Bir daha musiqi
Musiqi siqə dost-sirdaşı deyil,
Ana sinəsindən əmdiyin südtək.
Sümük iliyində, damarlarında
Axan qan yaradan sirdir, ecazdır.
Musiqi sehrilə müqayisədə
Başqa möcüzələr naqis, acizdir.
Möhtərəm xanımlar, sayın cənablar,
Müsaidənizlə,
Musiqi muskat
Şərabı kimi
Lap elə viski tək
Məstedicidir.
Müstəbid
Streslər müsibətindən
Xilasa müstəsna
Müstəqim yoldur.
Yəqin bu füsunkar harmoniyanı
Xoşlayır Allah da, sevir, həzz alır.
Musiqi üstündə oxunan dua
Mən fikir vermişəm müstəcəb olur.
Döyüşlər səhnəsi, müstəvisində
Müsiqi müsəlləh əsgərdi bəzən.
Müsəlman, ya da ki, tərsa birisi
Musiqi sevmirsə quldur, kölədir,
İnsanlıq adına yamaq, ləkədir.
Mənim bu müstəqil, azadlıq dünyam
Müsuqi zəbt etmiş müstəmləkədir.
Musiqi, musiqi sidqi-ürəkdən
Sevdiyim munis dost, qəlb həmdəmimdir.
Musiqi sehrli səslər dünyası,
Rənglər aləminə seyrə çıxdığım
Qanadlı uçağım, bəyaz gəmimdir...
May-2017
Muğamla söhbət və təvəqqe
Zəngulə zilində zirvəliyəm mən,
Sən bəmin qəminə gəl gömmə məni.
Sən danış kiməm mən, hardan gəlmişəm,
Hövsanlı, Xiləli, Zirəliyəm mən?!
Haçan doğulmuşam, haçan ölmüşəm...
Mən ki, öz ömrümü yarı bölmüşəm.
Yarısı öz ömrüm, yarı yadların.
Kimlərçin ağlayıb, kimə gülmüşəm,
Nədəndir bəs indi xatırlamıram
Bir vaxt doğma olan tanış adları.
Sevdiyim hər kəsdə bir zərrəm qaldı...
Onlar da mənimtək unutqandırmı?
Kimlər ki, ağlımı başımdan aldı,
Huşumu apardı, indi bilmirəm
Gözümdən bu gələn yaşdı, qandımı?
Tutiya ömrümün tütək səsində
Alışan odundan, közündən danış.
Bu təşnə ürəyim şeh həvəsində...
Sənə zəhlətökən görünsəm əgər,
Keçib günahımdan, özündən danış
Tütək köks ötürsün, balaban dinsin...
Kimə yalan dedim, özüm yanıldım.
Kamanın dumanı köksümə sinsin,
Yaxşılar-yamanlar yada düşəndə
Rəhmətlə bəlkə bir mən də anıldım.
Ömür uzadandı diriyə rəhmət...
Qalanı yadlarçın təki yaşayım.
Boynumda yer qalsa günahlarımdan
Razıyam, Qolqofa özgə günahın
Dözüb yüz zillətə özüm daşıyım.
Talelər cağlayan tarix dastanı,
Bir səndə hər bir kəs özünü tapar.
Tək sənsən haqlayan yeyin, astanı...
Sənlə qovşuram Qarabağıma,
Məni bu ümidsiz boşluqdan qopar.
...Zəngulə zilində zirvəliyəm mən,
Könüllü gömülləm bəmin qəminə.
Şuşa, Ərgünəşin zəliliyəm mən,
Al məni o bəyaz, sədəf gəminə
Sən apar Ziyarat ziyarətinə...
Avqust-2017
***
Ən acı intizar
həsrət qaldığın vüsaldır.
Ən çox qorxduğun
heç vaxt özünə
vermədiyin sualdır.
Ən doğma ağrın
hərdən dözməyib bağırdığın,
əlacını tapmadığın bağrındır.
Ən çox cəkindiyin qaranlıq
içindəki şamın sönməsidir.
Ən çox hazır olmadığın
köhnə sevgilərin
səni qəfil yaxalayan
geri dönməsidir.
Ən dadlı nemət
əlin çatmayan,
toxunmağa belə
cürət etmədiyin budaqlardadır.
Ən titrək öpüş
heç vaxt
qismətin olmayacaq dodaqlardadır.
İllərlə səni
göynədən görüş
bəxtinə yazılmayandır.
Ən hüznlü məzar
vətən torpağında qazılmayandır...
