Sev. Anla. Bağışla. - Cahan SEYİDZADƏ

 

 

 

Uzun zaman öncə bir video izləmişdim. Çoxdandır uçmayan bir qartalı dağın ən hündür yerinə çıxarmışdılar və uçmasını gözləyirdilər. Məskəni zirvələr olan bu quş isə sanki qanadları olduğunu unutmuşdu və irəliyə getmək əvəzinə geri-geri çəkilirdi. Qorxduğu hər halından bəlli idi. Bu mənzərə qarşısında keçirdiyim sarsıntı indiyə qədər xatirimdədir.

Əlbəttə, qartal uçmaqdan qorxmurdu, o sadəcə qanadlarını xatırlamırdı. Çünki ona qanadlarını unutdurmuşdular.

Məncə, dünyanın ən böyük cəzası da, mükafatı da "unutmaq"dır. Bəzən isə "qanadlar"ını unutmaqdır. Amma bir çox araşdırmalar sübut edir ki, əslində, tamamilə "unutmaq" mümkün deyil. Biz heç nəyi unutmuruq, sadəcə nələrəsə alışırıq, öyrəşirik, nələrsə barədə daha danışmırıq, susuruq...

 

"Qanadlarını unudanlar üçün"

 

Döyüş bitdi.

Hər kəs əlindəki silahları yerə qoydu:

O, əlindəki qılıncları,

mən isə qucağıma bərk-bərk sıxdığım çiçəkləri...

 

Hərdən insanlarla razılaşmaq lazım olur...

Acıqla, hikkəylə, hirslə yox.

Sakit, zərif bir təbəssüm və halallıqla

"haqlısan" demək.

 

Onda qarşındakı insan duruxacaq, dayanacaq,

Nə edəcəyini bilməyəcək.

Çünki bu dünyada sevgiylə döyüşməyi heç kim bacarmır.

Sevgi yeganə duyğudur ki, sən ona qalib gələ bilməzsən.

Nəhayətində o sənə qalib gələcək.

 

Başını qaldır, ətrafına bax. İşığına inan. Qaranlığın səni içinə çəkməsinə icazə vermə. Tanrıya inan. Nəhəng kainatı dəqiqliklə nizamda saxlayan qüvvəyə inan. İnan ki, hər kədərdə bir sevinc, hər şərdə bir xeyir, hər çətinlikdə bir rahatlıq var. Özünü xatırla; səni ayaqda tutan şeyləri. Bağışladıqlarını, unutduqlarını, özün sardığın, sağaltdığın yaralarını xatırla. Üzündə dinc bir gülümsəməylə xatırla və bu təbəssümün sənə dərs olsun.

 

Bir gün bu gün baş verənləri də eyni təbəssümlə xatırlayacağına əmin ol!

 

Həyat yarış deyil, savaş da deyil, mübarizə də. Həyat təslimiyyətdir, nəyəsə rəğmən yox, nəyinsə acığına yox, sadəcə, istəyirsən deyə yaşamaqdır.

 

Qorxma, qorxma. Qaranlığın üzərinə get. Sondakı işığı tap. Qaranlıqdan qaçma, öz işığına güvənib ona qarış...

 

Qaranlığa uduzmaqdan qorxma, amma qaranlığa əyilməkdən qorx. İnan mənə, ikincisi daha dəhşətlidir və səni geri dönə bilməyəcəyin yerlərə aparar.

 

Bil ki, təkcə insan olmaqla həyatın üstəsindən gələ bilməzsən. Biz təbiətin bir parçasıyıq. Ondan öyrənməli çox şeyimiz var. Ona görə də bəzən ağac qədər səbrli, günəş qədər qərarlı, işıq qədər dözümlü olmalıyıq.

 

İşıq olmaqdan qorxma,

Günəş olmaqdan,

ağac olmaqdan,

ən əsası isə insan olmaqdan qorxma.

 

Ətrafına bax. Dərslərlə doludur. Ətrafına baxmayan insanlara bax. Anla onları, sev, bağışla, unut. Qaranlığı qəlbində saxlama, özünü kinlə yox, sevgiylə bəslə.

Haqlı olmağa çalışma, sadəcə var olmağa çalış.

 

Sev. Anla. Bağışla.

 

Sənə daş atanlara gülümsə, onlara gül uzat.

Onlar daş atmaqdan nə olursa-olsun, əl çəkmirlərsə, sən niyə ruhunun bağçasında əkdiyin güllərdən imtina edəsən?

Daş cansızdır.

Gül isə canlı.

"Bu dünyanın qara daşı göyərməz", amma kim bilir, bəlkə də bir gün sənin güllərin yenidən hardasa kök atmaq istəyər.

Baxarsan ki, hər yan gülüstana çevrilib.

 

Yaxşıya,

Yaxşılıqlara,

İşığa inanmaqdan əsla, vaz keçmə!

 

"Bəlkə"lərini və "kaş ki"lərini ancaq işıqlı günlər barədə danışarkən istifadə et.

 

Sev. Anla. Bağışla.

 

Digər duyğular səni əsarət altına ala bilər zaman-zaman.

Əsla onlara yenik düşmə.

Sevgiylə yox, səni geri çəkən, yaşamağa qoymayan, içini didən duyğularla boğuş hər zaman.

Bu yolda hər kəsi itirməklə üz-üzə qalsan belə, dünyanın ən dəhşətli yalnızlığına qərq olsan belə, qorxma.

Uğrunda döyüşdüyün sevgi bir gün bütün yaralarını saracaq.

Səni yaxşılaşdıracaq.

Qəlbində açılmış yaraların yerinə işıqlar dolacaq.

Qəlbin, ruhun çoxpəncərəli evlər kimi aydınlıq, işıqlı olacaq.

Hər kəs səndə yaşamağa, hər kəs səndə kök salmağa can atacaq.

İşığın insanları özünə cəlb edəcək.

Başqalarına mayak olmaq səni də gücləndirəcək.

Onda "dəyərdi" deyəcəksən...

Gözəl günlər eşqinə ağlamağa dəyərdi...

 

Amma əgər nifrətə, kinə, paxıllığa qapılsan,

Bağışlamaq yerinə intiqam almaq hissilə alışıb yansan,

Qəlbinin, ruhunun qapılarını işığa bağlayacaqsan.

Hər kəs qaranlığından qorxacaq.

Ağır, hisli-paslı, heç kimə lazım olmayan əşyaların yığıldığı zirzəmiyə dönəcəksən.

Qaranlıq, qorxulu, vahiməli, məcbur qalmadıqca heç kimin enmək istəməyəcəyi,

Köhnə əşyalarla birlikdə unudulan zirzəmi.

Ruhun hər gün daha da qərq olacaq qaranlığa.

Hər gün içindən oyulacaqsan.

Və bir gün üzərində inşa edilmiş nə varsa, yıxıb tökəcəksən.

Dağıntıların altında qalacaqsan.

O dağıntılar ki, toplamağa çalışsan, illərini alacaq, əllərini alacaq, güllərini alacaq...

Ona görə də hər zaman

 

Sev. Anla. Bağışla.

 

Səni sevməyəni də,

Anlamayanı da,

Bağışlamayanı da.

 

Sev. Anla. Bağışla.

 

İsrarla sev,

Təmkinlə sev,

Səbrlə sev,

Tanrı kimi...

 

Sənə daş atanlara gülümsə,

 

Və onlara gül uzat!

Sev. Anla. Bağışla.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!