Şeirlər - Məmməd TAHİR

 

Yenə yaz gəlir

 

Günəşin şəfəqi düşür torpağa,

İstisi canıma bir az xoş gəlir.

Yeni bir can gəlir daşa, torpağa,

Deyəsən,

Deyəsən, yenə yaz gəlir.

 

Ağacda tumurcuq gülür üzümə,

Süzülüb bir damcı düşür közümə,

Üşüyən yamaclar gəlir özünə,

Deyəsən,

Deyəsən, yenə yaz gəlir.

 

Havalar əridir göyün qarını,

Çəmənlər bazara çəkir varını,

Adamlar soyunur üst paltarını,

Deyəsən,

Deyəsən, yenə yaz gəlir.

 

Yal-yamac, dağ-dərə, günəş, göy, bulud

Torpağa sevgidi, insana umud,

Əyilib çiçəyi öpür göy bulud,

Deyəsən,

Deyəsən, yenə yaz gəlir.

 

Qalxır yaz dumanı, təpəyə dönür,

Dağların başında örpəyə dönür,

Ürəyim bir dilsiz körpəyə dönür,

Deyəsən,

Deyəsən, yenə yaz gəlir.

 

 

 

Bir çinar yarpağı

 

Bir çinar yarpağı düşür budaqdan,

Külək qovalayır belədən-belə.

Durub seyr edirəm onu bayaqdan,

Sonu nə olacaq, bilmirəm hələ.

 

Bir çinar yarpağı,

Ömürdən bir gün,

Necə də bənzəyir biri-birinə.

Dönüb keçmiş olur, bir səs, ya bir ün,

Ömürdən gün düşür yarpaq yerinə.

 

Bir çinar yarpağı uçur havada,

Zaman yerə çəkir, onu vaxt udur.

Bir yarpaq ömürdü,

Bir ömür yarpaq,

İllər alıb gedir, könül unudur.

 

 

 

Ayılıb görərik elə

 

Elə ki gün dönər üzü payıza,

Bir gün dumanı var, bir gün də çəni.

Götürüb aparar özü payıza,

Ürəyində qəmi, saçında dəni.

Ocaqda yel qovar közü payıza,

Odu məni tutar, istisi səni.

 

Baxarsan, yol yorar baxışlarını,

İstəsən, yüz gəlib-gedənin olar.

Gizlərsən alnının qırışlarını,

Dərdlərə tuş gələn bədənin olar.

Vaxt elə üyüdər çay daşlarını,

Nə dənliyi olar, nə də ki dəni.

 

Qara buludları çöllərin üstə,

Bir gün qışın qarı düşər, görərsən.

Şeh düşər quruyan güllərin üstə,

Dumanı yayılar döşə, görərsən.

Bir gün alıb gedər əlləri üstə

Nə ruhu dincələr, nə də ki təni.

 

Yüyürdük, yol yorduq, yorulduq, belə

Bu qədər cəfaya dəyərmi, görən?!

Sulartək bulandıq, durulduq, belə,

Saralıb solanlar göyərmir görən?!

Bir gün də ayılıb görərik elə,

Qış səni aldadıb, payız da məni.

 

 

 

Sən yenə

 

Sən yenə payızın yağışlarıtək

Yağırsan, xəbərin yoxdu torpaqdan.

Ağacdan, budaqdan, yaşıl yarpaqdan,

Quruyan çiçəkdən, saralan otdan

Hal-əhval tutmursan, xəbər sormursan.

Yəqin bu dünya da çıxıbdı yaddan.

 

Sən yenə hiddətli sular kimisən,

Sahilə çırpılıb durursan elə,

Könlünü, hissini yorursan elə.

O axar suların xoş üzü dönüb,

Silib ürəyimdən o illər səni,

Yağış islatdığı o köz də sönüb.

 

Sən yenə bir yanar ocaq kimisən,

Odunda qovrulur ocaq daşları,

Qurunun oduna, yanır yaşları.

Alovu ram edib öz həvəsinə,

Mənim kədərimin üstə gül əkib

Barını verirsən bir özgəsinə.

 

Bəzən yan-yanayıq, bəzən göz-gözə.

