Şeirlər - Malik ATİLAY

Saatın uydurulmasının kədərli tarixi

 

İlk dəfə saatı uyduran adam

Ümidləri bir qadına qoşulub

Onu tərk edən ümidlərinin

Haçansa qayıdacağını düşünürdü,

"Ayrılıq" adlı uzaqlara getmişdilər amma.

İlk dəfə saatı uyduran adamın

Tələsən bir yeri yox idi, məsələn,

Günəşin doğmasını da,

Batmasını da

Boğazında kəndir,

Ayağının altında kətil izləyirdi...

İlk dəfə saatı uyduran adam

İçində quduz it kimi ulayan sancılarının

Nə zaman susacağını ölçmək istəyirmiş.

Amma bilmirmiş ki,

Ağrılar

Zamanla deyil,

Ölümlə susur...

 

 

 

Sonuncu yol

 

Haçansa son günüm olacaq,

Qalacaq yarım-yarımçıq

Köksümdə bahar,

Gözlərimdə sönmüş işıqlar.

Və pişiklərim

Boynubükük xatirə kimi gözləyəcək məni,

Cırılmamış bir neçə məktub

Həyatımla həmrəng qara pencəyimin cibində.

Sevdiyim küçədən keçib,

Bulvarda tanımadığım adamların

            taleyini düşünəcəm.

Yenə Tanrının eşitməyəcəyi dualara

"Amin!" deyəcək ürəyim,

Sonuncu dəfə

Mağazadan özümə çörək,

Siqaret

Və kibrit,

Pişiklərimə yem alıb düşəcəm yola.

 

Ata, məni burda öldürdülər,

Ata, məni burda öldürdülər.

Oğlunu tanıyırsan,

Bıçaq çəkən olsaydı, can verməzdim heç birinə.

Cavanlığım neçə-neçə küçə davasının

Alaqaranlığında sönüb...

Can versəydim, haramım olardı çörəyin.

Ata, məni burda öldürdülər

Bıçaqsız, döyüşsüz, qansız.

Oğlunu tanıyırsan,

Göz açmağa imkan vermədilər,

Ürəyimi açdığım adamlar

Cinli ev kimi qəlbimi yıxıb dağıtdılar əvvəlcə.

Sevdiyim insanların əlində can verdim,

Ata, saçına sığal çəkmədiyin,

Birlikdə çərpələng uçurtmadığın,

Top-top oynamadığın oğlunu

Burda öldürdü sevdiyi adamlar.

 

 

Divar saatı

 

Bağrı yarılanadək hürdü gecəboyu itlər,

Bir kimsə çıxmadı çölə itləri kiritməyə.

Kor kişinin evindəki

Divar saatı gördü hər şeyi,

Pəncərə qabağında

            ərinin yolunu gözləyən qadının

Bir cüt baxışları qaldı əri gələn yolda,

Bir cüt qanlı əl izi düşdü şüşəyə...

 

 

Üç-dörd fotoşəkil

 

Quşların qəfəsə girdiyi kimi,

Ürəyinə qanad çalıb kədər girəndən sonra

Bir axşamüstü,

Damağında siqaret başa düşürsən.

Bir axşamüstü,

Sonuncu ümidlərin də dəmir alır ürəyindən,

Nə atan, nə anan,

Nə sevdiyin qadın,

Nə qardaşın, nə bacın,

Kimsə tapılmır o saatda,

Axtarmır da kimsə səni.

Səninlə oynayan uşaq böyüyəndən sonra

Evin küncündə unudulmuş oyuncaq ayı kimi

Üç-dörd xoş xatirə olursan,

Üç-dörd fotoşəkil.

 

 

Ana və müharibə

 

1

 

Qəfil açılan güllə pozar

Cəbhəboyu səssizliyi,

Bütün analar gecəni keçirər yuxusuz.

 

2

 

Analar oğul doğar,

Müharibələr kişi...

 

3

 

Oğlunun sinəsindəki güllə izləri,

Ananın köksündə gözyaşları

Oxşar səbəblər,

Eyni sonlar...

 

 

 

Qırx Pilləkən

 

Burda fəsillərdən qışdı hər zaman,

Gec doğur günəş,

Axşam tez düşür.

Üşüyür sevgiliyə deyiləcək sözlər ürəkdə,

Üşüyür bir asi sevgi nəğməsi

Qırx Pilləkəndə oturan uşağın fleytasında.

Adamlar dənizin üzmək üçün yox,

Ölmək üçün olduğunu bilirlər artıq.

Kimsə də inanmır,

Nə qaranlıq olan tərəfə,

Nə it hürən səmtə,

İndi hər tərəfdə div yalnızlığı var.

Kimsə də gözləmir

Nə nağılın sonundakı üç almanı,

Nə də uzaq ellərdən gələn Şaxta Babanı.

Sirlər göz önünə sərilir bir-bir,

Hücuma çıxan ordunun əsgəri kimi.

Taleyim cızmaqara yazılıb, Tanrı,

Hələ təzə-təzə hərf öyrənən

            beşyaşlı uşağın miləmil dəftəri kimi.

 

 

 

Təşəkkür edirəm, Tanrım

 

Verdiklərin üçün,

Vermədiklərinə görə,

Təşəkkür edirəm, Tanrım, sənə.

Bu gün də günəşi gördüm,

Bu gün də çatdım gedəcəyim yerə,

Bu gün də dən atdım quşlara,

Su verdim pişiklərə,

Böyük xoşbəxtliklər yaşadım bu gün də,

Məsələn,

Evimin qapısını açıb içəri girdim...

Təşəkkür edirəm, Tanrım, sənə,

Bu gün də günahlarımı

            yumaq üçün vaxt verdin...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!