Şeirlər - Barat VÜSAL

 

Növbə

 

Tanrım, qəbul etdim bir hökmünü də,

Hamı necə atır bir dərdi, gördüm.

Halal sevincimi əlimdən alıb,

Arxamca sevinən namərdi gördüm.

Gördüm ki, qırmızı geyinməliymiş,

Hamı bu dünyada sevinməliymiş.

 

Nələr olasıymış, Allahım, mənim,

Yaxşı da, yaman da  yaratdığındı,

Yaxşı da, yaman da bəndəndi, sənin.

Bir gün görəcəyəm ölüb gedirəm,

Bir gün görəcəyəm...əstəğfürullah,

İndi də sevinmək növbəndi sənin?!

 

Qarğalar laçına əl çalmalıymış,

Qarğalar laçına lağlanmalıymış.

Hürməsə ağlayır, hürsə sevinir,

İtlərə də sevinc saxlanmalıymış,

Çaqqal vaqqıltıyla öyünməliymiş,

Hamı bu dünyada sevinməliymiş.

 

Sənin dərdin alım, qurbanın olum,

Görürəm hökmünə yoxdu beh-bazar.

Birinə elə bil dərman olurmuş

Birinin heç nədən düşdüyü azar.

 

Mərdin təzə-təzə açan çiçəklə,

Ətrindən öldüyü güllə sevinir.

Namərd qəlbi vurur qara diləklə,

Əlində bir qızıl güllə...sevinir.

           

Növbəylə ağlayıb güləcək hamı,

Hər kəs qəm içində kefinə gedir.

Ölən biləndə ki, öləcək hamı,

Qəbirə sevinə-sevinə gedir.

                       

Gülüb həqiqətə yalan sevinir,

Ölənə əl vurub qalan sevinir.

Bir anası ölmüş balan sevinir,

Bu da növbəsində deyilməliymiş,

Hamı bu dünyada sevinməliymiş.

 

Bir oğul boş qoyub yurd ocağını,

Doğma bir qapını çırpıb sevinir.

Bir yad qucağında, yad ocağında

Sevinmək növbəsi tapıb sevinir,

Öpür yad ətəyi, yad ayağını,

Guya sevincini öpüb sevinir.

 

Hər günün əbədi növbədi bəlkə,

Hər anın növbədi...basabas düşür.

Hamı sevinsə də, sevinə bilmir,

Amma sevinməkdən hər gün söz düşür,

                        hər an söz düşür.

 

Mən də səhv eylədim hansı sözləsə,

Mən də öz yolumu azıb sevindim.

Vermədim əlimdən növbəmi nəsə,

Üzünə ağ oldum elə indicə,

Çatıldım, dağıldım elə indicə,

Yüyürdüm, yıxıldım elə indicə,

Mən də bu şeirimi yazıb sevindim,

Mən də yazığammış, yazıq...sevindim!?

 

 

Ziyarət

                

Kərəmə lələyəm, Qəribə yoldaş,

Mən eşqin camını içmiş şairəm.

Mən sözün quluyam, sözün şahıyam,

Sazın köynəyindən keçmiş şairəm.

         

Dünya gözlərimdə bir yuxu - röya,

Dünya məni görür,

                        gedib yuxuya,

Dünyaya gəlməmiş gəlib dünyaya,

Dünyadan köçməmiş köçmüş şairəm.

 

Barat sadiq qalıb öz adətinə,

Aldanmaz dünyanın zər-ziynətinə.

Könüllər mülkünün ziyarətinə

Evdən baş götürüb qaçmış şairəm.

 

 

 

Təcnis

 

Buludlu havada günəş gəzmirəm,

Koroğlu - şəfəqdi, Koroğlu - Dandı!

Günəş olduğunu elə mərddi ki,

Koroğlu öymədi, Koroğlu dandı.

 

Sıçrayıb baxasan ata, belindən,

Atan şeşpərini ata belindən!

Oğullar gəlibdi ata belindən,

Nə ki, igidlər var, Koroğludandır!

