"Oğuz elinin xanımları" silsiləsindən
Qız axtaran sənin kimi olmaz,
ərən Qanturalı;
səhər gedib günorta gəlmək olmaz,
üzü niqablı Qanturalı;
günorta gedib axşam gəlmək olmaz,
Qızılcıq atlı Qanturalı.
Trabzona gəldin sorağıma,
gəldiyin yerin
dolanbac-dolanbac yolları vardır;
o dolanbac yolları gecə keçdin;
gəldiyin yerin
atlılar batdıqca çıxa bilməyən,
keçilməz palçığı, çamurluğu vardır;
o çamurluğa qum tökdün;
gəldiyin yerin
əjdaha ilanlar dələ bilməyən,
qalın meşələri, sıx ormanları vardır;
o meşəyə çaxmaq çaxıb od vurdun.
Hörmətlə qarşıladı atamın elçiləri səni,
ağ çadır qurdular,
iri xalça döşədilər,
ağ qoyun kəsdilər;
yeddi illik al şərab içirtdilər,
atam Təkurun hüzuruna gətirdilər.
Qalınlığım-qaftanlığım üçün
üç heyvan saxlayırdı atam;
elçilərimi sınağa çəkmək üçün
üç heyvan saxlayırdı atam.
biri qara buğa idi,
biri quduz aslan idi,
biri də qara buğra idi;
üç heyvan saxlayırdı atam.
Hər kim mənə talib çıxsa,
o heyvanlarla döyüşməliydi;
yenməyənin başı əldən gedirdi,
qalamızın bürcündəki otuz iki başı
gördünmü igid;
hərəsi bir bəyin oğluydu,
adımı tutub gəlmişdilər;
o otuz iki nəfər
aslanla buğranı görməmişdi heç,
qara buğaya yenik düşmüşdülər,
atam başlarını vurdurmuşdu.
Qarşıdakı uca dağı aşıb gəldin,
aşqın-daşqın suları keçib gəldin,
atamın dar ətəyinə,
gen qoltuğuna sığınıb gəldin,
mənə elçi düşdün, igid.
Bəylər yığıldı,
meydan quruldu,
atam uca yerində rahatlandı,
mən köşkümdə yerləşdim,
qırx igidin müşayiət etdi səni,
meydana girdin, igid,
səni gördüm, ürəyim atlandı;
meydana girdin igid,
oxsuz ovladın məni;
meydana girdin, igid;
qorxdum sənə görə, igid,
heyifdi sənin kimi nər
vəhşi heyvan əlində həlak ola;
tanrıya yalvardım, igid.
Atamın ürəyinə rəhm sala,
qorxdum, igid,
rəngim saraldı donum kimi.
Buğanı çəkdilər meydana,
dəmir zəncirdə
buynuzunu daşa çaldı,
daş ovxalandı,
üstünə hücum çəkdi, igid,
qorxmadın, gözünü də qırpmadın,
otuz iki talibimi həlak edən
qara buğa
yumruğunda can verdi.
Atam dedi: - yaman igidsən,
qız sənindir,
namərd dedi: - tələsmə, Təkur,
heyvanların başı aslandır,
onunla da oyun göstərsin,
qızı alsın.
Ağ qamışlıqda sarı gönlü daylar basan,
şah damarından qanını sovuran,
qılıncdan qaçmayan,
oxdan qorxmayan
bir aslandan qorxarmı heç, igid?
Aslanı çəkdilər meydana,
ondan da qorxmadın, igid!
Aslan da daddı
yumruğunun ləzzətini;
kəlləsi parçalandı,
sümükləri xırçıldadı.
Atam dedi: - yaman igidsən,
qız sənindir,
namərd dedi: - tələsmə, Təkur,
heyvanların başı buğradır,
onunla da oyun göstərsin,
qızı alsın.
Buğranı çəkdilər meydana,
coşub kükrədi,
ağzının köpüyü töküldü yerə.
Qorxma, igid,
qara buğranı xurd-xəşil etdin;
quduz aslanın belini bükdün;
qara buğrayamı yenik düşəcəksən?
qarı-qoca şayiə yayar,
el-oba şəbədə qoşar:
"igid buğraya yenildi", deyərlər;
buğa kimi, aslan kimi
buğra da heyvandır,
bilməzmisən, igid,
dəvə burnundan əzilər,
bilməzmisən, igid!
Məsləhətimi qulaqardına vurdun;
qız sözüylə davranmadın,
həya elədin, ar elədin,
olsun, igid!
Buğranı çiyninlə əzdin,
yerə yıxıb başını kəsdin,
onu da həlak etdin, igid!
Atam dedi: - yaman igidsən,
səni gözüm gördü,
könlüm sevdi,
qız sənindir;
qırx yerdə bəy-gəlin otağı qurdurdu,
qırx gün, qırx gecə ziyafət verdi,
ozan gəlib gəlin havası çaldı.
Kama çatdıq, igid,
tay tayını tapar, igid,
tayın mən oldum, igid,
sən yerindən durmadan
mən durmuş olaram, igid,
sən Qaracıq atına minmədən
mən minmiş olaram, igid;
sən qanlı kafir elinə getməmiş
mən gedib sənə baş gətirərəm igid;
sağıma-soluma qoşa yay çəkərəm
atdığım ox yerə düşməz, igid.
Sənə evdə yar olaram,
cəng meydanında yoldaş olaram;
dostunu əzizlərəm,
düşməninin başını üzərəm.
Yaralansan, ürəyimdən qara qanlar axar,
tərkimdə meydandan çıxararam səni,
öyünərsə ər öyünsün, aslandır,
mən öyünsəm, nöqsan olar, igid!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!