Zoğal ağacı
Tez-tez bu yerlərdə görürəm səni,
Yadıma salırsan ana vətəni.
Səfalı Qubanı, gözəl Gəncəni,
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Yel əsir tərpədir budaqlarını,
Tökür torpaq üstə yarpaqlarını,
Tanımır insanlar burda barını.
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Yoxsa mənim kimi sən də qəribsən,
İsti yurd-yuvandan bura gəlibsən,
Yollarda, bağlarda salmısan məskən,
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Saçaqlı süfrələr açılan zaman,
Ortaya çay gəlib içilən zaman,
Zoğal mürəbbəsi çıxarmı yaddan?
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Bilirəm ürəkdə intizarın var,
Sayılmamaq kimi qəm, qübarın var,
Qürbətdə yaşayan tez yaddan çıxar.
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
Ay Simax, yaz-yarat, unut həsrəti,
Çıxart xatirindən dərdi, möhnəti.
Səni yaşayacaq el məhəbbəti,
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.
20.03.2011
Məlhəmim mənim
Qərib axşamların qəribliyində
Xəyallar olubdur həmdəmim mənim.
Gülür gözlərində səma da, yer də,
Yoxdur ürəyimdə bir qəmim mənim.
Gəzirəm Bakını, Quba, Xaçmazı.
Mənə gəl-gəl deyir Qazaxın qızı,
Dinir Ədalətin sədəfli sazı,
Başqa bir aləmdir aləmim mənim.
Gedirəm Gəncədən dağlara sarı,
Laləli düzlərə, bağlara sarı,
Yenə seyr edirəm qarlı Qoşqarı,
Gəzir ağ varaqda qələmim mənim.
Qəriblik qəlbimi incidir hərdəm,
Qoymur ilham alım hər bir səhərdən.
Boylanır qaranlıq qərinələrdən,
Fərhadım, Şirinim, Kərəmim mənim.
Simax, vətən eşqi oxşar ürəyi,
Baldan şirin olur duzu, çörəyi,
Bu gözəl torpağın de yoxdur nəyi?
Suyu, havasıdır məlhəmim mənim.
***
Dedim: - Nizamini götür varaqla,
Böyük Füzulini oxu maraqla,
Vaqifi, Zakiri yadında saxla,
Bir kimsə olubmu onlara deyə,
Sevgi şeirləri yazırsan niyə?
Eşqlə, məhəbbətlə doludur sinəm,
Nazlı gözəllərin yoludur sinəm,
İlhamım gələndə susa bilmirəm,
Məgər demək olar sevən ürəyə,
Sevgi şeirləri yazırsan niyə?
Sevgi müqəddəsdir, sevgi əzizdir,
O, ülvi göylər tək safdır, təmizdir,
Yatağa sığmayan coşğun dənizdir,
Demə heç kimə sən cürət eyləyə,
Sevgi şeirləri yazırsan niyə?
27 iyul, 2012
Salam, Təbriz
İllər ilə həsrətini çəkmişəm,
Həsrətini, möhnətini çəkmişəm,
Bir quş olub torpağında səkmişəm,
Salam, Təbriz, salam, Təbriz, salam hey!
Sevincindən lal olmuşam, lalam hey!
Gəzib gəldim Ərdəbili, Zəncanı,
Sindı bir az ürəyimin həycanı,
Qoy mən olum gözlərinin qurbanı,
Salam Təbriz, salam Təbriz, salam hey!
Sənsiz, vallah, mən saralıb-sollam hey!
Qismət oldu gəldim səni gəzməuə,
Əlvan-əlvan güllərini üzməyə,
Nazlı yarın yollarında düzməy?,
Salam Təbriz, salam Təbriz, salam hey!
Bulud kimi mən boşalıb dolam hey!
"Heydər baba" sənə könül bağladım,
Oxuduqca çaylar kimi çağladım,
Şəhriyarı yada salıb ağladım,
Salam Təbriz, salam Təbriz, salam hey!
Bir laylay çal, söylə laylay, balam, hey!
Dünya gülür gözlərimdə nə dərdim,
Dost bağından çiçək üzdüm, gül dərdim,
Səndə gəzir Bəhmən ağam, Əhədim.
Salam, Təbriz, salam, Təbriz, salam hey!
Ələ düşməz bir də belə məqam hey!
Simax Şeyda gördü səni dirildi.
Həsrətinlə yol gəlirdi yüz ildi,
Öpmək üçün torpağına əyildi,
Salam, Təbriz, salam, Təbriz, salam hey!
İstəyirəm burda ölüb qalam hey!
Bakı, 1993
Qocaldım
Eşq sazını çala-çala qocaldım,
Yar qadasın ala-ala qocaldım.
Yola saldım gəlib-keçən illəri,
Saç ağardı bala-bala, qocaldım.
Tanrı məni ayrı saldı vətəndən,
Xəyallara dala-dala qocaldım.
İlk eşqimi o nazənin dilbəri,
Hər gün yada sala-sala qocaldım.
Simax Şeyda, hər qışın öz yazı var,
Qürbət eldə qala-qala qocaldım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!