Dənizə baxan adam
Faiq Balabəylinin 60 yaşına
Həyatda iki şey var,
hər gün qarşılaşdığımız:
biri alov, biri dəniz.
İkisi də həyatın gerçək üzüdür.
Amma sən, Faiq,
dənizə baxaraq onu anladın,
onun içindəki həm sakitliyi, həm dalğaları.
Bir çoxlarının düşündüyü kimi,
sadəcə seyr etmək olmur -
sən bu dənizi hiss etdin,
onu yaşadın, içində oldun.
Bütün illər boyu
hər dalğa sənə bir şey öyrətdi.
Hər gün yeni bir addım,
hər gecə yeni bir düşüncə.
Kapitanlıq sadəcə yönəltmək deyil,
o sənin bütün varlığındır -
ağır yükü götürmək,
doğru yolu göstərmək,
yəni sənin içindəki məsuliyyət.
Hər zaman yolunda,
sən hər zaman doğrunu tapmağa çalışdın.
Şairlik də -
gəmi ilə səfərə çıxan bir adamın işidir,
hər misra ilə yeni bir sahil axtarmaq.
Sözlər, sənə əvəzində gəmilər gətirdi,
hər birini qarşıda tapdığın
yeni bir istiqamətə buraxdın.
İndi, 60 yaşında,
daha da çox şey bilirsən,
amma sadəcə bilmək yetmir.
Həyatın doğru istiqamətini göstərmək -
həmin o dənizdir,
həm güc, həm müdriklik.
Nəvələrin səni baba yox,
daha çox
bir dağ kimi tanıyır:
Faiq - adını daşıyan
gücü və qüruru.
Fateh - döyünən
cəfakeşlik və mərdlik.
Dəniz - içindəki
sakitliyi tapan,
Aylin - hər yeni gündə
işığı gətirən.
Onlar üçün sən -
həm dənizsən, həm liman.
Dalğalar səni incitsə də,
sən onları sükunətlə qarşılayırsan.
Səninlə böyüyürlər,
səninlə həyatın məğzi ilə tanış olurlar.
Sənsiz keçən il
Hədiqə nənəm üçün
Sən gedəndən düz bir il keçir, nənə...
Amma içimdə elə bil dünən ağladım dalınca.
Qapını örtəndə sanki zaman da dayandı -
Sənsiz ev, səssiz divar, kimsəsiz çaydanlıq...
Sən var idin, hər şey yerli-yerindəydi.
Bir baxışınla sakitləşirdik.
Sözün az idi,
amma sükutun çox şey deyərdi bizə.
İndi isə...
Sükut var,
amma sənin sükutun kimi deyil -
bu daha ağırdı, daha soyuq...
Yeddi oğul, iki qız -
sənin nəfəsin, can parçan...
Hamısını böyütdün,
heç kimə yük olmadın.
Yetim böyüdün,
amma bizə analıq etdin,
hətta bəzən Allah qədər yaxın oldun...
Savadın yox idi, deyirdilər.
Amma sən həyatın özünü oxuyurdun, nənə.
Bir insanı tanımaq üçün üzünə baxardın,
və heç vaxt yanılmazdın.
Bax, bu savad kitabda olmur...
Sənə çay gətirmək üçün yarışardıq,
gülüşünü eşidəndə sevinərdik.
İndi çay süzülür,
amma içilmədən soyuyur...
Çünki süfrədə sənin yerin boşdu.
Nağıl söylədiyin o gecələr...
sənin səsinlə yuxuya getmək...
o qədər əzizdi ki...
İndi yuxularımız da səssizdi.
Bəlkə də ona görə tez ayılırıq...
Səni çox istəyirəm, nənə.
Bəzən düşünürəm,
kaş bircə dəfə də əlimi tutaydın yenə.
Kaş bir "qurban olum sənə" səsini eşidəydim...
Amma bil ki, unutmamışam səni,
Unuda da bilmərəm.
Adını çəkəndə boğazım düyünlənir,
gözüm dolur,
ürəyim daralır...
Sənə dua edirəm hər axşam,
bəlkə eşidərsən deyə...
Qoy ruhun şad olsun, nənə.
Sən bizə həm ana, həm nəfəs idin.
İndi nəfəsimiz yarımçıqdır...
Vaqif Səmədoğluna ithaf
Sən bizə danışmağı yox,
ölmədən öncə susmağı öyrətdin.
Ölüm ki...
hər şeyin əvvəliymiş,
biz sonunu gözləyirmişik.
Sənin cümlələrin
dağılmış məscidlərin
divarlarına yazılmış dualar kimiydi -
oxumağa qorxurduq,
başa düşəndə isə
artıq gec olurdu.
Bir gün bizə dedin:
"Mən çoxdan ölmüşəm,
siz sadəcə hələ bilmirsiniz."
O gündən bəri
hər "salam"ımızda
bir "əlvida" gizlətdik.