 

Barat, deyil kor, Alının oğluyam,

Ömrü daşa koralının oğluyam.

Koroğlu tək kor Alının oğluyam,

Gədaymış... zatını kor oğlu dandı.

 

 

 

***

Adam çoxaldıqca...adam azalır,

İnsan çoxaldıqca qar-qardaş artır.

Dərəyə yağdıqca əriyib gedir,

Zirvəyə yağdıqca qar qardaş, artır!

 

Elə ki, mərd oğul mərdə yar olur,

Ya mədəd! - deyənlər mədədkar olur,

Aqil məclisində mərd əyar olur,

Nadan məclisində yekə baş artır!

 

Dönmə öz sevgindən ölüncə, Barat,

Sev incə, de incə, gül, incə, Barat!

Bir bəndə sevgisi görüncə, Barat,

Allahın sevgisi birə-beş artır!

 

 

 

Bax

 

Ağıl var elə bil, ağılı yoxmuş,

Könül var, sən ona ağıl kimi bax!

Nağıl var, oxusan, dastan bilərsən,

Dastan var, oxuyub nağıl kimi bax!

 

Ömür çilik-çilik, bölük-bölükdür,

Yük var ki, bir tükmüş, tük var ki, yükdür...

İz var ki, cığırdan, yoldan böyükdür,

Yol var ki, uzanır cığır kimi...bax!

 

Su var ki, özünə yetirər səni,

Xızırtək tərkinə götürər səni.

Sahil var, ümmantək batırar səni,

Ümman var, qoynuna sahil kimi bax,

 

Harda ki, viranə - xaraba varmış,

Orada deyirlər, bayquş ularmış,

Həyat dedikləri xaraba - bayquş,

Ölümə bülbüllər oxur kimi bax!

Eşqə ki, ay Barat, kim can verirmiş

Bəşərə o, şöhrət, o, şan verirmiş!

Özünü gözəllə nişan verirmiş...

Gözələ Allaha baxır kimi bax!

 

 

 

Neçəyədi?

 

Bu gözəlin yerişi

bir görüm, neçəyədi?

Bu gözəlin gülüşü

bir bilim, neçəyədi?

 

Sorğusu-adı yoxmu,

Duyğusu-dadı yoxmu?

Qiyməti-zadı yoxmu,

bu gülün... neçəyədi?!

 

Bumu yaradan, yağı?

Hanı bunun darağı?

Hər gün sığallanmağı

bu telin, neçəyədi?!

 

Dilim sözə yatarmı,

Söhbətimiz tutarmı?!

Alsam, pulum çatarmı,

bu zalım neçəyədi?!

 

Çiçəyim, gülüm gözəl,

Çatmadı pulum, gözəl!

Öl! desən ölüm, gözəl,

bə ölüm neçəyədi?!

 

 

 

Çətindir

 

Biri göznən, biri qaşnan danışır,

Biri oxnan, biri daşnan danışır.

Keçməlisən bir başdan! - danışır,

Bu qızlarla söhbət etmək çətindir!

 

İstəyirsən iş görəsən xeyirxah,

Əlin ələ, telin telə dəyir, bax!

O dəqiqə əllərinə döyür, bax,

Bu qızlarla söhbət etmək çətindir!

 

Qabağını igid həngi kəsirmiş,

Döyüş, cəngi, güləşəngi kəsirmiş.

Lap elə bil Ərəbzəngi kəsirmiş,

Bu qızlarla söhbət etmək çətindir!

 

Günah çoxdu açan güldə, danışaq,

Gündə olmur, ayda, ildə danışaq.

Yaxşı, indi hansı dildə danışaq?!

Bu qızlarla söhbət etmək çətindir!

 

Qılıncını biri qoymur qınına,

İşin bitib, susadımı qanına.

And içdimi dayısının canına,            

Bu qızlarla söhbət etmək çətindir!

                       

Sürmə çəkib qələm-qaşa, gəlirlər,

Qaqqıldaşa-qaqqıldaşa gəlirlər,

Barat, sən tək, onlar qoşa gəlirlər,

Bu qızlarla söhbət etmək çətindir!

