Hansı küçədəsən, hansı tindəsən,
Hansı ürəkdəki yaralardasan?
Bir yerdə tutmursan qərar, yenə də,
Xəyalım, sən indi haralardasan?..
Aşdığım o qarlı dağlar dururmu,
Keçdiyim çiçəkli bağlar necədi?
Hər zaman qəlbimdə əziz tutduğum,
O şirin, o gözəl çağlar necədi?
Necədi ilk dəfə keçdiyim qapı,
İlk dəfə qaldığım evdə kim qalır?
Kimsəsiz, qərib bir yalqız səfilmi,
Şairmi, rəssammı, ya həkim qalır?
Mənsiz qalan şəhər mənli günlərin,
Çəkirmi həsrətin, yenə danış bir...
O polis xanımın mavi gözləri,
Sanırmı könlümü yenə müqəssir...
Sanırmı yenə də hərdən gecələr,
Sərxoş küçələri gəzən o mənəm...
Naməlum nömrədən telefonuna,
Sevgi mesajları yazan o mənəm...
Yenə izləyirmi axşamlar görən
Günəşin dənizdə batmasını heç?..
Körpə qayıqların baş-başa verib,
Sahil sularında yatmasını heç?..
Admiral kafesi gəlsəm bir axşam,
Ayaq səslərimdən duyarmı məni...
Ofisiant xanımlar rəqs etməmiş,
Kafedən çıxmağa qoyarmı məni...
Bilmirəm, Rivera parkında indi,
Yerim görünürmü əvvəlki kimi...
O şeir yazdığım tənha oturacaq,
Görsə tanıyarmı uzaqdan məni...
O qədər hisslər var yazmaqla bitməz,
O qədər sözlər var şeirə sığmaz...
Nə qədər yaddaşım dəyişsə belə,
O günlər heç zaman yadımdan çıxmaz...
Çəkir ürəyimi özünə sarı,
O yerlər ruhumu oxşayır hələ...
Təsəvvür etməzdim qərib bir yerə,
Öyrəşə taleyim, öyrəşə belə...
Sən məni unutma, unutma heç vaxt,
Hara getsən belə, hərdən qayıt gəl...
Arxanca bir cüt göz baxacaq sənin,
Səni gözləyəcək hamıdan əvvəl...
Bilmirəm, sən indi haralardasan...
Məndən salam söylə mənsiz yerlərə...
Ömrümün ən qaynar vaxtları keçən,
O xoşbəxt, qayğısız, qəmsiz yerlərə...
Nə vaxt qayıdacam bilmirəm bir də,
Xəyalım, unutma sən bu yolları...
Sənə arxayınam, sənə, həmişə,
Tək qoyma ruhumu, tək qoyma barı...
***
Bir gün eşitsən, ölmüşəm,
Məni necə ağlayarsan?
Səhər, ya gün əyiləndə,
Yoxsa gecə ağlayarsan?
Hansı köşəyə çəkilib,
Göz yaşında üzəcəksən...
Öz-özündən inciyəcək, -
Öz-özündən küsəcəksən...
Hansı şeirimi ürəyin,
Oxuyacaq bir qu kimi...
Məndən necə ayrılacaq,
Gözlərin de yuxu kimi?..
Mənlə keçən küçələrdən,
Mənsiz necə keçəcəksən...
Ya evini satıb başqa, -
Bir ünvana köçəcəksən?..
Quruyacaq dodağında
Hansı əhdim, hansı andım...
Hansı səmtə gedəcəksən,
Söylə məndən addım-addım?..
Təsəllin nə olacaqdır,
Həzin yağış, sərin mehmi...
Bağçandakı gül-çiçəyin,
Yanağına qonan şehmi?..
Məni sənə xatırladan,
Günəşmi, aymı olacaq...
Qarlı dağlarmı, dənizmi,
Çeşməmi, çaymı olacaq?..
Bir gün eşitsən ölmüşəm,
Məni gəzmə, qəlbi şüşəm...
Düşün, gizlənpaç oynadıq,
Mən ömürlük gizlənmişəm...
***
İllər sonra yenə gəldim,
Qayıtmışam, qaldığım ev...
Arzulara sarıldığım,
Xəyallara daldığım ev...
Sən mənim neçə şeirimin
Yazıldığı ünvansan...
Ürəyimin ümidlərə,
Qısıldığı ünvansan...
Kasıb-kasıb günlərimin,
Qoxusu qalıbdı səndə...
Gözlərimin getmədiyi,
Yuxusu qalıbdı səndə...
Neçə acı həqiqətin
Şirin yalanın olmuşam...
Görürsənmi yenə səni,
Yada salanın olmuşam...
Bir gözümdə min-bir sual,
Birində cavab gəlmişəm...
Bir çiynimdə bir az günah,
Birində savab gəlmişəm...
Qayıtmışam yenə sənə
Nəfəs-nəfəs, addım-addım...
İllər sonra mənə ay ev,
Eh, nələri xatırlatdın...
Yaşadığım o günləri
Yaşayıram ürəyimdə...
O günlərə qayıdıram,
Hər arzumda, diləyimdə...
Nə yaxşı ki, səndən keçib
Bir zamanlar ömür yolum...
Ləmpə kimi işaran o,
İşığına qurban olum...
Salam olsun min yol sənə...
Xəyallara daldığım ev...
Hər günümü sevə-sevə
Bir zamanlar qaldığım ev...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!