Müharibə olmayaydı
Güllələr susaydı,
Güllər açaydı,
bəzəyəydi hər yeri.
Gözlərimizdən gülüş
nur saçaydı
dərd-qəmin üstünə.
Gözəl həyatın
insanla qəsdi nə?
Öləydi qəddar müharibə,
gözəl sülh
əvəz edəydi onu.
Qara bəxtli qan yerinə
şəffaf su olaydı -
saf su.
Həyat
dönəydi cənnətə.
Göz yaşlarına
sevinc səbəb olaydı.
Qorxmayaydı uşaqlar,
ağlamayaydı analar,
müharibə olmayaydı!
Göyərçin qanadları kimi...
Göy üzü
arzulara yol açacaqdı
təyyarə qanadlarında.
Soyuq qış
isti ürəklərdə
əriyəcək,
hər şey yaxşı olacaqdı.
Buludlar aciz qaldı
namərd qarşısında,
dastana döndü
yenə xain gülləsinə
tuş gələn,
ümid yolunda
qanadları
göyərçin qanadları kimi
qırılan təyyarə.
İşıqlı yolları
masmavi göy üzündə
ağ günə həsrət olanların
günləri kimi
qaralan təyyarə.
Çatacaqdı mənzil başına
yollar yorsa da onu,
hər şey yaxşı olacaqdı.
Ömür bağçasındakı
səadət gülləri bitmədi,
soldu.
Yenə bizə qalan
kədər oldu...
Günah
Yaxın Şərq desək də,
Uzaq Qərb olsa da,
İnsanlar çəkir
onların əzabını.
Günahı olanlar yenə günah edir,
gözəl dünyada yaşamaq istəmirlər,
Günahsızlar qurban gedir.
Zülmətdən aydınlığa aparan yol
niyə uzaq oldu?
Yenə ağaclar vaxtsız budandı,
qönçələr soldu.
Yayda yağan soyuq qar,
qarda, şaxtada qızmar günəş kimi
çəkilin göy üzündən!
Əllər açılır o göyə,
Tanrıya yetsin
Ondan kömək istəyənlərin duası.
Atəş səslərindən
yenə eşidilmir ana laylası.
Çəkilin, zalımlar,
Günəş doğacaq yenə,
çəkilin göy üzündən!
Günahsızların günahı nə?
O yaxınlıqdan o uzaqlığa qədər
olan insana olur.
Günahkarlar yenə
və
yeni günah edir.
Günahsızlar
onların badına gedir.
Arzuları, istəkləri
yarımçıq qalır,
silahlar yenə canlar alır.
Alınmayaydı canlar,
yaxşı əməllər də
getməyəydi hədər.
Silahlar susaydı kaş
yaxınlardan uzaqlara qədər.
Zamanın şər vaxtı
İsti yay günlərində üşüyür
bizim də ürəyimiz
müharibədən hər xəbər eşitdikcə.
Yenə zamanın şər vaxtıdı -
Yaxın Şərq şər qüvvələr
yuvasına dönür,
ömürlər oğurlanır
qiymətli əşya kimi,
ocaqları söndürür
dağılan yuvaların tozu.
Yenə xəbər axtarır gözümüz:
Bu dava bitəcəkmi?
Bitən ömürlər haqda eşidib
kədərləndikcə
İtirdiyimiz vaxtın da
vətəninə xəyanət etməyən sərçə kimi
acı xatirələri qalacaq
yaddaşlarda...
İllər
Sinəsinə dağ kimi çəkilən
ayaq izləri
toza dönüb uçacaq havaya.
Qara günləri
Zəfər günəşinə təslim etdiyi
gündən bəri
xoşbəxtliyə addım-addım
aparacaq bizi.
Doğacaq o günəş
zülmət gecələrimizə,
daha görməyəcəyik
susuz qalan çiçək kimi
solan illəri.
Xoşbəxt bir dünyada keçəcək
ömrümüzün
dərdimizə həmdərd
olan illəri.
Vətən torpağı
Vətəni çox sevdiniz,
canınızı ona fəda edəcək
qədər çox.
Vətən torpağı
sizi qoynuna aldı,
bəsləyib böyütdüyü
gül-çiçəkləri
məzarınıza düzməklə
təskinlik tapırıq,
əziz şəhidlərimiz!
Vətənin yaraları sağalır
azad olan gündən.
Ayaq izlərimiz yazı kimi
iz açdıqca
alnında,
dərman olduqca yaralarına.
Vətən torpağının
yaralarının qaysaq bağladığını,
sağaldığını gördükcə
ruhunuz şad olur...
Yorğun yol
Ürəyi qan ağlayan
yaralı həyat da dəyişir
düşmən məğlub olanda.
Gözəlləşir vətən,
yenidən abadlaşır,
tikilir, qurulur.
Həsrət də
bağlı qalmış xonçasını
yığıb gedir,
axan sular durulur.
Dərdimizi çəkə-çəkə
getdi həsrət də, dərd də,
düşmənin əbədi
məğlub olduğu dünyaya
yola düşdülər.
O yol da çoxdan yorulub,
sönüb işıqlar,
zülmətə qərq olub.
Bağlanıb qapısı
nankorların üzünə.
Bağlı qapılar arxasında qalan,
əllərinin çatmadığı,
ünlərinin yetmədiyi
arzularının qaranlıq dünyasına
çəkilib düşmən.
Cənnəti işğal etmək xəyalı
suya düşənlər!
Yorğun yolunuz
cəhənnəmə aparır sizi.
O yolların gözləri
İndi yol çəkir.
Gedin,
yolunuzu azmayın bir də!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!