 

 

 

Mən də ulduz oldum

 

Səhər açılmamış düşdüm qatardan,

Ulduzlar səmada gülürdü hələ.

Ürəyimin başı yanırdı yaman,

Gəlmişdim, görüşəm mən sənin ilə.

 

Son bahar gecəsi, ulduzlu gecə,

Sizin ev tərəfə tez addımladım.

Bax, bu da... bax, bu da qaldığın küçə,

Bilmədim, addımı heç necə atım?!

 

Tələsdi ürəyim, nəydi məqsədim,

Dayandım, boylandım göylər boyunca.

Ulduzlar! Ulduzlar, sönməyin, dedim,

Qoy mənim mələyim yatsın doyunca!

Düşündüm, tərpənsəm eşidəcəksən,

Qıymadım, yuxudan oyadım səni.

Düşündüm kim bilir, elə indi sən,

Bəlkə də yuxuda görürsən məni?!

 

Görürsən əlimdə bir parlaq ulduz,

Deyirsən, bizimmi baxtımızdı bu?

Deyirik, gülürük, coşur arzumuz,

Qoşa seyr edirik karvan yolunu.

 

Dayandım, bilmədim düzü, nə edim,

Bir xeyli boylandım göylər boyunca.

Ulduzlar! Ulduzlar, sönməyin, dedim,

Qoy mənim mələyim yatsın doyunca!

 

Addım atmadım ki, duyub qalxarsan,

Vaxtından çox qabaq açılar səhər.

Addım atmadım ki, göylərdə bu an

Sönməyin, dediyim ulduzlar sönər.

 

Gözlədim, diksindim gələndə bir səs,

Dedim ki, ey külək, sən də əsmə, dur.

Səs salsan, sevgilim yuxlaya bilməz,

Bu gecə mənimdir, bir də onundur.

 

Mən addım atmadım bir daha, dostlar,

Boylandım həsrətlə bir pəncərəyə.

Elə bil, bir əsr yandı ulduzlar,

Mən də ulduz olub çəkildim göyə?

 

 

 

Təcnis

 

Ucadır Ələsgər, Alı da, gördüm,

Alanlar kamını ay belə alı!

Olanda olasan ucadan uca,

Ay belə müqəddəs, ay belə ali!

 

Günəşin əksi var Lalə, rəngində,

Lalə görkəmində, lalə rəngində.

Geyəndə geyəsən lalə rəngində

Ay belə zərbaftı, ay belə alı...

 

Barata da kərəm Minadan olar,

Mina günəş olar, Mina Dan olar.

Bir adam olsa da, min adam olar,

Ay belə Ələsgər, ay belə Alı!

 

 

 

Peşman deyiləm

 

Alçağa, namərdə, şeytan-şümürə

Düşmən olduğuma peşman deyiləm.

Başımdı ağrıyan başlar içində,

Baş mən olduğuma peşman deyiləm.

 

Artdı karsalalar "karam" dedikcə,

Azaldı halallar haram yedikcə.

Naşılar yox oldu "varam" dedikcə,

"Heç " mən olduğuma peşman deyiləm!

 

Çoxu qəm içində, mən öz kefimdə,

Qırdığım şüşədi canı Divin də.

Şeytanı daşlayır Kəbə evində,

Daş mən olduğuma peşman deyiləm!

 

Özünə qurğudu bütün qurğular,

Qartalın yanında nədir qırğılar?!

Qıranda meşədə məni qırdılar,

Yaş mən olduğuma peşman deyiləm!

 

Gəl, ay Məlikməmməd, gəl, qan-tər tökək,

Gəl, "Qızıl Alma"nın keşiyin çəkək!

Uçanda uçuram Zümrüd quşutək,

Quş mən olduğuma peşman deyiləm!

 

Barat, gah üzürəm, gah boğuluram,

Hər dəfə təzədən mən doğuluram.

Peşman olmayanda peşman oluram,

Peşman olduğuma peşman deyiləm!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!