Dekabr-2018
İnsanlıq dincələn yerdə
Burda nə desən var...
Gəmrilib atılmış
Qarğıdalı qalıqları,
Küləyin qovduğu
Selofan kisələr,
Boş siqaret,
Kibrit qutuları,
Qırılmış eynək qulaqcıqları,
əl basıb and içdiyimiz,
tikəsini gözümüz
üstünə qoyduğumuz
çörək parçaları...
Çimərlikdi bura.
Mavi gözlü
Xəzər sahili
Sönüb qaralmış
Siqaret kötükləriylə
Sürmələnibdi.
Dişə çəkilmiş
Qabırğa qabığı yerdə,
Begemot əndamlı birisi
Çox mədənidi, amma
Ayağının ucuyla
Qumu eşib çala düzəldir,
Qabaqdan qalan
Qarpız-yemiş qabıqlarını
Orda gizlədir.
Ana dediyimiz
Doğma torpaq.
Canımız qurbandı sənə.
Keçmərik bircə qarışından da
Biz ki, əziz qədrini bilirik
Heç qoyarıq səni
Yadlar-yağılar zibilləsin!
Özümüzə nə gəlib ki,
Özümüz bu işin
Öhdəsindən yaxşı gələrik...
İyul-2017
Öz vaxtından qaçan adam
İllərlə öncə
dünyasını dəyişmiş
rəssam dostum
Kamal Əhmədin
xatirəsinə
Öz vaxtından qaçan adam,
Zamanından gələcəyə,
Gah keçmişə üçan adam,
Nə gördün vaxt keçidində,
Axan zaman ləngərində,
Ötən anın becidində?!
Durğun su tək
Durğun vaxt da
Hərdən bıqdırır adamı.
Hərdən quruyur sanki
Axmaz zaman kəhrizləri.
Qərinədən-qərinəyə,
əsrlərdən-əsrlərə
dəhmərləyib köhlənini
necə keçdin dəhlizləri?!
Nə doğmadır
Ötən vaxtdan gətirdiyin,
Çox yandırır
Keçmişlərdə itirdiyin.
Möhtəşəmdir
Gələcəkdən soraqların.
Sirli işarələrlə dolu
Şifrələnmiş varaqların.
Öz vaxtından qaçan adam.
Vaxt səyyahı,
Sən ki dövrün
Sakini ki, deyilsən...
Səni duyan, anlayan az,
Üzünə deməyə cürət tapmayan,
Qarana danışan qoçaqdan olmaz.
İnsanlarçın tapmacaya,
Dönmüsən bir bilməcəyə.
Ya keçmişdə qalmalısan,
Ya da uç get gələcəyə.
Ötənlərin qasidisən,
Yatırların varisi.
Gələnlərin müjdəçisi
Qızıl quşlar süvarisi,
Zamanlarda sən get yaşa!
Səni gec-tez anlayarıq,
Peşiman olub da sonra
Özümüzü susqun-çaşqın
Kirimişçə danlayarıq...
May-2017
Yuxusuzluq
Astarı üzünə çevrilmiş zaman
Pəncərəmin o üzündə
Qara kaha qulağını
Dirəyib aynaya.
Ulduzlar işildaquşlar kimi
Qopub otağımın tavanından
Yazı masasına tökülüşüb əriyir.
Ulu nənəm
Vaxtın sapını
Cırıltılı cəhrəsində əyirir
Çöhrəsində müqəddəs
Hörümçək rübənd hörüb, tor hörüb...
Sol gözünün qapağı
Kəpənək qanadıdır, səyriyir...
Çağıran da yoxdur
Axır ki, gəlsin eşikdən
O ağlayan uşağı.
Bilmirəm, niyə gəlib aparmadı
Çocuq İsmayılı ulu İbrahim babası.
Yetirə bilmədi yəqin
Qapadı onu da
Afrindən fırladılan raket bombası.
Bir yandan da bu kirpilər...
Doğalın zəhərindən
Cəngin küyündən
Ürküşüb qaçan
Kirli kirpilər doluşub
Döşəyimin altına
İndi elə kirpi rəngindədir yəqin
Kirpiklərimin altı
Altı qat alt qatda
Yatmadığım yuxular,
Aralıq dənizində,
İtaliya sahillərində batan
Lastik təknələrdə boğulan
Liviyalı qardaş-bacılar, körpələr.
Yem oldular balıqlara.
Qarabağda, Laçında
Qaytaran oğlu Aydın
Həkəridən tutduğu xırdaca göy balıqları
Atıb ağzına diri-diri udurdu.
