Şeirlər - Süleyman ABDULLA

Bir ayrılıq sən

 

Mənim əllərimi, sənin adını

Eləmi unutdu nərgiz qoması?!

Sındıra bilmədim daş inadını,

Yıxıldı dədənin isti koması.

 

Keçməsin könlündən bənövşə dərmək,

O gün xəyalıma gəlir gec kimi.

Nə qol açmaq olur, nə sinə gərmək,

Dönüb qınamaq da olmur heç kimi.

 

Cığıra qayıtmaz yol kəsəsinə,

Baş alıb gedirdi elə əzəl də.

Bir bulaq səsinə, gül əsəsinə

Əvvəlki həvəslə düşmür xəzəl də.

 

Soyuq giley susur yanıq "eh"ində

Ürəyim yoruldu lal daşımaqdan.

Nəfəsi təngidi əsən mehin də,

Sinədə bir qara xal daşımaqdan.

 

Ürək ağrısıdır sevgi bir az da,

Var olan bəlaya yox həb aradım.

Çəm deyil, yol deyil olar-olmazda

Sənə çatmamağa səbəb aradım.

 

Azdım ayrılığın dolaylarında,

Tapmadım həyatın itən dadını.

Soyuq sular kəsir buz laylarında

Mənim əllərimi, sənin adını.

 

 

 

Su, od, yel, torpaq...

 

Dünyanın qəribə qürbəti var, döz,

Bir atəş adamı öldü quruda.

Hər batan ağrıda dəniz olmur göz,

O kimdi unudan torpağı suda?..

 

Olmur son qətrədə yığılmaq cana,

Od bilir yanmağa yer hara çatdı.

Nə fərqi ölümə məhkum olana,

Torpaqda boğuldu, ya suda batdı?!

 

Üstündə əsməyə yel gəzir ürək,

Hər kəs alınası bir qada bilir.

Sona çatım deyə, mənə bir yol çək,

Adam öz içində aza da bilir.

 

Dəyməz son addımı fikir etməyə,

Bəllidir dünyanın sonunda nə var.

Nə var ki, vətəndən küsüb getməyə,

Əgər qürbət varsa, qəribi də var.

 

Torpaq canımızdan su verdik yelə,

Yananda atəşdən olarsan halı.

Yaşat içindəki qürbəti elə,

Gözündə çağlayan vətən olalı.

 

 

 

Vaxtsız şeir

 

Nə vüsaldı, nə ayrılıq suların,

Kimsə düşüb axasında nə vaxtdır.

Nə üzülür, nə də üzür, - zalımın,

Əli qalıb yaxasında nə vaxtdır.

 

İstədiyi qışda nardı, yayda qar,

Nə olsun ki, dünya gendi, ürək dar...

Bəxti yatmış qaraçuxa biri var,

Özü oyaq çuxasında nə vaxtdır.

 

Bu sevgidə kimsəsiz sən, yetim mən,

Necə olsun, bilmirəm, nə edim mən.

İstəyirəm daş yuxuya gedim mən

Ürəyinin yuxasında nə vaxtdır.

 

 

 

Özünü yaşamaq

 

Daha bir addım da düşüb kal səsə,

Tükənir qovlayan, yorulur qaçan.

Hər yer tənhalıqdır can atan kəsə,

Ömür bəs eyləyər inzivayacan.

 

Vaxtında çox şeyi vermək var yelə,

Bir hənir asılıb öz karlığından.

Yolçunun nəfəsi tıncıxar elə,

Adam çoxluğundan, yol darlığından.

 

Bu da bir əzabdır, nə sülh, nə savaş,

Xeyir ziyanadır, qazancadır şər.

Dörbaşda oturub diyirlədər daş

Kiminsə cibindən keçib gələnlər.

 

Yol çıxar ağrıyan könülə şərik,

Min təpə titrəyər bir dağ üzündən.

Dostlar bizi tapar, biz itirərik

Hər yerə əl qoyan yaltaq üzündən.

 

Daha heç nə yoxdur əsə ürəklik,

Söndür, bu işıqda nəyə gərək şam?

Dünyanın ən rahat yeridir təklik,

Çatdı yaşamağa özünü adam.

 

 

 

Durna yağışı

 

Qatar olub uçacaqdı guya durnalar,

Düşəcəkdi göy üzünün sükutu səsə.

Tüfəngini qapacaqdı divardan biri,

Durna teli umacaqdı kimsə kiməsə.

 

Çox payız var yazdan düşən lələk eşqinə,

Duracaqdı bir boz tülkü qıraqda suğa.

Duman-duman zirvələrin özü bir yana,

Atacaqdı qırğıları dağlar boşluğa.

 

Aradabir işığa da aldanır yol-iz,

Ay işığı suya düşüb, qatarı dümağ.

Su səsinə qarışanda durna avazı,

Gözəl olur durnagözlü sabaha çıxmaq.

 

Köçdən qalan bacarmadı qanad açmağı,

Biri pusur lal gecəni uyudan çayı.

Bəzən olur nizamını unudur hər şey,

Küləklərin qaydasıdır pozmaq halayı.

 

Uzaqların yolçuluğu gülləborandı,

Düşəcəkdi göy üzünə qıpqırmızı xal.

Yaxşı bilir son olanı səfi pozulan,

Yoxdu daha o qatara sonuncu "vağzal"

 

Qırğıların qıy səsində vardı bir ağrı,

Gördükləri şahinlərin gözündə qalar.

Şeh əvəzi tük yağırdı yerə sübh çağı,

Qatar olub uçacaqdı guya durnalar.

