Gözləyən adamın şeiri
Gəlməyən adamım,
Yağışı saçlarında,
Günəşi gözlərində
Götürüb getdin bu şəhərdən...
O səhərdən başladı mənimkilər-
Gecələrin adam soyuqluğu,
Gündüzlərin sən yoxluğu.
Yoluxduğum bütün vərdişlər,
Məsələn, barmaqlarıma saydığım sənsiz günlər
bozardı şəkillərdə.
Gəlməyən adamım,
Dənizlərin sahil yoxluğu,
Yuxularımın Tanrı qorxuluğu,
Sən boyda yalqızlıq oldu kilsələrin zəngində,
Rahiblərin bakirliyində.
Və bir sərçə dimdiyindən düşdü
Həvvanın günahı,
Elə o gündən başladı cənnətin sükutu,
Allahın tənhalığı
Getdiyin gündən...
Bu necə getməkdir ki,
Biçənəkdə ayaqyalın yüyürən
dərvişlər qaraltını görmədi?
Bu necə getməkdir ki,
Qoca məbədlərin divarları
səni sayıqlamadı?
Bu necə getməkdir ki,
Göylərdə kitablar yazılsa ayə-ayə,
Surə-surə,
Müjdə verməzlər
gəlməyəndən peyğəmbərliyimə?
Gəlməyən adamım,
Yağışı saçlarında,
Günəşi gözlərində
Götürüb getdin bu şəhərdən.
Bilirəm,
Gəlməyəcəksən...
Xəbərin oldu...
Xəbərin oldu?
Üç şeir yazdım,
İki kitab oxudum,
Dörd dəfə pəncərəni açdım.
İki dəfə balkona çıxdım,
Yağış yağmırdı.
Qadın yoxluğuna yazılan bütün şeirlərdə
yağış yağır axı?!
Sən yoxsan...
Xəbərin oldu?
Nə işıq yanan tərəfə getdim,
Nə it hürdü.
Bir dəfə gözümü açıb-yumdum,
Qızım böyüdü.
Sən yoxsan...
Xəbərin oldu?
Şimali Koreyanın yumru oğlanı,
Yupyumru dünyanı barmağında oynatdı.
Dostlarım məni aldatdı,
Siqaret yerinə nəsə çəkdirdilər,
Yaman çəkdirdilər...
Gecə küçədə yatmışam,
İt kimi mırıldamışam,
Pişik kimi miyoldamışam,
Ağlamışam...
Sən yoxsan...
Xəbərin oldu?
Allaha işim düşmüşdü.
Nə Allah eşitdi,
Nə Allahsız yoxluğun.
Oğlum, qızım, atam, anam, sevdiyim,
Necəsən?
Arada gəlib öpəcəm,
ayrılıq dadan gözlərindən...
Gözləmək
Pəncərənin önündə dayanıb yağışa baxıram.
Bayırda bir qız,
qatar fitini hər dəfə eşidincə,
Başmaqlarının ucunda dikəlir.
Sonra dabanlarını yenə basır yerə,
Bağlamış çətrini də,
Çox guman ki, dəli olur gözlədikcə.
Gözləmək budur yəqin...
Bir də balaca pişik var,
Qapı önündə qonşumu səsləyir,
O da gözləyir...
Bu küçənin o başından bu başına
adam məktub yazmaq istəyir -
Səni hamı sevir,
Mən,
Yağış,
küçə,
Hətta o balaca pişik də.
Kirəlik evlərin şeiri
Hər axşam sərxoş olmaq üçün içirik,
İntihar etməməkçün gözəl qadınlar sevirik.
Biz şair deyilik də, nəyik?
Kapitalizim oyunlarına qarşıyıq,
Yumruq göstəririk monopolistlərə.
Bir az da, dodaq büzürük idealistlərə.
Və sarışın bir qız görən kimi,
unudub hər şeyi deyirik:
- Çox gözəlsiniz…
Biz şair deyilik də, nəyik?
Bizi bir gecəlik qadınlardan çox anamız sevir,
Bir ömürlük ağrılarımıza görə Tanrımız sevir.
İtlərdən öyrəndik tək qalanda ulamağı,
Pişiklərdən öyrəndik
sığallanmağı, tumarlanmağı.
Hamı ağlayanda biz gülərik,
Şair deyilik də, nəyik?
Ən gözəl şeirlərimizi kirəlik evlərdə yazdıq,
Ən yaxşı halımız, halsızlıq.
Ən çox sevdiyimiz söz -
Azadlıq, azadlıq, azadlıq!
Hər axşam sərxoş olmaq üçün içirik,
İntihar etməməkçün gözəl qadınlar sevirik.
Biz şair deyilik də, nəyik?
Getməliydik, ağaclar
Getməliydik, ağaclar, getməliydik,
Söz qınından çıxmadan getməliydik.
Düşməliydik bir quş dimdiyindən
bir parça çörək kimi,
Tanklara əl sallayan uşaqların əllərindən.
Dimdiklərini döyməliydilər yerə,
Dənə gələn göyərçinlər də.
Sonra qanad açıb uçmalıydılar,
Tər-təzə gülüşlərdən uçmalıydılar.
Getməliydik, sular, getməliydik,
Çəkilməliydik dənizlərdən,
Qupquru olmalıydıq.