Maykasının üstündən
Baxanda belə
Hiss olunurdu ki,
Mədəsində tərpəşirlər.
Maraq məni götürdü,
Sahil çınqılında
Atılıb-düşən
Bir cınqılısını da
Mən ağzıma atdım.
Bumbuz idi dipdiri sürüşkən
Gümüşü varlıq.
İkinci dil kimi
Dolandı ağzımda.
Gülmək məni tutdu,
Ölmək tutsaydı yaxşıydı amma.
Sürüşüb getdi qarnıma.
Tərpəşirdi o!
Ətim ürpəşdi...
O vaxtdan mənə elə gəlir ki,
İçimdə böyüyüb o balıq
Neçə dəfə məni Xəzərdə, Göyçədə,
Yeniseydə, Kürdə
Batmaqdan xilas edib.
Hətta bir dəfə
Qara dənizdə, Göytəpə-Koktebeldə
Körfəzdə üzərkən
Qəfil toqquşduğum
İri delfin də məndən ürküb
Üzüb getmişdi.
Yəqin hiss etmişdi
İçimdəki akulanı...
Mən də çəkinirəm amma
Dünya nəhrində üzən balinalardan.
Di gəl, onlar da
Kimdənsə, nədənsə, demə, qorxurlar.
Odur ki, bəzən
Sürüylə özlərini sahilə atırlar.
Budur, bax
İndi də elə
Sübhün gözü açılmamış
Balina leşiylə
Doludur yataq odam...
...Yataqdan güclə dikəlib
Nəfəsliyi açıram.
Bir udum təmiz hava
İstəyir adam...
Yanvar-2018
***
Məni düşündürən
bu deyil hələ
nə odu nə budu
məni düşündürən
olanlardan o yana olmayanlardan bəridir
di gəl olanlar
olmayanlar önündə
keçilməsi müşkül barıdır
o ilk dəfə ol deyən
necə oldu ki ol dedi
bəs buna qədər nə düşünürdü
axı düşüncənin də söz libası var
hansı dildə dedi ol sözünü
yoxsa bu adicə sədalar idi
bunun bu qədər bəsit olması
heç inandırıcı deyil
deməli dünyada
bütün mövcud dillərin
ulu bir anası vardır
ondan da tək bircə
Yaradan xəbərdardır
haçan unutduq biz o dili
bəlkə də bütün bəlalar
o unutqanlıqdan başladı...
...indi istəyirsən sən mənə axmaq de,
lap istəsən tut əlimdən
apar ocaq başına dolandır
ancaq həqiqət bu:
olmayanlar olanlardan
daha çox olandır.
Dekabr-2017
Payız milyonçusu
Bilmirəm nə olub bankomatlara,
Pulu xəzinədən xəzəllə verir.
Əskinas salırsan avtomatlara,
Xırdanı qaytarıb qızılla verir.
Bazarda üzümə versən xəzəldən,
Satıcı paraya xırdam yox deyir.
Üzülmə, qonşuda pozduraram mən,
Onda bu mağdurdan xeyli cox deyir.
Məktəbdə müəllim elə əzəldən
Uşaqdan bayramlıq umur xəzəldən.
Toy-bayram çağıdır, toyda xanəndə
Xəzəl xışmalayır deyib qəzəldən.
Həkimlər daş atıb başını tutur,
Pul-para götürməm ət-tövbə deyir.
Xəstəniz sağalar, inşallah onda
Xəzəl gətirsəniz bir torba deyir.
Qızıla bürünüb ulduz bürcləri,
Zəif ulduz da var, xəsarətlidir.
Avtobus, marşrut sürücüləri
Sərnişin yanında xəcalətlidir.-
Qalığı verməyə çatmayır gücü,
Yüzlük, xəzəl verən şellənib gedir.
Növbədən evinə dönən sürücü
Bir xaşal xəzəli şəllənib gedir...
...Avqustdan xatirə qızıl ton qalıb,
Alışıb-qalanır payız tonqalı.
Xalvar-xalvar xasa xəzəl yansa da,
Hələ gör yanası neçə ton qalıb.
Biz ki, təbiətə ərk edənlərik,
Tutaşır tonqalda simurq lələyi.
Payız milyonçusu, bərk gedənlərik
Payız başımıza qızıl ələyir...
May-2017
Gizlənqaç
Sən Bəlkə bölgəsinin Yox ilçəsində
Bilirəm daimi qeydiyyatdasan.