 

 

 

Bir zərrə şeir

 

Bizimki keçməz bizdən, qayıdarıq bir daha,

Yuxusu qaçaq deyil səsi qaçaq kəslərin.

Nə bəndəsi eşidir, nə səs çatır Allaha,

Özü günah içində sözü müqəddəslərin.

 

Doğma saydıqlarındır xətirə dəyən elə,

Daha qəlb işi deyil yad baxçadan gül qırmaq.

Olanların səbəbi, - düz deyirsən sən elə, -

Bir qədər göz qırmaqdır, bir az da könül qırmaq.

 

Hava soyuqdu, olsun, bir də aralar sərin,

Edilsə də, tutulsa da, biz gedərik toylara.

Adımız dəftərində yola verilənlərin,

Bir az hay-küy salarıq, bir miqdar da pul-para.

 

Nə olsun ay çıxmayıb, nə olsun doğmayıb gün,

Bir zərrə nur saxlarıq aparmağa sabaha.

Əli qaşdan düşənlər etməsinlər toy-düyün,

Bizimki keçməz bizdən, qayıdarıq bir daha.

 

 

 

Gecənin sınan səsi

 

Ümid çarpan şüşə səsi çilikləndi sükutun,

Qəlpə-qəlpə ay işığı küçələrə səpildi.

Qırılmağa xəyal düşdü budağından xar tutun,

Ürək yandı şam yerindən, boş pəncərə səpildi.

 

Qəm daşıydı götürdüyü qaranlıqdan şər vaxtın,

Deyən axı, qəfil tutdu lal harayın gicliyi.

Bir az qorxu, bir az ardı üzqarası sərvaxtın,

Nəm havada ağrı vardı, bir də tünd araq iyi.

 

Bir təsəlli vermək üçün Tanrı dinsə nolar ki,

Taleyindən küsən bəxti tapılmadı dindirən.

Daha dərdlər yetişmişsə çırpılmağa nə var ki...

Nə fikirdən döndərən var, nə yoldan çəkindirən.

 

Sonra külək sərələndi ayağına çinarın,

Yarpaqların iniltisi küçə boyu yayıldı.

Çəkilmişdi ayaqları çəkələkli yolların,

Ac sərçənin yuxusundan bir ovuc dən ayıldı.

 

Gecələrin soyuğunda buxarlandı bir nəfəs,

Ah qəribin sevgisiydi qaranlığın atdığı.

Sınan yerdən nur seliydi şırıldayıb gedən səs,

Gümüşüydü ay işığı, - suların oynatdığı.

 

Küt nəğməydi pəncərədən vıyıldayıb gedən daş,

Sərt kiminsə söyüşüydü göyün bağrını yaran.

Tənbəl-tənbəl uyuyurdu pələqulaq alabaş,

Boz kölgəydi var-gəl edən pəncərədə nigaran.

 

Göz görməyən vaxt durmuşdu,

saat görən neçəydi?!

Atılmışdı daşı çoxdan, bağlamışdı yara duz.

Daş dəyəndə pəncərənin gözlərində gecəydi,

Süd yoluydu ayaq basan boşluğa ulduz-ulduz.

 

 

 

Suların şeiri

 

İndi küləklərin dəniz vaxtıdır,

Dalğalar düzəldir yatmış sulardan.

İnciyən kimidir kiçik adalar

Özünü dənizə atmış sulardan.

 

Üfüqdə buludlar bürünüb ağa,

Bir gözü dağadır, bir gözü bağa.

O boyda dəryadan quru torpağa

Bircə cüt göz yaşı çatmış sulardan.

 

Bax, mənim səbrimdir o yosun qaya,

Heç kim fikir vermir tutulmuş aya.

Bir kədər qumlarda oturmuş saya,

Bir sevinc boğulub batmış sularda.

 

Dəniz ayğırına dəryadır cıdır,

Nə Şıx kəmənd atar, nə də ki Xıdır.

İndi küləklərin dəniz vaxtıdır,

Dalğanı ləpəyə qatmış sulardan.

 

 

 

Gediş

 

Min fikir ödəmir bir borcu indi,

Keçmiş zamanlarda yüz idi, getdi.

Çoxunda qızarır boyunun ardı,

O vaxtlar allanan üz idi, getdi.

 

Kim idi gözgörə haqqını dana?!

Halallıq arayan baxmazdı yana.

Əyri deyirdilər əyri olana,

Elə düz olan da düz idi, getdi.

 

Qaragün saçını ağ dara, dostum,

Yarpaq yağışında yol ara, dostum.

Biz idik gecikən bahara, dostum,

Dünyaya gələndə güz idi, getdi.

 

 

 

Atəşin şeiri

 

Qalıbsa, ürək yanar, qalmayıbsa, ciyərlər,

İçi quru adamın alışması tez olur.

Nə ipəkdir, nə xara gün altında parlayan,

Günü qara gələnin qisməti ağ bez olur.

 

Atəş adına çox şey çınqı salar ocağa,

Çıtırtıdan bilinməz yaman kimdi, yanan kim.

Biz partdağan yığardıq uşaq vaxtı bayrama,

Alovun bətnindəki uğura inanan kim?!

 

İstiqanlı olmağın buz adama nə fərqi?!

O hənirti, o alov, o işıq, o nur... hayıf...

Bizi perikdirdilər doğma yurd-yuvamızdan,

Daha ocaq daşına sığınmaq olmur, hayıf...

 

Sanki bilib dar gəlir tüstüsünə buxarı,

Tonqal da gur yanır ki, tez alışıb tez sönsün.

Çoxdu çıxdaş olanı boğazdan az yuxarı,

Alov özündən çıxır ki, qəfil özünə dönsün.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!