Həmid Herisçinin "Həmid Təbrizsiz" adıyla yazdıqlarından

 

Mənim dosyem

 

Mənim dosyem,

mənim dosyem...

Onu vərəqləyib indiyəcən yalnız

Britaniya kəşfiyyatı "M-7",

Bir də yazıçı  Somerset Moem...

 

Üzərliyində

O güc varmiı

Taleyimə tərəf tüstüləməyə?

Kondisionerində o güc varmı

Cəhənnəmi sərinlətməyə?

Əzrailində o güc varmı

Düşmənini öldurməyə?

Velosipedində o surət varmı

mənlə birgə finiş xəttinə yetişməyinə?

Əsən vəhşi küləyində,

zəif, sısqa, titrək kürəyində

Taqətsiz biləyində

o güc varmı, öz qalın dosyeni,

vərəqləməyə?

 

Dosyemdə ilk rəsmi sənəd

Nənəm Nafiyyə Həştərudi ilə

Babam Əlixan Herisçinin

Qacarlardanqalma

Kəbin kağızıdı.

 

Həyatımın ilk naxışıdı...

Tarixin ilk baxışıdı,

Yaxşıdı,

Ancaq yamanca gözü yaşlıdı.

Yamanca çatmaqaşlıdı.

Nənəm Nafiyyə Herisçi

Daim bu sənədi qoynunda saxlardı,

Daim ağlardı.

Bakıya getmiş oğluna məktublar yazardı.

Kəbin kağızı göz yaşlarına bulaşardı,

Yaşarardı,

Hərfləri pozulardı, qarışardı,

Silinərdi bəzi hərfləri...

 

O vaxt həm də dəyişərdi

Təbriz bazarında qiymət tarifləri...

Aşıqların telli sazındakı bəy tərifi.

O  kəbin kağızı

Bax, bu cür sənədləşərdi, rəsmiləşərdi

Tale dəftərxanasında.

Nənəmin yaxasında,

Ağrı vardı qılçasında.

 

Həm də tənəbidəki ən qədim xalçasına

artıq güvələr girişmişdi.

Demək...

Vaxt yetişmişdi...

 

1976-cı ildə sındırdılar bu qələmi,

Gördülər, artıq çox tünddü

            içdiyimiz çayın dəmi,

Həm də Almaniyadakı bizim Rəşid əmi...

Tanınmış həkimdi...

Bu, nənəmi

Frankfurt şəhərində

Şərqi alman, Qərbi alman

            kəşfiyyatının razılığı ilə

görüşdürdülər

düz 30 il ayrılıqdan sonra

Atamla.

 

Dedilər:

"Bax, Qafar ağadı,

Oğlundu...

O isə, geri sıçradı qəfil...

Dedi: Oğlumdu? Odu?

Odu?

Bu, adam yoxxxx,

Oğrudu...

Sonra susdu...

Pıçıldadı...

- Bu doğrudu?

Bəlkə çox uzaq qohumdu?!

Qonşumuzdu?

Hə... o vaxt bu kəbin kağızının

Çox hərfləri silindi, pozuldu.

Ana tanımadı öz oğlunu.

İtələdi qolunu...

Ətrafdakılar pıçıldadı:

"Görünür, ikisi də yorğundu"...

Başladı qohumlar arasında dedi-qodu...

Dedilər, arvad dərman içir,

Hələ yuxuludu.

Sənəddəki hərflərin, cümlələrin çoxu

O vaxt pozuldu.

 

Arvad qayıtdı Təbrizə.

Yenə məktublar yazdı bizə.

Çağırırdı evimizə...

Ölmürdü.

Deyirdi: Qafar ağanı görməsəm,

Ölməm.

 

1979-cu ildə, qışda,  İnqilab vaxtı

Laxlayanda şahın taxtı

Atam kimi geyindirdilər

Bir avaranı

Araya qatdılar qarı, boranı,

Aldatdılar axır arvadı...

Arvad güldü.

Öldü.

Ovcunda bax, bu kəbin kağızı.

P.S. Çadrasının, kəlağayısının düyününü dünyaya açmadı sonra bir daha. Bərk-bərk büründü öz Şərq çadrasına. Çəkildi öz İçəri Şəhərinə. Orda əbədi olaraq itdi birdəfəlik. Dərk etdi ki, uzaq 1946-cı ilin soyuq dekabrında o öz sevimli oğlundan birdəfəlik...bəli, ömürlük ayrılıb. Sonra görüşə də bilərlər, hətta. Noolsun?