O Adsız meydanda Sirr küçəsində
Gizli yurd salsan da eyzən yaddasan.
Gəmilər, bərələr ora yan almır,
O poçt qatarı da heç getmir ora.
Uçaqlar yolunu kənardan salır,
At-ulağ yolu da heç yetmir ora.
Məndən soruşurlar harda o ünvan,
Deyirlər çətində, bəlkə dardadır.
Deyirəm çordadı, çarda o ünvan,
Yediyim-içdiyim zəhrimardadır.
Odu ki, yaddasan, daim yaddasan...
O yaddan bir hovur bəri addasan,
Cəmi bircə addım...görəcəksən ki,
Könül kövşənimi sən oddamısan...
...Heç dönmə, heç dönmə, heç dönmə geri!
Yeri yox olandan yeri var olmaz.
Yeri o yoxluqda, sonadək yeri...
Dönməsən bu sirr də heç vaxt car olmaz...
Bir həsrət çəpəri, bitsin gözümdə,
Günəşim, Ayım da ilğım görünsün.
Məchulluq çuxası taxım özüm də,
Ardımca divanə ismim sürünsün.
Səsimin sədası soraqda sınsa,
Bir quş kölgəsinə sığışar kölgəm.
Eybi yox lap sən də divanə sansan,
Onsuz da mənim də bəlkədir bölgəm...
...Mən ki, çox axtardım, tapmadım səni!
Niyə bəxt əlindən qapmadım səni?!
Sən ki, hal deyildin, miraj deyildin,
Mən ki, gil-palçıqdan yapmadım səni.
Gizlənqaç oynardıq, uşaqdıq bir vaxt,
Mən yümsam gizlicə baxıb izlərdim.
Haçan əzvay çıxdım, görən mən bədbəxt,
Yoxsa sən qoçaqdın, qaçıb gizləndin?..
Oktaybr-2017
İşğalçı
Bütün dənziləri zəbt eləmisən,
Körfəzlər sənindir, limanlar sənin.
Bütün üfüqlərdən keçib getmisən,
Axmazlar sənindir, ümmanlar sənin.
Bütün zirvələrdə zəfər bayrağın,
Mümkünmü bir azad bucaq qalmasın.
Yer varmı dəyməsin qalib ayağın,
Yurd varmı müzəffər ordun almasın.
Bəlkə ormanlardan bir xəbər alım,
Çöllərdə, düzlərdə azır izlərin.
Hökmünlə göylər də ram olub, zalım,
Bütün ulduzlardan baxır gözlərin.
Total mühasirə, bir işğaldı bu,
Sən indi hər yerdə, hər məkandasan.
Firoon zülmünə gərəkmi sübut,
Doğradım damarı, gördüm qandasan...
Fevral-2017
***
Gəl danışaq...
İnan ki, buna bir
ehtiyac vardır,
mümkünmü bununçün
rüsxət dilənim...
Danışaq,
nə sən dillən,
nə mən dillənim.
Gəl danışaq...
Sözsüz, söhbətsiz.
Bərabər eşidək
donmuş sükutu.
Arada sözlərin,
irad, hikkənin
təslim, süqutu.
Danışaq, danışaq...
Kəlmələr nə lazım,
sözlər nə lazım.
Mən səni bunsuz da
başa düşəcəm.
Sən də ən azı
anlayacaqsan məni.
Gəl danışaq...
Kəlmə kəsmədən.
Havanın xəfifcə titrəyişindən
duyacam qəlbinin çırpıntısını.
Umaram sən də
istəsən anışdırarsan
dodaqda sıxdığım pıçıltıları.
Otur danışaq....
Kirimiş yad edək
ötüb keçəni.
O tutqun sabahı,
qızğın gecəni.
Təkcə gözümə baxma,
istəməm görəsən
satqın yaşartını...
Gəl danışaq...
Tüstülənsin miz üstdə toxunmadığımız
o iki qəhvə fincanı
Qablardan yuxarı
qalxan qəhvə buxarı
havada bəlkə də qovuşacaqdır...
Səssiz oturaq...
Eşikdə bayılmış
O qara Ay da
aydınlıq ələsin ayrılıqlara...
Gəl danışaq...
Noyabr-2017
***
Mən ağıl istədim səndən, ya Tanrım,
Sən ağrı göndərdin, lütfünə şükür.
Bü könül tarımın simləri tarım,
Simləmiş qəlb yaram qızıl qan tökür.
Doğru sorğusunda düzlük aradım,
Oğruya tuş gəldim, yandı imanım.
