Şeirlər - Bəyaz ƏLİYEVA

Azərbaycanım

 

Ruhumu oxşayır səhərin mehi,

Ürəyimi açır səhər küləyi,

Yaşatmaq eşqidir həyatın sehri,

Adına qurbandır varlığım, canım,

Ana vətənimdir Azərbaycanım!

 

Ürəyin genişdir, torpağın gülşən,

O gözəl hüsnünə vurulmuşam mən,

Sinəmdə çağlayan vüqarım sənsən,

Adına bağlıdır bu şirin canım,

Doğma torpağımsan, Azərbaycanım!

 

Qoynunda unutdum qəmi, kədəri,

Ağstafa elinə köçəndən bəri,

Nurlu sabahların mavi Xəzəri,

Ondan qidalanır şöhrətim, şanım,

Odlar diyarımsan, Azərbaycanım!

 

İlhamımı bu torpaqdan almışam,

Var olan meylimi sənə salmışam,

Dar günümdə təkcə səni anmışam,

Qüdrətim, vüqarım, dinim, imanım,

Gözümün nurusan, Azərbaycanım!

 

Tale çəkdi imtahana hər zaman,

Başını bürüdü çiskin, çən, duman,

Yenə də  sınmadın, ey Ana Vətən,

Yenilməz vüqarım, daim məkanım,

Doğma torpağımsan, Azərbaycanım!

 

Cənnət Qarabağın dillərdə əzbər,

İgid əsgərlərin Murovu bəzər,

Onlar yağıların başını əzər,

Yenilməz ordumsan Azərbaycanım,

Sən doğma yurdumsan, Azərbaycanım!

 

 

 

Ağstafam

 

Dəli Kür kükrəyib dilə gələndə,

Bulaqlar çağlayıb selə dönəndə,

Al-yaşıl geyinib bahar güləndə,

Barlı-bərəkətli, şən Ağstafam.

 

Qarayazı çöllərinə bəzəkdir,

"Qızıl ulğun" Dəli Kürə gərəkdir,

Gülül dağı sərhəddinə dirəkdir,

Barlı-bərəkətli, şən Ağstafam.

 

Qaçaq Kərəm at oynadıb çölündə,

Nəriman, Hüseyn Arif qəlblərdə,

Qalacaqdır nəsillərin dilində,

Şan-şöhrətli, əzizsən, sən Ağstafam.

 

Dahilərin yazılmamış sətri var,

Torpağında nəsillərin ətri var,

Başın üstə buludların çətri var,

İsrafil qeyrətli, şən Ağstafam.

 

Ustadları bu torpaqda biçilib,

Sürüləri Kür çayından su içib,

Şairləri sözlərilə seçilib,

Mahnılı, şeirli, şən Ağstafam.

 

Torpağında minbir meyvə bitirər,

Qonağını hörmət ilə ötürər,

Şəhidləri öz qoynuna götürər,

İgidlər yurdusan sən, Ağstafam.

 

 

 

Durnalar

 

Qatar-qatar düzülübsüz sıraya,

Necə yaraşırsız açıq səmaya,

Axşam olcaq tökülərsiz səhraya,

Uçursunuz hardan-hara, durnalar!

 

Qəmli-qəmli uçub yerə baxarsız,

Ürəkləri yandırarsız, yaxarsız,

Bizim elin üzərindən uçarsız,

Sizin ilə uçam ora, durnalar!

 

Neçə ildir Vətən sorağındayam,

Elimin, obamın fərağındayam,

Sanki Tərsəçayın qırağındayam,

Qövr edir sinəmdə yara, durnalar!

Şahin pozub deyən sizin qatarı,

Sayınız azalıb, olubdur yarı,

Çəkəm qılıncımı düşmənə sarı,

Asam xainləri dara, durnalar!

 

Necə yaraşırsız göyün üzünə,

Hər biriniz sürmə çəkib gözünə,

Vətən torpağından götür özünə,

Məlhəm çəkin yaralara, durnalar!

 

 

 

Kür

 

Kür adi çay deyil ki -

            o, anamın laylası,

            həyatımın mənası.

Kür - dağlara bir səsdir,

Kür - balığın oylağı,

            təbiətə nəfəsdir.

Sahilində nə qədər

            insanlar məskən salıb,

yaşılbaşlı sonalar

            burada qanad çalıb.

Qırqovul, turac, qumru,

            kəkliklər qaqqıldaşır,

Kür öz aləmindədir,

            Hərdən də coşub-daşır.

Kürdən, çox yazmaq olar,

yaz olanda görərsən

            kolların arasından

            novruzgülü, bənövşə,

            çobanyastığı, nərgiz

            bir-birinə qarışır.

Kür öz aləmindədir,

ilboyu axır-axır,

            yenə öz yerindədir.

Kür sadəcə çay deyil,

Qaçaq Kərəm oylağı,

İsrafilin yurdudur,

            hər biri bir ordudur.

Kür neçə şairlərin

            məskəni, gur səsidir,

            nənələrin laylası,

            qız-gəlinin bəhsidir.

Kür Muğanda nur saçan

            gur işığımdır mənim,

Azərbaycanımı bəzəyən

            yaraşığımdır mənim.

 

 

 

Musiqi xəzinəm

 

Bu yurdun sazı da, "Qaval daşı" da,

Çoban tütəyinin bayatısı da,

Həzin qoşmaları, gəraylısı da

Coşan ürəklərin hicran səsidir.

 

Çıxasan vətənin seyrangahına,

Dalasan "Qarabağ şikəstəsi"nə,

"Kəsmə şikəstə"nin həzin ahına,

Bil ki, musiqinin xəzinəsidir.

 

"Bayatı İsfahan", "Bayatı Şiraz",

Onları sakitcə dinləmək olmaz,

Dayan, bir "Şur"a da qulaq as Bəyaz,

Silinən tarixin inləməsidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!