Həsən KÜRün şeirləri - Azər Turanın təqdimatında

Neçə il əvvəl Həsən Kürün şeirləri diqqətimi cəlb etmişdi. Telefonunu arayıb ondan şeirlər istəmişdim. İki dəfə "Ədəbiyyat qəzeti"ndə çap olunmuşdu. Sonra Qubada "İpək Yolu" festivalında şəxsən  tanış olduq. "Şahdağ" otelinin qarşısındakı çayxanada könül söhbəti etdik. "Niyə Kür?" - deyə soruşdum. Məlum oldu ki, eloğluyuq. Əslən Salyandan imiş... Özü də İkinci Qarabağ savaşının qazisidir.

Kübar və mütəvaze təbiətli gənc idi. Hərdən telefonla danışırdıq... Başına gələnlərdən hamı kimi mən də sarsıldım... Sağalacağına inanırdım. Amma dünyasını dəyişdi...

Keçən həftə Milli Elmlər Akademiyasında keçirilən İlin yekunları müşavirəsində Həsən Kürün yaradıcılığı barədə danışdım. Elə həmin gün "Ədəbiyyat qəzeti"ndə dərc olunan çıxışımda dedim ki, "Mənim çıxışım bədbin olacaq... Çünki dünən çox istedadlı gənc şair Həsən Kür dünyasını dəyişib. Filoloji elmi mühit Həsən Kür kimi şairlərin diqqətdən kənarda qalmasına imkan verməməlidir, ədəbiyyatşünaslarımız belə şairlərə daha həssas yanaşmalıdır. Həsən Kürün əksər şeirlərini, xüsusən, "Cəbhədən məktub" şeirini ədəbi hadisə adlandırmaq olar. "Cəbhədən məktub" müharibə dövrünün poetik rəmzinə çevrilmiş "Gözlə məni" şeiri ilə yanaşı dayanmağa layiq poetik nümunədir. Həsən Kürün  qısa və faciəli sonluqla bitən həyatı ayrılıqda mükəmməl bir mətnə  bənzəyir".

İlk dəfə şeirlərini verəndə şəklini qəzetin ön səhifəsinə çıxarmışdıq. İndi də ön səhifədədir. İnanıram ki, zaman keçəcək, Həsən Kür hər zaman Azərbaycanın gənc şairlərinin sırasında öndə qərarlaşanlardan olacaq.

 

Azər TURAN

 

 

 

Həsən KÜR

 

 

Cəbhədən məktub

 

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

 

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

 

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

 

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

 

Əgər günün biri, geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

 

 

Xəmirli əllər

 

Bir səhərin sübh çağı

Hamı əl-ələ verib

yuxuna haram qatar -

Katibə zəng vurar ki,

İşdən çıxarılmısan.

Nişanlın, mesaj-mesaj

Başının ətin yeyər:

- Səninləyəm, cavab ver!

Axşam harda olmusan?

 

Anan girər otağa,

Pəncərəni açar ki,

boğulmasın tüstüdən.

Araq şüşəsi tapar

Döşəyinin üstündən.

 

Cırıldayan yatağı

Əsəblə silkələyər -

"Ay alkaş oğlu, alkaş

yenə içmisən?" deyər.

 

Qışqırar əsəbindən,

Xəmirli əlləriylə

Sinəni yumruqlayar.

İçini çəkə-çəkə,

Uşaq kimi ağlayar.

 

Qaçasan otağından,

Hirs soyutmaqdan ötrü

Qapını bərk vurasan,

Küçənizdə can verən

itə təpik vurasan.

 

Qaçasan, sən qaçdıqca

Uzaqlaşa yol hələ.

Aclıq vurar təpənə

Dönərçiyə deyəsən -

"Zəhərini bol elə".

 

Bədbəxtlikdən içindən

İynə çıxmaz çörəyin.

Kredit şöbəsindən

Bahar xanım zəng edər:

"Müəllim, sağsınızsa,

Borcunuzu ödəyin!"

 

İri-iri addımlar

Ata səni sahilə.

Yerdən bir daş götürüb

Keçirəsən boynuna,

Qulağına səs gələ...

 

Bu yaşlı kişi kimdir?

Kövrək səslə qışqırır:

"Etmə, qurbanın olum

Əgər pulun yoxdursa,

Gəl, mən sənə verim, var.

Əgər evin yoxdursa,

Bir nəfərlik yerim var.

İş də taparam sənə,

Köhnə bir tanışım var,

hamıya iş düzəldir.

Ölmə, qurbanın olum,

Axı həyat gözəldir!".

 

O yaşında adamın

Yaşamaq məhəbbəti

Sanki güc verər sənə.

Çıxarıb boynundakı

yarım kiloluq daşı

Qayıdasan evinə.

 

Anan qaça qapıya

Daş izi qalan yerdən

Boynunu qucaqlayıb

Deyər: "Yaxşı ki, varsan.

mən səni bağışladım,

sən də bağışlayarsan...".

 

 

Zabit hekayəsi

 

Görsən ki, bayraqlar tıxac yaradıb

Kəndin o başından evimizəcən.

Bizi qapısından qovalayanlar

Taxıb qalstukun gəlib bizəcən.