Əllərimiz quru,
Gözlərimiz quru,
Nə susuz afrikalı uşağı görməliydik,
Nə də, qanla suvarılan quru torpaqları.
Qupquru olmalıydıq anaların yanaqlarında,
Külək olmalıydıq, ağ örpəklərin
eşqinə əsən külək.
Getməliydik, adamlar, getməliydik,
Daş atan əllərdən getməliydik.
Daş olmalıydıq lal-dinməz daş,
Nə qardaş olmalıydıq, nə bacı.
Nə şirin olmalıydıq, nə acı.
Nə günəşi görməliydik,
Nə Ayı.
Öldürməliydi Adəmlə Həvva özünü,
Görməməliydik yer üzünü.
Getməliydik, bilirik, getməliydik,
Getmədik..
Bu gün də Ucarı isti apardı...
Bu gün də Ucarı isti apardı,
Məni tər aparan kimi.
Gəlinlər küçəyə axışdı axşam,
Anan ölsün,
səni yada salan kimdi?!
Bu gün də Ucarı isti apardı.
Vurha-vurla, çalha-çalla,
Bir gəlin apardılar Ucardan
başı fatalı,
qolunda bilərziyi,
Boynunda boyunbağı.
Elə gözəl idi ki,
elə gözəl idi ki...
Anan ölsün,
Səni yada salan kimdi?!
Bilirəm ki,
Bilirəm ki, lap Ucarı isti aparmasa da,
Lap gəlinlər küçəyə axışmasa da,
bilirəm ki,
Sən varsan...
Bu gün də Ucarı isti apardı,
Köynəyim islandı kirpiyim kimi.
Köynəyimi yuyan həyat yoldaşım,
Qorxma, Vallah kirpiyimi görmədi.
Bu gün də, Ucarı isti apardı,
Məni tər aparan kimi.
Gəlinlər küçəyə axışdı axşam,
Anan ölsün, səni yada salan kimdi?!
Gəl...
Hərdən təyyarə qanadlarına alıb arzularını
Qaçmaq istəyirsən o ölkədən?
Yeni diş fırçanla,
Dikdaban ayaqqabılarında,
Təp-təzə paltarda,
Bir də, cibində bir şəklimlə
uçmaq istəyirsən İstanbula?
Ayrılıq deyilən şey başdan başlayar,
Üşüyən əlləri ağrıdar.
Və bir ədəd tənhalıq,
Bir ədəd şair,
Bir neçə uzunluq xatirə ...
Qatarlar köçər dalğa-dalğa
Bilirəm, qorxma...
Son qağayı səsi də
İşarədirsə yoxluğuma,
Vidalaş Bakının səmalarıyla.
Gəl...
Yağışa
Deyirlər islanıb o küçə yenə,
Göylərə bənd olub, yolunu azıb.
Şorgöz kişilərə oxşayan küçə
Bir yağış xanıma meylini salıb.
Uladı küləklər qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bax, yenə tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin də.
Yağışlar uçurtdu küçəniz boyu,
Qırılmış qanadın döz deməyimin.
Çəkdi qapınıza kölgəmdən şəklin
Küçə işıqları gözləməyimin.
Bir it hürüb keçdi səssiz gecədən,
Bir işıq da yandı bir uzaq evdə.
Bir Cırtdan nağıl da eşidib yatdı,
Yağəppək istədi nağıl da Div də.
Bir qız əllərini danlayıb yatdı,
Barmağı qandallı gözü yaşlı qız.
Yatdı, yuxusunda sevdiyi oğlan
Götürüb qaçmadı qızı, ağılsız..
Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə sayıqlamalar,
Keçdiyin küçələr tutur qolumu.
Bu gecə küsəyən qızcığaz kimi,
Göylərin gözləri süzüldü belə.
Gecənin qoynundan tərləyən yağış,
Bir parça şeirə düzüldü belə.
Şeirimdə saçlarını öpdüyüm
Şeirimdə saçlarını öpdüyüm,
Bir ayrılıq gəldi bizə yağışla.
Çətirimiz də olmadı, deyə ki:
- Atam yağış, sevənləri bağışla.
Sən üzü göylərə göz yaşım haqqı,
Bilirsən, nə təhər sevmişəm səni?
Bir öpüb, üç dişləm alandan bəri,
Külbaşlı, birtəhər sevmişəm səni.
Bir qarğış tökərəm dilimdən qadın,
Dilimdən yıxılsan, əlin quruyar.
Qocalıb düşərsən heydən, amandan,
Yaylığın altında telin quruyar.
Aman yağış, aman yağış, yamandı,
Bu ayrılıq, yatağıma dadandı.
Yuxum gözlərindən tökülən qadın
Bu sabah yuxudan mənsiz oyandı.
Günəşin altından baxan gözlərin,
Üfüqə boylanır dənizlər kimi.
Həsrətim jalədir yanaqlarında,
Uzaqdan baxmağın incidir məni.
Sıxılmış ruhumun viranəsində,
Sahibsiz bir koma, dilsiz bir ağız.
Qurumuş dodaqda nəmli gözlərim,
Bir yazan qələmim, bir də ağ kağız...
Gül qızı, gül qızı sevdiyim əhsən,
Kirpiyim jalələr yükünə bənddir.
Elçinə öyrətmə ayrılıqları,
Elçin o zəhərə çoxdan bələddir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!