Al-qan içində əllərim
Həyat sevgilimin qar əlləri kimi
Bəyaz vərəqlər vermədi mənə.
Ona görə,
Nəmişlikdən göyərmiş divarlarına evimizin
Taleyimi yazdım dırnaqlarımla.
Taleyimi yazdım,
Al-qan içində əllərim.
Dalaşdım "xrebtovı" küçələrində
Sonunu bildiyim bütün yollarda
Pəncəsi getdi çəkmələrimin,
Atdığım iki zərdən biri həmişə yek gəldi.
Uddum...
Uduzdum...
Sənsə
Qara saçlarını ağ üzünə vuran küləkdən
Köksümdə gizlənib
Ovcumdakı xətlərdə
bəxtimə düşənləri axtarırsan.
Yalnızlar marşı
Tək olanlarımız bilir,
Gecə ovçusudur qəlbdəki ümidlərin
Şəhərin işıqları yandıqca yavaş-yavaş,
Sahilə çırpılıb çəkilən dalğa misalı
çəkiləndə küçədən adamlar,
Günəş ulu babaların
inandığı təpələrin arxasına köçüncə,
Gecə hilal bıçağıyla yarar,
Oyaq qalanların köksünü bircə-bircə.
Ümid qoymaz,
Xəyal saxlamaz,
Dünyandan uzaqda
Bir insanın içindəki dünya ağlayar.
Şahzadəyə dönüşmədən
Öləcəyindən qorxan qurbağa naləsiylə.
Fatmayı bağlarında
Fatmayı bağlarında
Mürgüləyən səssizliyi
Dümsükləyir bağa gələnlərin addım səsləri.
Əncir ağacları
Gilavara qoşulub əl yelləyir qonaqlara.
Meynələr nadinc uşaq kimi hasara sarmaşıb
Boylanır yollara,
Dənizin sahilindəki yalnızlıq
duman kimi çəkilir,
Samovarlar qalanır,
Yenə nağıllar başlayır...
Üç aylıq qonaqlarına
Qollarını açır kənd...
Əfqanıstandan qayıtmayan əsgərin nağılı
Hələ döyüşə getməmişdim,
O vaxtlar...
Bir rubl verib sevindirirdilər uşaqları,
Hind filmləri gələrdi kinoteatrlara,
Adamlar gələrdi qatar-qatar yeni həvəslə.
Sevgilim məktub yazardı tez-tez,
Kaqor içdikdən sonra dostlarla
Məktubdakı xoş günlərin xəyalını
"Viceroy"un tüstüsündə boğardım.
Yorardım özümü başqa
qadınlara gedən yollarda,
Məni sevən qadının
gözlərini yollarda qoyardım.
Hələ döyüşə getməmişdim,
O vaxtlar,
Ölüm küçəmizə, ya qocaların,
Ya da bir məhəllə avarasının
canı üçün gələrdi,
Gülərdik kədərli şeylərə də,
Məsələn,
Bir ayağı olmayan Fazil dayının
Niyə iki ayaqqabıya
pul verdiyini düşündükcə.
O vaxtı döyüşdə idim,
Nə bir məktub gəlirdi sevgilimdən,
Nə dostları tapa bilirdim,
Nə də artıq iki ayaqqabı yarayırdı işimə...
Üstündə döyüşdüyüm dağların
Altındakı mağaralarda can verdim
Bəlkə bir gün uduzdu deyərsiz, amma
Son gülləsinə qədər döyüşdü,
deməyi unutmayın.
Yuxu
1
Bəlkə yuxusuyuq kiminsə,
Qəm yemə,
Oyanar,
Hər şey bitər.
2
Yuxusunda görərkən belə,
İnanmamışdı
Onu sevən bu qədər adamın tapılacağına.
3
Yenə bütün qonşular səs-küyə yığılmışdı,
Yenə yuxusunda
Öldürdüyü adam hücum çəkirdi üstünə.
4
Gerçək olmayacaq qədər gözəl,
Yuxu olmasına dözməyəcəyim qədər
Ağır şeylər yaşadıq səninlə.
Həyatımın səndən sonrası
1
Səndən sonrasıydı həyatımın.
Hansı küçədən keçsəm,
Sevmədiyim tanış kimi
Ürəyimi üzən bir xatirə kəsirdi önümü.
2
Səndən sonrasıydı həyatımın,
Yalanlara
İnanmağa söz vermişdim özümə,
Artıq sənə inanırdım.
3
Səndən sonrasıydı həyatımın
Damarlarını kəsib,
Güzgüyə son şeirini yazan şairi tanımışdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!