!
Keçid idin sinəsində ata yurdun,
Bağlı qalmış, həsrət dolu yolsan indi.
Çox əlləri bir-birinə qovuşdurdun,
Çat-çat olmuş sınıq-salxaq qolsan indi.
Neçə yüz il öncə getdim Təbrizimə,
Keçir məni Araz üstdən apar bir də.
Daha bəsdir, döyməyəcəm mən dizimə,
Səadəti itirənlər tapar bir də!..
Bircə tikə çörək
Sən bu ana təbiətin hikmətinə bax,
Doğulanda mədəsi ac doğulur insan.
Bəlkə elə buna görə ağlayır uşaq,
Bu dünyaya göz açaraq doğulan zaman!
Mədəsi ac doğulursa insan həyatda,
Demək, hamı bircə tikə çörəyə möhtac.
Ancaq dünya elədir ki, damının altda,
Kimi qarnıtox yaşayır, kimi qarnıac.
Sevinc-kədər dalğasında keçir ömür-gün,
Yollar haça, hansı yolla, necə gedəsən?
Bircə tikə çörəyi də qazanmaq üçün,
Gərək başı, ya əyəsən, ya işlədəsən!
Məğrur dayan, müdrik yaşa, olma bədgüman,
Qocalıqda yüngülləşib cavanlıq etmə.
Nə qazansan halal qazan, ancaq heç zaman,
Mənliyini çörəyinə yavanlıq etmə!
Ruh, nəfs...
Sən də aldanmısan, etmisən günah,
Bəs bu aldanışın səbəbi nədir?
Adəmi cənnətdən qovduran tamah,
Ölməyib, hələ də öz işindədir.
Adəm uydu nəfsin istədiyinə,
Onu da aldatdı iblis hiyləsi.
O vaxtdan min illər keçsə də yenə,
Bitmir ruhla nəfsin mücadiləsi.
Yaşa, bu dünyada elə ömür sür,
Qoy ruhun nəfsindən qoruna bilsin.
Nəfsin diridirsə, ruhun ölüdür,
Nəfsini öldür ki, ruhun dirilsin!
Kim ki yaranıbdır nəfsinin qulu,
Dünya onun üçün yağlı yeməkdir.
Nəfsi öldürməyin ən yaxşı yolu,
Sağ ikən ölümü görə bilməkdir.
Əgər ölüm haqsa... həyata düz bax,
Ruhun təmizlənsin, olsun dupduru.
Çox müşkül işləri həll edər ancaq,
"Ölməmişdən əvvəl ölün!" - düsturu!
Yazıqdır, var-dövlət üstə çarpışıb,
Hər gün bir-birini yeyib didənlər.
Sonda üryan qalar, həddini aşıb
Nəfsini özünə Tanrı edənlər.
Çevir məni
Ey İlahi, eşitdim yenə o qəmli səsi,
Bəxtəvərəm hardasa, kim isə sevir məni.
Vəfası düz, əhdi düz, sevgi mücəssəməsi,
O gözəlin gözünün yaşına çevir məni.
Bu dünya gah zəhərdi, bu dünya gah şərbətdi,
Tarixin ibrət dərsi çox acıdı, çox sərtdi.
Həyatda qorxduğum şey, qəriblikdi, qürbətdi,
Yurd yerinin bir qara daşına çevir məni.
Yalan heç vaxt doğrunun oynamaya rolunda,
Xeyir şəri boğmağa qüvvə tapa qolunda.
Haqqı qoyub nahaqqa gedənlərin yolunda
Uçurumlar, yarğanlar qaşına çevir məni.
Üstdə bar gətirməyən budaq nəyə gərəkdir,
Qapısı açılmayan otaq nəyə gərəkdir,
Boş-boşuna göylərdə uçmaq nəyə gərəkdir?!
Məlikməmmədin Simurğ quşuna çevir məni.
Əyri gözlə baxmadım yer üzündə bir kəsə,
Qorudum həqiqəti üstündə əsə-əsə.
Dostun istehza dolu sözünə hədəfəmsə,
Düşmənin gülləsinin tuşuna çevir məni.
Mənzil başa vurmayıb, kim ki haqqa şəkk edib,
Pak olanlar dünyaya tək gələrək tək gedib.
Ulu Tanrım, adımı dərgahına həkk edib,
Əməlimin, sözümün başına çevir məni.
Örkən doğanaqdan keçir
Qəm yükünün ağır daşı
Bükür beli, əyir başı.
Qəhərdən axan göz yaşı
Süzülür, yanaqdan keçir.
İnsan yarandığı o an,
Nələr yazır yaddaşa qan;
Ömür neçə burulğandan,
Neçə boğanaqdan keçir.
Damla gücü qaya deşir,
Qətrədə vulkan yerləşir!
Dəmir dəmirlə birləşir -
Od saçan qaynaqdan keçir!
Bu yürüşün axırı nə?
Sonu qayıdır ilkinə!
Necə olsa, gəlib yenə,
Örkən doğanaqdan keçir.
Babam deyən bir fikirdi:
Yalan gözə girən tirdi.
Həqiqətin yolu birdi,
O da ancaq haqdan keçir!
Əfəndim
Ulu türküm, ümidgahım,
paşam, xocam, arkadaşım,
Eyni kökdən rişə alan
qan qardaşım, yol yoldaşım.
Həm həyanım, həm gümanım,
düz meyarım, məhək daşım,
Türk dost olar, daha ayrı
məqsəd güdməz, Əfəndim!
