Şeirlər - Şahin HƏMİDLİ

 

Yeni şeirlər kitabıma

 

Təmiz hava kimi gəl udum səni,

Gözümdə eynəksən, əynimdə geyim.

Söz-söz, misra-misra oxudum səni

Bilmirəm haqqını necə ödəyim.

 

Bu böyük dünyada kiçik zərrəsən,

Sıxmısan bağrına bulaq suyunu.

Mənim həyatımdan bir mənzərəsən

Səndədir ömrümün toyu-düyünü.

 

Vuruldum səndəki məna ətrinə

Salmadım özümü qovha-qovduya.

Bəlkə yuxularım dəyib xətrinə

Arada yol verib başdansovduya.

 

Saldın öz qəlbinə sən ahlarımı,

Sözümü bəzədin naxışla, kitab.

Bütün səhvlərimi, günahlarımı

Səni yazdığıma bağışla, kitab.

 

Yandın qaranlıqda işıqlar kimi

Sənə ürəyimi verdim, yeridim.

Yerimək öyrənən uşaqlar kimi

Tutdum ətəyindən durdum, yeridim.

 

Səninlə imana, dinə gəlirəm,

Dilimdə bağlanan söz qabarısan.

Səni başdan-başa əzbər bilirəm,

Mənim yaddaşımın şah damarısan.

 

 

 

Burdan kəndimizə elə baxıram

 

Xəyal məni çəkir dağlar qoynuna

Təpələr əyri bel, qayalar çopur.

Elə sarılıram kəndin boynuna

Mən onu, o məni doyunca öpür.

 

Buludla doludur dağların üstü,

Yerlərin ruhunu göy udur bəlkə.

Təndirxanalardan qalxan o tüstü,

Mərhum anaların ruhudur bəlkə.

 

Nə qədər yazarlar dağdan, qayadan,

Adını çəkərlər yalın, yamacın.

Qəlbində coşmağa ilham oyadan

Ana təbiətə sevgim əl açıb.

 

Mamır ətri gəlir qaya gədikdən,

Dindirə biləydim kaş, qayaları.

Göy üzü görünmür sıx meşəlikdən,

Düşür üstümüzə gün şüaları.

 

Qarışıb suyuna məndə axıram,

Dəyişib bulağın donu elə bil.

Burdan kəndimizə elə baxıram

İlk dəfə görürəm onu, elə bil.

 

 

 

Namaz xalçasıdır şeir dəftərim

 

Məni güldürəndə gülmüşəm, Allah,

Ən böyük sevinci özün ver mənə.

Yenə hüzuruna gəlmişəm, Allah,

Bir mömin bəndəyəm, dözüm ver mənə.

 

Çevirim dilimdə sözü qibləyə

Yazmağı, pozmağı bir adət edim.

Mənimtək dayanıb üzü qibləyə

Qələm də, kağız da ibadət edir.

 

Yaxşının dostuyam, pislərə yadam,

Duyğular qəlbimdə xoş avazlıdır.

Sevincin başına məs çəkir nidam,

Nöqtəmlə vergülüm dəstəmazlıdır.

 

Sevgimin gözündə yenə sökür dan,

Təsbehin qazancı zikirlər olsun.

Hər şeyə qadirdir böyük Yaradan,

Onun varlığına şükürlər olsun.

 

Dayanıb arada bir nəfəs dərim,

Şeirə bir azda marağım artar.

Namaz xalçasıdır şeir dəftərim

Sərilib sözlərin ayağı altda.

 

 

 

Türkiyədə meşə yanğınları zamanı yazdığım şeir

 

Türkün türkdən başqa dostu var, qardaş.

 

Od tutub alışır söz qucaq-qucaq,

İçimdə qalxmışam odla davaya.

Dinim helikopter, imanım uçaq,

Odu söndürməyə qalxır havaya.

 

Tüstüyə qərq olub yollar, cığırlar,

Gör necə alışıb sevgim içimdə.

Hisslərim özünü oda yaxırlar

Qəmim alov boyda, alov biçimdə.

 

Mənə od vurubdur şeytan sürüsü,

Od-alov içində közərir ürək.

Üstümü-başımı alov bürüyüb

Yanıram Türkiyə meşələritək.