Yenə də tək sənə gəldi gümanım,
Sən sarğı göndərdin yaram sarıdım.
Beləmi haqq olur, ədalət dedim,
Divana üz tutdum, ətalət gördüm.
Beləmi insana məhəbbət dedim,
Qələtə rast gəldim, ədavət gördüm.
Hardadır mürüvvət, bəs hümmət dedim,
Minnətlə üzləşdim... qismət dedilər.
İsmətdən söz saldım, bəs qeyrət dedim,
Qazancın qınaqdır, töhmət dedilər.
Tanrım, sən hər şeyi göndərdin, ancaq
Tək bircə umduğum ağıldan başqa.
Lütf elə, indi dön bir halıma bax,
De necə yaşayım bu axmaq başla...
Noyabr-2017
Bitdi
O qədər ki, yar, yar dedin,
dilində bir yarə bitdi.
Qış əkdiyin ağ güllər də
yaz gələndə qarə bitdi.
Ahu-zarın axır bir gün
o uca taxt-taca yetdi.
Səda gəldi, yox əlacı
böylə dərdin, çarə bitdi.
Batil oldu din-imanın,
ağız açdın ovsunçuya.
Vec vermədi, heç şaman da
gələmmədi kara, bitdi.
Əlioğlu, ahu-zarla
gətirdin eli zinhara.
Qeyrət elə, birdəfəlik
çək özünü dara, bitdi.
Oktyabr-2017
***
Haçandır hicranın yükü çiynimdə...
Daha mən dözmürəm, gəl ey yarım, çıx!
Bir şeir dilimdə, biri beynimdə,
Yuxuya dalıram alayarımçıq.
Azmışam... özümə gələ bilmirəm...
Bərkdə gərilirəm alayarımcıq.
Ölmək istəsəm də ölə bilmirəm,
Ölüb-dirilirəm alayarımçıq.
Səhərim açılır alayarımçıq,
Gecələr şam yanır alayarımçıq.
Bir dərd ki, birinə deyilən deyil,
Qanan qansa, qanır alayarımçıq.
Vaxt yaman tez qaçır... yetirəmmirəm,
Bağ əkib bar-bəhər yetirəmmirəm.
Daha heç sözü də bitirəmmirəm,
Yazı-pozum qalır alayarımçıq...
Avqust-2017
***
Bu yolun mənbəyi, sonu hardadı,
Aradım, tənimi tufan daradı.
Bir ucda sən vardın, biri Daradı,
Arada dəvikən mən avaradı.
Mən hara gedirdim, döndüm yarıdan,
Başqa bir rəng varmı bu zil qaradan?
Açsın gözlərimi axır Yaradan,
Kor canım qançırdı zərbə-yaradan.
Bir rəngdə olurmu bir dünya sərgi,
Dəyişib dünyanın ritmi-ahəngi.
Qarışıq salmışam şımalı, şərqi,
Başda yüz havadı, dildə bir şərqi.
Kim yapdı bu tale müsibətini,
Köksümdə o tanış tüstüsü-tini.
Dolandım hər dalan, döndüm hər tini,
Tapmadım yolların sənə səmtini.
Bu sirr bir mücridir, ağzı da qapsam,
O yollar dardısa, lap nazik sapsa,
Fələyin əlindən bircə şans qapsam
Səni tapacağam... özümü tapsam...
Dekabr-2016
***
Sən nə bilirsən ki, məhəbbət nədir,
Sən hardan biləsən sevmək necədir.
İntizar bəs nədir, bəs həsrət nədir,
O xiffət, o möhnət, o zillət nədir.
Aldınmı heç eşqin uca adını,
Daddınmı ağrılı acı dadını.
Elə bir bəla ki, mübtəla olan
Dəyişik salır öz doğma-yadını.
Sən hardan biləsən gözləmək nədir,
Axtarmaq, aramaq, izləmək nədir.
Bir anlıq, bir günlük çatıb-yetirmək,
Sonra da ömürlük itirmək nədir...
Zor işdir hər dərdin dərmanın bilmək,
Biri can qurtarır boğazda ilmək.
Elə bir nemətdir yeri var ondan
Bir dəfə dadıb da min dəfə ölmək.
Zərrəsən, sevdinsə dağ olmaqdır bu,
Aldandın, atıldın boğulmaqdır bu.
Onda bir ilahi güc-qüdrət də var,
Hər dəfə yenidən doğulmaqdır bu!...
Sentaybr-2017
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!