Bir xalq kimi, millət kimi,
insanlığın ilki türkdü.
İlk şifahi danışılan,
ilk yazılı dil ki türkdü!
Ağrıdağda yer üzünü,
xilas edən bil ki türkdü!
Tarix doğru olayları
inkar etməz, Əfəndim!
Türk atlanar - dərə adlar,
dağı aşar, düzü keçər.
Türk danışar - ən mötəbər
məclislərdə sözü keçər.
Çox türkdilli tayfalar var,
bir-bir saysan, yüzü keçər.
Ayrılıqlar, görən, niyə
sona yetməz, Əfəndim?!
Türk şəninə sığışdırmaz
kimsə ucuz tuta haqqı.
Kiminsə də kim önündə
alçaldıla, bata haqqı.
Bəşəriyyət qarşısında
qalır türkün Ata haqqı!
Bu haqq türkün öz haqqıdır,
heç vaxt itməz, Əfəndim!
Ədalətin keşiyində
müsəlləhdir, yuxu yatmaz.
Həqiqəti uca tutar,
ara vurmaz, ara qatmaz.
Türk qan tökməz, türk qan alar,
türkün əli qana batmaz!
Ancaq qansız, qadasız da
vaxtı ötməz, Əfəndim!
Düşüb türkün axınına,
türklə birgə gedənlər var,
Türk adını bayraq edib,
başqa məqsəd güdənlər var.
Bu gün türkü həm xaricdən,
həm daxildən didənlər var!
Belələri yerisə də,
uzaq getməz, Əfəndim!
Doğu, Batı arasında,
türkün yolu - öz yolumdu.
Mən ki türkün bir qoluyam,
türk də mənim bir qolumdu.
Türkün həyat monoloqu -
ya ölümdü, ya olumdu!
Kim bilmirsə suyu axıb,
otu bitməz, Əfəndim!
Ulu türkün həyatında
ən parlaq bir gün olacaq,
Türk dünyası birləşəcək,
bu birlik mümkün olacaq.
Dünyanın əvvəli türkün,
sonu da türkün olacaq!
Bu həqiqət sübutunu
çox gözlətməz, Əfəndim!
Ruh
Hər şeyin ruhu var, belədir həyat,
Alovdan ruh alıb yanar hər ocaq.
Ruh cana qidadır, qəlbə qol-qanad,
İnsanı yaşadan ruhudur ancaq!
Xalqın ruhu yoxsa işi çox çətin,
Başında min cürə oyun olacaq.
Bu günü quzutək sakit millətin
Sabahı, əlbəttə, qoyun olacaq.
Babalardan qalma bir deyim də var,
Görün, ruhu ilə babam nə yazdı:
"Diribaş olsaydı əgər qoyunlar,
Təkələr sürüyə başçı olmazdı!.."
Yox
Demirəm düşüb ortaya,
Boş yerə meydan sula - yox.
Ya kiməsə yaltaqlanıb,
Təlxəktək quyruq bula - yox.
Qəddini düz tutmağı bil,
Baş əymək yaşamaq deyil.
Əyilsən də Haqqa əyil,
Vara, dövlətə, pula - yox.
Az üçün gündə ah edib,
Çoxa artıq tamah edib,
Nəfsi dirildib şah edib,
Dönmə önündə qula - yox.
Sözün, mövqen olsun aşkar,
Həqiqəti etmə inkar.
Ya ovçu ol, ya da şikar,
Ovçu yanında tula - yox!
Təklik
Nisbidir bütün ölçülər,
Zirvə deyil hər yüksəklik.
Gözə yüngül görünsə də
Ağır bir dağ imiş təklik.
Qayğılar olsa da ilıq,
Kara gəlməz mehr, qılıq.
Zaman-zaman bir ayrılıq
Ritmi çalmaq imiş təklik.
Varlığını sükut alıb,
İçində qəm yuva salıb,
Buludtək hərdən boşalıb,
Hərdən dolmaq imiş təklik.
Baxan olmaz məlalına,
Özü yanar öz halına.
"Tale nədir?" - sualına,
Cavab almaq imiş təklik...
Sancağı belində dərzi,
Səyyar gəzmək - yaşam tərzi.
Sərgərdan dolaşıb ərzi,
Dərviş olmaq imiş təklik.
Dünya - keçid üçün bərə;
bircə dəfə keçər hərə...
Ömrü ən çətin səfərə
Yola salmaq imiş təklik.
Vaxt keçər güman içində,
Ruh darıxar can içində.
Yaşayıb insan içində
Tənha qalmaq imiş təklik!..
Gülüm
Bu şeir İbrahim İlyaslının "Necəsən?" şeirinin motivləri əsasında yazılıb
Hər dəfə mənə can deyib,
Ay canımı alan gülüm,
İki könül arasında
Qəm körpüsü salan gülüm.
Boy atırmı kökün, rişən?
Həsrət çəkmək olub peşən.
Gülşənindən ayrı düşən,
Yalqız, tənha qalan gülüm.
Hey baxsan da üzü bəri,
İtirmisən gör, nələri?!..
Yad dibçəkdə qönçələri,
Ləçəkləri solan gülüm.
Ömür bir yoldur maraqlı,
Bəzən haqsız olur haqlı...
Yaşam evi təmtəraqlı,
Könül evi talan gülüm.
Dərd yaraşmır gül adına,
Çatan varmı bəs dadına?
Qurban olum fəryadına,
Ömrü-günü nalan gülüm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!