Nə sən bir umudsan, nə mən bir istək,

Sən orda, mən burda yuvasız quştək.

Səhərlər adamsan, axşamlar kölgə,

Mən yenə həmənki adamam vallah,

Sən yenə birinə dönərsən, bəlkə.

                  

 

 

Bir payız

 

Bir payız

Göylərdən gəlirdi göyün yağışı,

Yerdən boylanırdı yolun yoxuşu,

Külək də qovurdu yuvadan quşu.

 

O payız,

İlk dəfə o payız biz tanış olduq.

Getdik, yol qısaldı, bir qarış oldu.

 

Yenə bir payız,

O payız ayrıldıq yad adamlartək,

Hərə bir tərəfə üz tutub getdi.

Unudulub getdi, unudub getdi,

Yanıb xısın-xısın, söndük şamlartək.

 

Biz tanış olanda,

Payız yağışları təzə yağırdı,

Hələ təzə-təzə gül quruyurdu,

Üstündə çiçəklə kol quruyurdu.

 

Payız keçib getdi,

Qış köçüb getdi.

Duymadım gerçəkdi, yuxudu, nədi,

Yaz gəlib, o payız, bir xatirədi.

 

 

 

Bilirdim mənə düşəcək

 

O gün tutqun idi havanın üzü,

Bizim də aramız çox sərin idi.

Nədən incimişdin, bilmirdim, düzü,

Deyəsən, üzüntün çox dərin idi.

 

Dolub-boşalırdın göy üzü kimi,

Günəş tez batırdı, ay gec doğurdu.

Yanırdın ocağın son közü kimi,

Görürdüm, məni də qəhər boğurdu.

 

Səni ovudacaq biri yox idi,

Mən də uzaq idim, səndən nə qədər.

Kimsənin yanında yerin yox idi,

Görürdüm, məni də boğurdu qəhər.

 

Kimsə yandırmışdı qanadlarını,

Daha uçmağına güman yox idi.

Durub suvarırdın umudlarını,

Heç səndən umud da uman yox idi.

 

Sənin yalnızlığın hörümçək toru,

Elə çırpınırdın bir kəpənəktək.

Külək söndürmüşdü sinəndə qoru,

Bilirdim, yandırmaq mənə düşəcək.

 

Sən ki tutmamışdın verdiyin sözü,

Bəlkə də səbəbi çox dərin idi.

O gün tutqun idi havanın üzü,

Bizim də aramız çox sərin idi.

 

 

 

Gedib gördüm

 

Fikir uçdu, xəyal getdi uzaqlara,

Gedib gördüm qar yağıbdır o dağlara.

İllər uçub küləklərin qanadında,

Unutduğum çiçək qalıb qar altında.

Ləçəkləri quruyubdur,

Tökülübdür,

Qanı qaçmış qız qaməti bükülübdür.

Qar altından qəmli-qəmli baxıb güldü,

Bircə anda gözlərimdə dan söküldü.

Zirvəsində qar görmüşdüm o dağların,

Gedib gördüm qar nə gəzir, əriyibdir.

Ətəyində yar görmüşdüm o dağların,

Oba köçüb ağır ellər yeriyibdir.

Quruyubdur gül-çiçəyi o bağların.

Ürəyimi kitab kumi oxuyaraq,

Anlatdı ki, hər xatirə bir görüşdü.

Bu ömürdü, xatırlandı varaq-varaq,

Boz dərəsi, qara dağı yada düşdü.

Fikir uçdu, xəyal getdi uzaqlara,

Gedib gördüm qar yağıbdır o dağlara.

 

 

 

Bir ox mənzili

 

Bizi alıb götürən

O qismətdi, bu qədər.

Bir ömürlük yol getdik,

Bir ox mənzili qədər.

 

Mən səni düşünürəm,

O axşam, bu da səhər.

Sən mənə çox yaxınsan

Bir ox mənzili qədər.

 

Aradan aylar keçdi,

Nə bar verdi, nə bəhər.

Bəlkə bu bir qismətdi

Bu ox mənzili qədər?!

 

Hərdən üz-üzə gəlsək,

Araya girər qədər.

Ah, biz necə yaxınıq -

Bir ox mənzili qədər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!