 

Təbrizli mürdəşir

 

Mürdəşir işləyirdi Bakıda

Məhəmməd Birya -

Pişəvərinin şairi,

naziri...

Hə, Təzə Pirdə lap axırda

onun qəbuluna gəlirdi -

- Əli, Vəli, Pirvəli...

Hətta yaxası qızıl düyməli

nazir, dramaturq Şıxəli

Qurbanov...

Hə...orda Birya

yenə də nazirdi,

yenə nazir...

Hətta Əzrail ona xatir

Qəfil çixardi istefaya.

Birya ilə qiyafəsini dəyişirdilər,

Sonra gedərdilər o taya,

Bu taya.

 

Özü də, lüm-lüt qəbul edirdi o,

şikayətçiləri...

alırdı əlinə taxma çənələri,

deyirdi: - "Bəli..."

deyirdi: - "İnsan lütdü...

xəyanət labütdü,

o "zapı"lardan, "moskviç"lərdən daim sızan

rəngsiz nöyütdü"...

Bir də gördün, son baxışını, hə,

siqaret kötüyü kimi sümürdü,

Dedi: - "baxın, ölübdü,

Mütrüfdü

bədəniniz, təniniz...

Hanı Moskva malı tuman-köynəyiniz?

Bahalı pencəyiniz?

Axırıncı dəfə geyinməyiniz,

kəfənləməyiniz, bəzənib-düzənməyiniz,

erməni dəlləyiniz....

Mənim ixtiyarımdadır,

Ölüb-dirilməyiniz!!!

 

Deyirdi: - "qəddini əymə, düz uzan, sus,

day danışma,

sözü bir dəfə deyərlər axı adama!

 

Döyürdü də hərdən

o, bu meyitləri!

çıxarırdı çürük dişlərin dibindən,

çürük saitləri, iyli samitləri,

mədənin həzm etmədiyi biskvitləri...

xüsusən, birinci katibləri

qəfil otuzdurardı masa arxasına,

Gül saçardı (taxardı) yaxaşına,

qələm qoyardı barmaqları arasına,

day bilmirəm, harasına...

Deyərdi: "Pişəvərinin ölüm hökmünü yaz

bu kağıza!

Güc verin dəə barmaqlarınıza!

Şükür, Allah rizasına!

Yetişdizmi axır, cəhənnəm darvazasına?

 

Sonra nə desə, nə deməsə,

Keçərdi muğamat səsınə,

Qəfil enərdi zildən pəsə,

Deyərdi birnəfəsə:

- Məndə yox yalan, riya,

Nə Stalinəm, nə də Beriya...

Bax, tanı məni, Biryayam da mən,

Birya!!!

Mənim ixtiyarımdadır indi

Cənnət pulumu mənimsəmiş

Sizin gizli buxalteriya!

 

Cənnətdən cəhənnəmə boynunu

            uzadan nəhəng zürafə ilə

Taleyim birdi.

İnanmayan kafirdi.

 

Qanundu,

Ovsundu,

Bütün maraqlara uyğundu -

            daim həm zaman dəyişir,

həm də Təzə Pirdəki mürdəşir...

Mürdəşir dəyişəndə,

zaman da dəqiqləşir...

 

növbə indi mənə gəlir...

Biryanın son məsləhəti

beyninimdə hey səslənir -

- "bax haa, ölülər hərdən

mürdəşirin barmağını dişləyir!"

 

Həə, özünüzü yığışdırın,

Bakıya təzə

təbrizli mürdəşir gəlir!!!

 

 

 

Bizim döngə

 

Siqaret kötüklərinin

bol olduğu,

bircə külək həmləsiylə

yox olduğu,

qəbiristanlıq mollasının yorulduğu,

ən tənha məzarı seçib,

üzərində oturduğu,

uzaq sarı işıqların ac,

zülmətin tox olduğu,

lüm-lüt qış ağaclarının mənə

bahar fəsli

boyun olduğu,

Borclu olduğu,

insanların öz kölgəsini

fahişə kimi soyunduğu,

divarlara

yad kölgələrin qonduğu,

küləyin sait, ağacların samit

səs olduğu,

səfehliyin mənə aid olduğu,

it-bat bir yerdə,

harda, "Makdonalds" dükanı hələ açılmayıb,

hələ təmirdədi,

təmirdə...

Harda, bütün millət qeybə çəkilib,

soruşsan "hardadılar?"

deyərlər əsnəyə-əsnəyə:

            "Dövlət tədbirinə gediblər,

dövlət tədbirinə"...

mənə tərəf burulur

ordakı vahiməli,

zülmət döngə!!!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!