İlk dərs günü
Aylin məktəbə gedir,
Çiynindədir çantası.
İlk dərs günündə onun
Bələdçidir anası...
Gedir...
Addımlarını
O yeyin ata-ata,
İstəyir ki, məktəbə
Hamıdan qabaq çata!..
Gödələn tütək
Bıçaq götürdü
Balaca Babək.
Kəsib qanqaldan
Düzəltdi tütək.
Dostu Bəkir də:
- Ver, çalım, - dedi,
Aldı tütəyi,
Bir ucdan yedi.
Yarısınıca
Qaytardı geri.
Tütəkdə qaldı
Dişinin yeri...
Bəkir gördü ki,
Babək bərk baxır.
Bəhanə tapıb,
Qımışdı axır:
İncimə məndən,
İncimə, Babək.
Çox çaldığımdan,
Gödəldi tütək!..
Dənizdə boğularam
Evimizin böyründən,
Balaca bir arx axır.
Elə ki, bahar gəlir,
Səsi ucadan çıxır...
Çağırıram:
Durma di,
Düş cığıra, düş izə.
Sən də Kür çayı kimi,
Axıb qoşul
dənizə.
Dinir o, şırıltıyla:
- Kənar dur, canım, gözüm,
Axı mən öz işimi
Yaxşı bilirəm özüm.
Bu gördüyün çöllərdə
Mən bağça-bağ olaram,
Dənizdə nə işim var,
Orada boğularam!
Tısbağa
Tısbağa şəkli çəkdi
Mənim kiçik qardaşım.
Soruşdum: - Tısbağanın
Bəs niyə yoxdur başı?
Qardaşım gülə-gülə,
Tez cavab verdi belə:
- Tısbağa bizi gördü,
Qorxub qınına girdi!..
Meyvəsini yuyan ağac
Bir ağac əkib babam
Çayın lap qırağında.
Gör nə qədər alma var
Onun hər budağında.
Suya uzadıb ağac
Budağının birini.
Dönə-dönə yuyur o,
Çayda
Meyvələrini.
Yaxın gəlib ağaca,
"Bəh-bəh, bəh-bəh," - deyərik,
Yuyulan meyvələrdən
Bir-bir dərib yeyərik.
Kenquru
- A kenquru,
Söylə, nə
Yığmısan o kisənə?
- Gizləyən deyiləm mən
Dövlətimi, varımı...
Kisəmə yığmışam bax,
Körpə balalarımı!..
Ocaq
Çöp yığdıq qucaq-qucaq,
Araz
dayandı gendə.
Çöpdən qaladıq ocaq,
Araz
dayandı öndə...
Oxlu kirpi
Bir gör oxu nə çoxdur, -
Amma heç yayı yoxdur.
Vecinə də almaz o,
Təhlükəni,
Qorxunu.
İstədiyi tərəfə
Yaysız atar oxunu!..
Toyuq-cücələr
Bizim toyuq-cücələr
Yayılar sola-sağa...
Biri çəpərə çıxar,
Biri qonar budağa.
İstəsəm ki, onları
Toplayım bir yerə mən;
bundan ötrü gərəkdir
Cəmisi bir ovuc dən!
İtən çəpiş
Bizim qonşu Rəmişin
Qara çəpişi vardı.
O, hər gün
Çəpişini
Çəməndə otarardı.
Görünmədi çəməndə, -
İtdi çəpiş
Bir dəfə...
Rəmiş çəpişdən ötrü
Səs saldı hər tərəfə.
Heç bir xəbər tutmadı -
Rəmiş
İtən çəpişdən.
Axşam çəpişin özü
Gəlib çıxdı örüşdən.
İndi hamı bildi ki,
Çəpiş niyə itmişdi.
Anasından ötrü o,
Düz örüşə getmişdi...
Şələdən çəkən
Rəmiş ot şələləyib,
Çıxarırdı məhlədən,
Birdən sallaşıb kimsə,
Geri çəkdi
Şələdən...
Kim şələdən çəkir, kim?
Möhkəm hirsləndi oğlan.
Di gəl ki,
Gülümsədi
O, geri dönən zaman...
Rəmişin arxasınca
Düşübmüş qara çəpiş.
Boğazını uzadıb,
Şələdən ot çəkirmiş.
Qırlıqda
Uzanıb qara çəpiş
Mələyirdi qırlıqda.
Rəmiş təpindi ona,
- Çıx get, otla qoruqda!
Lap daş atsa da oğlan,
Çəpiş yerdən qalxmadı.
Sahibinin sözünə,
Nədənsə heç baxmadı...
Rəmiş yaxın gəldi ki,
Yerdən qalxanmır çəpiş,
Bədənini qırlıqda,
Batırıb qıra çəpiş.
Cürdək
Ot biçir mənim babam
Yamyaşıl biçənəkdə.
Sərin suyu var onun
Bir balaca cürdəkdə.
Cürdəyi otun altda
Gizləyib o,
İstidə.
Otun altdan cürdəyi
Günəş tapmır
İstidə...
Konfet
Uşaqlara qoşulub,
Natəvan gəldi bağa.
Konfetini itirib,
Başladı ağlamağa.
Konfeti görüb birdən,
Natəvan büzdü dodaq.
Qarışqalar konfeti
Tapmışdı ondan qabaq.
Hasardakı quşlar
Təbaşir tapıb bir az,
Həyətə çıxdı Solmaz.
Taxta hasarın üstə
Quş çəkdi dəstə-dəstə.
Bir azdan göy tutuldu, -
Yağış yağdı o qədər...
Hasarın üstən daha
Quşlar
Uçub getdilər.
Artan yuvalar
Söyüddəki yuvada
Bir quş
Kürt yatırdı, kürt.
Bir neçə gündən sonra,
Bala çıxardı bir cüt.
Böyüyüb bu balalar
Pərvazlandı
Bir aya.
Sığışmadı axırda, -
Balalar bu yuvaya.
Hey tər axıtdı onlar,
Düşmədi heç vaxt dava.
Söyüdün budağında
Artdı
Bir cüt də yuva!..
Tənək
Tənəyin üzümünü
Kal-kal yeyirmiş Mələk.
Mələkdən küsüb axır,
Ağaca çıxıb tənək.
İçindən çalınan nağara
Bir dəfə mağazadan
Elcan nağara aldı.
Amma bu nağaranı,
O, iki-üç gün çaldı.
Sonra xoşu gəlmədi
Nağaranı çalmağa.
Aparıb atdı oğlan
Nağaranı
Çardağa...
Bir gün "tap-tup" eşitdi, -
Çardağa cumdu Elcan.
Nağaranı
İçindən
Girib çalırdı siçan!..
Sınan xətkeş
Ötən axşam
Sındırıb
Xətkeşini Ədalət.
Bu axşam
Dəftərində
Əyri alınıb düz xətt!..
Yağış doldurdu
Suya getmədi Nübar,
Durub boynunu burdu.
Həyətdə boş vedrəni
Yağış yağıb doldurdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!