 

Odlanıb yaddaşım yadın içində

Arzu da, istək də, güman da yanır.

Meşə çabalayır odun içində,

Dərənin içində duman da yanır.

 

Alov içindədir hər qaya, hər daş,

Yanan meşə deyil, türkün qəmidir.

Türkün türkdən başqa dostu var, qardaş,

Onlardan biri də - Şahin Həmidli.

 

 

 

Köç edib Bakıya, sığınıb mənə

 

Kəndimiz üçün

 

Bir an adı düşmür dodaqlarımdan

Kəndin ətri gəlir sözümdən mənim.

Yolları əl çəkmir ayaqlarımdan,

Xəyalı çəkilmir gözümdən mənim.

 

Bəzən imdadıma çatmayır səbrim

Gizlincə kövrəlib, lap ağlayıram.

Qəlbimdə yaşayır anamın qəbri,

Öpüb, başdaşını qucaqlayıram.

 

İçimdən boylanır kənd qəbristanı,

Dünyadan köçənlər orada yatır.

Tağ atıb sinəmdə sevgi bostanı,

Xatirə ləkləri yaddaşımdadır.

 

Yatır ürəyimdə məhəbbət payı,

Sağı da, solu da əzizdir mənə.

Nəinki bulağı, nəinki çayı,

Qurbağa gölü də əzizdir mənə.

 

Küləkdir, dumandır, bəri-bəzəyi,

Nanəsi, yarpızı bitir mənimlə.

Girib qılığıma daşı, kəsəyi,

Hara gedirəmsə, gedir mənimlə.

 

Dərəsi qarışıq, düzü qarışıq,

Verib qayasını, dağını mənə.

Nəyi var, götürüb özü qarışıq,

Köç edib Bakıya, sığınıb mənə.

 

 

 

Sevgiylə təsvir et bahar fəslini

 

Bir rəssam dostuma

 

Yeri qaldır göyə, göyü sal yerə,

Çıxar, təzədən ək kolu, ağacı.

Nəzər sal müqəddəs ocağa, pirə

Doldur kətan üstə yalı, yamacı.

 

Bir qaya rəsmi çək, dibində bulaq,

Gecə də, gündüz də suyu çağlasın.

Hündürdən boylansın başı qarlı dağ,

Göydə şimşək çaxsın, bulud ağlasın.

 

Aydınca görünsün yerin hər yanı,

Payızın xəzanı, bəhəri ayrı.

Yadından çıxarma sökülən danı,

Gecəni ayrı çək, səhəri ayrı.

 

Çiçəyi çırtlasın dumanın, çənin

Havanın ürəyi sirr ilə dolsun.

Zülmətin içində qalan gecənin

Üz-gözü işıqla, nur ilə dolsun.

 

Sevgiylə təsvir et bahar fəslini,

Dərənin içində duman bozarsın.

Aydın səmaları sən elə çək ki,

Günəş doğan zaman üfüq qızarsın.

 

O qədər canlı çək qayanı, daşı,

Seyr edən gözlərin şəklini çəkim.

Kətanı şəkillə doldur, qardaşım,

Qoy mən də sözlərin şəklini çəkim.

 

 

 

Yaz yağışı

 

Bu yağış göylərin alın təridir,

Yağır üstümüzə su yaz səhəri.

Buludlar səmanın gəmiləridir

Səfərdən qayıdır bu yaz səhəri.

 

Səma dənizində fırtına qopub,

Qəfil şimşək çaxır, göy guruldayır.

Səmadan torpağa nur tökülür, nur,

Göydə damcı-damcı su parıldayır.

 

Elə bil sonudur göydə hər şeyin,

Üfüqlər ağ bayraq qaldırıb sanki.

Çöllərə işığı düşüb şimşəyin,

Həyəcan fitidir ildırım sanki.

 

Üzünə nur gəlib qara daşın da,

Çiçəyi çırtlayıb otun, yarpağın.

Çöl-çəmən yuyunur yaz yağışında,

Ürəyi açılır qara torpağın.

 

Baxmamaq, görməmək yaxşı deyil heç,

Göydən çəmən-çəmən yaşıllıq yağır.

Bəlkə də bu yağan yağış deyil heç,

Göydən təmənnasız yaxşılıq yağır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!