Qana batmış yuxu
Polad Həşimovun əziz xatirəsinə həsr olunur
Bir uşaq yuxu görürdü,
üzünü təbəssüm ildırımı bürümüşdü.
Müharibənin beşiyində...
Mərmi səsi yelləyirdi əllərini,
yetim gecələr yuxu yoğururdu
pərdələrin gözlərində.
Mərmilər ayaq açıb yeriyirdi
bir qızın saçlarının yaddaşında.
Bir ana yaylığı güllələnmişdi
bayraq kölgəsində...
Tanrı dilini öyrənirdi kəpənəklər,
Ölümü əzbərləmişdi Vətən.
Səhərin gözlərini uşaqlar aça bilmədi...
Ana küçələr danışırdı:
- Əllərin səngərin atasıdır.
Bir duman bağırır
ayaqlarını...
Torpağın kürəyi
heç vaxt yerə dəymir,
arzular içində yatır
çarpayı.
Hər ata, bir oğul
hərfləri unutmuşdu
xəbər başlığında...
Ovuclarında xəyanət gizləyir
səngər baharı,
buludlar boylanır
çiyinlərindən...
Analar göz yaşından silah düzəldir
yuxusuz pəncərəsinin qarşısında.
Hər günün qapısı barmaqlarından günəş damır
məmləkətə...
Bir uşaq yuxudan ayılır indi,
qanadları boş
yellənir hər evin...
Küçəmizdə
ürəyi yerə dağılır
fotoşəkillərin,
soyuq baxışların gözünü çıxarır
daşürəkli lövhələr...
Şəhərin qorxaq küçələrində
Polad yağışlar yağır
ağacların köynəyinə...
Ürəyindən qızılgül dərir
küçələr indi...
Uşaq yuxular böyüyür,
xoşbəxt oyuncaqların gözündə
qarışır çinar boyuna...
Ayağını itirmiş yollar
taleyin çəkmələridir.
Soyunur ayaqlarını qırmızı şəkillər...
Uşaq yuxusunu yırğalayır bir payız.
Ayılır uşaq pəncərələr,
ayılır kağız
yuxusundan...
Uşaq buludlar dil tapa bilmir danışa.
Bu səhəng
yuxunu əlindən salıb sındırır...
Nar üzlü ömürə dağılır qız budaqlar,
oğul ağaclar!
İydə ağacları...
İydə ağaclarının
küçəyə atdığı
körpə kölgə
iməkləyir yolun kənarında.
Əmlik yağış
gölməçələrin üzünü cırır,
başını itirmiş buludlar
iydə çiçəklərinin üstünə qışqırır.
Ayaqqabılarını çıxarıb,
yelkənli dumanların dalınca qaçır
günəşin qovduğu uşaqlar...
Keçmişin üstündə uzanıb
qoca bir budaq,
əllərini sevələyir küləklər.
Bircə göy üzü,
ayaqları unudulmuş buludların
yaddaşını saxlayır.
Axı unudulduqca yox,
unutduqca ölür
ağacların yaddaşı...
Bir pişik, zamanın yırtıcı pəncələriylə
küçələrin yaddaşını daşıyır.
Burda gecə də
öz qaranlığını oğurlayıb,
iydə ağaclarının altına yığır.
Qəribdir iydə ağacları.
heç doğması yox,
amma hər ömürün üzünü xatırlayır.
Başını aşağı salıb,
günəşin yerə sərdiyi
yaddaşını yığır.
Hər budağı incikdir,
əlinə balta alan
Ərrəhman kişinin
dizlərinə yalvarır
qız salxımlarıyla...
Yuvası uçur qanadlarının,
qaranquşlar pozur payızın yaddaşını.
İydə ağacları
hələ də çiçəklərini
küçələrin yadına salır,
bir ana sarımtıl ayrılığını
daş ürəklə xatırlayır.
Küləyin içində ağlayan
bir budağını
oxşayır yasəmən divarlar...
Əlləri budaq-budaq
iydə ağacları oldu adamların.
Ərrəhman kişi
iydə ağacları boyda yaşadı,
iydə çiçəklərinin içində öldü...
Qırılmış iydə ağacı,
qollarında tabutunu götürdü...
Ölmüş bir baxışın kölgəsində
ətri havadan qopur
ölümü dadmış qız çiçəklərin.
Bir ata,
iydə ağaclarının susqunluğunu
küçələrə danışır,
yaddaşı qayıdır
iydə çiçəklərinin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!