 

Hiss etsən isladır al yanağını

Nigaran gözünün kədər yığını.

Tez uşaqları bir otaqda gizlət,

Görməsinlər sənin ağladığını.

 

Yubanma, həyətdə gözləyənin var,

Qayıdıb cəbhədən həyat yoldaşın.

Amandı, boynumu qucaqlama ha,

Qanlı paltarıma batar üst-başın.

 

Ümid edirəm ki, bağışlayarsan

Bir gecə yanında məni görməsən,

Üstünü örtməsəm yatandan sonra.

Bilirəm gözün bir məni görürdü

Rəhmətlik anandan, atandan sonra.

 

Tökmə gözlərinin yaşını yerə,

Razı deyiləm ki, qəmə batasan.

Bir az qürurlu ol, bir az möhkəm ol

Sən indi həm ana, həm də atasan.

 

***

Yıxmağa çox çalışdılar

Deyə-deyə - aş! Kəsdilər...

Qurumamışdı qabığım,

Budağımı yaş kəsdilər.

 

Baxın! Yaxşı-yaxşı baxın!

Mən külüyəm bir ocağın.

Didib ürəyimin dağın,

Qəbrim üçün daş kəsdilər.

 

Ölüm e, bir söz demirəm,

Torpağı insanlar bəslər.

Yadındadı sentyabr?

Bitti bütün atəşkəslər,

Mənim yol çıxdığım kəslər

Dava edib, baş kəsdilər.

 

 

Ev dustağı

 

Sərt karantin rejimi

 

Hamı öz evində əsirdi indi,

Heç kimin "gecikmə" deyəni yoxdu.

Hamı pəncərədən baxır günəşə

Həsrətin ki, bundan o yanı yoxdu.

 

Uşaqlar qaçışmır toz-tozanaqda,

Analar yumağa kir tapa bilmir.

Metronun tinində dilənən qoca,

Daha dilənməyə yer tapa bilmir.

 

Daha dilənməyə yer yox, adam yox,

Hara boylanasan, hara qaçasan?

Kimə and verəsən əzizlərini?

Kimin ciblərinə ağız açasan?

 

Ey qoca dilənçi, səndən qorxurlar

Əlin kirli deyə, ağzın lüt deyə.

Kimə yaxınlaşsan dodağın büzər,

Kimə yaxınlaşsan çəkil get deyər.

 

Əslində hamımız dilənçiyik biz,

Hamı doğulduğu gündən dilənir

Sən bu boş şəhərdən çörək umursan,

Evdə gözləyənin səndən dilənir.

 

Səni gözləyənin qarnı ac qalar

Səni Yaradandan əlini üzsən.

Sənin nəfəsini eşidər Allah,

Sən yağış altında çox islanmısan,

Yəqin, hamımızdan bir az təmizsən.

 

Yaxşısı budur ki, Allahdan dilən,

De ki, "Sən böyüksən, de ki, Sən təksən!

Açsın hamımızın bağlı qapısın

Yoxsa ki, sən kimə dilənəcəksən?

 

 

Öləsən

 

Bir gün qələmin sına,

Yox olasan, öləsən.

Səssiz-səssiz bir küncə

Sıxılasan, öləsən.

 

Mən axı gün görmədim,

Nə qəribə həyatdı.

Allah məni yaratdı,

Doğulasan, öləsən?

 

Heç xəbərin olmaya,

Qarasından, ağından.

Bir gecə yatağından

Yıxılasan, öləsən.

 

Bəsdir oyuncaq oldun

Bu dünyanın nazına.

Ananın ağ saçını

Keçirib boğazına,

Boğulasan, öləsən.

 

 

Ağrıkəsici

 

Nə sən soruş, nə mən deyim

Nə haldayam, nə gündəyəm.

Dünəndən heç nə yemirəm,

Boyat dərdin üstündəyəm.

 

Bir ağrıkəsiciyə görə

Bədən üzvlərim dalaşır.

Əllərim "Antarktida",

Başım "dünyanın o başı".

 

Nəfəsim keçər burnuna,

Bir-iki addım at geri!

Həyəcan təbili çalır

Boynumdakı kəndir yeri...

 

And olsun yarı canıma,

Getməyə bir yerim olsa,

Tüpürərəm dabanıma.

 

Əvəzimə üzr istəyən

Hicablı bir qadın ola.

Əlini aça Allaha:

"İlahi, bağışla onu,

al canın, bəsidir daha"...

 

Əlindən yapışdığım

İnsanlar böyüdülər,

Qollarımdan vurdular.

Ayağımı çəkdilər,

Ürəyimi qırdılar.

 

Adamlar ilan kimi

Zəhər sancdılar mənə.

Dedim - Allaha gedim,

o çarə qılar mənə.

 

Allah öldürdü məni,

Ayağımı çəkənlər

qəbrimə kimi qazdı.

Başıma daş salanlar

Başdaşımı ucaltdı,

üstünə söz də yazdı.

Bu adamlar gör necə

Abırsız, həyasızdı.

 

Dizlərinə vurdular,

Gözucu ağladılar,

Beş gün gün verməyənlər,

Qırx gün yas saxladılar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!