Dünyanın ən qısa şeiri sənsən:
bir nəfəs, bir baxış,
bir məktubun ortasında
yarımçıq qalmış ad...
Qorxurduq səndən,
çünki sən danışanda
bizim içimizdə susan
bütün ölü nənələr
oyanırdı.
Sən getdin,
biz qaldıq.
Öz əlimizlə bağladığımız qapılar
indi bizi içəridə saxlayır.
İndi, bilirsənmi, Səmədoğlu?
Sən öləndən sonra
balıqlar da danışmağa başladı,
və biz...
bir daha susa bilmədik.
Səni unutmaq istəyirəm
Səni unutmaq istəyirəm -
amma yaddaşım inadkar bir fəsildir,
keçmişi qış kimi saxlayır,
gələcəyi yaz kimi susdurur.
Mübtəda: mənəm,
xəbər isə - dağılmış sükut.
Zaman: indiki...
amma yaşadığım -
keçmişin döyünən cümlələri.
Gözlərin "amma" kimi dayanır
fikirlərimin ortasında.
Bir ədat qədər kiçik,
bir fəlsəfə qədər dərin.
İstəyirəm...
Amma istəmək -
yalnız fel deyil bu axşam.
Bir ağacın
budaqda ilişib qalmış
sonuncu yarpağı kimiyəm -
getmək istəyən,
amma qala-qala solan.
Səni unutmaq -
sözlərin hal dəyişməsi kimidir:
adlıqdan təsirliyə,
ümiddən həsrətə.
Səssizliyə hallanmış adınla
danışmağa cəhd edirəm -
bu cümlədə nə deyən var,
nə də dinləyən.
Və bəlkə də...
bəlkə də, sən heç olmamısan,
amma mən -
olmayan birinə
şeir yazacaq qədər
varam hələ də.
Səni unutmaq istəyirəm,
amma cümlələrim buna
razı olmur.
Onlar səni
vəfalı bir təyin kimi
hər misramın önündə daşıyır.
Səni unutmaq heç asan deyil...
Səni unutmaq -
heç asan deyil, deyir gecələr.
Bir şəkil qopmaz divardan,
nə adın silinər kağızdan,
nə də səsin düşər qulağımdan.
Səni unutmaq -
heç asan deyil, deyir ürəyim.
Bir şəhər doludur izlərinlə,
hər küçədə addımın yadı var,
hər dayanacaqda bir nəfəsin.
Səni unutmaq -
heç asan deyil, deyir qışın özü.
Bahar gəlmir,
zaman donub,
günəş doğmur pəncərəmə -
çünki sən yoxsan.
Səni unutmaq üçün
bütün saatları saxlamalıyam,
bütün xatirələri yandırmalıyam,
bütün şeirləri susdurmalıyam -
amma yenə də -
unutmamalıyam səni.
Sevgi sənə görə sözdən ibarət
Sevgi sənə görə -
bir neçə hormonun oyunu,
bir az diqqət,
bir az toxunuş,
bir az da "sevirəm" deyə bilmə bacarığıdır.
O qədər...
Sənə görə sevgi -
eyni sətirdə qalmaqdan bezəndə
kitabı bağlayıb getməkdir.
Geri dönəndə isə
eyni sətirdən oxumağa
həvəs tapmaqdır.
Unudaraq, tez...
Amma mənə görə -
sevgi sinəmdə döyünən
bioloji sirdir.
Qaraciyərimə qədər dolan,
nəfəsimə qarışan hissdir.
Adını eşidəndə
ürəyim reaksiya verir -
bu, kimyəvi deyil,
bu, adamın bütün sistemini
çökdürən virus kimidir.
Səni kişi kimi sevdim...
toxunmadan,
amma bədənim titrəyirdi səsini eşidəndə.
Gözlərinə baxanda
mən özümə baxırdım,
çünki sən mənim ən zəif yerim idin.
Mən sənə görə deyil,
sənin varlığına görə yaşadım.
Dodağını isladanda
mənim boğazım quruyurdu.
Sən susanda
mənim içim qışqırırdı.
Sən güldükcə
mən özümü sağ sanırdım.
Sənə görə sevgi -
təhlükəsiz yerdə gizlənib
"gəlməsə, mənlik deyil" deməkdir.
Mənə görə isə -
bütün qorxuları udub,
üzünə deyə bilməkdir:
"Səni sevirəm... həqiqətən".
Sən getdin...
heç bir "bağışla" olmadan,
heç bir "səbəb" demədən.
Mən isə hələ də
sənin "niyə"nin içində
çürüyürəm...
səssiz, nəfəs alaraq,
amma yaşaya bilmədən.
Sevgi sənə görə sadəcə sözdən ibarətmiş...
Mənə görə isə -
bədənimin hər hüceyrəsində
adını daşıyan bir ağrıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!