"Oğuz elinin xanımları" silsiləsindən
Qara başım qurban olsun sənə, oğul,
şirin canım qurban olsun sənə, oğul,
başımın tacı oğul,
dilimin duası oğul,
çalıb-kəsən iti qılıncım oğul,
vura bilən igidim oğul,
ata adını ucaldan oğul!
xanlar xanı Bayındır xan şadlığında
başımın baxtı, evimin taxtı,
göz açıb gördüyüm,
könül verib sevdiyim Dirsə xanı qarğıdı,
züriyyəti yoxdur deyə
onu qara çadırda oturtmaq istədi;
züriyyəti yoxdur deyə
altına qara keçə saldırmaq istədi;
züriyyəti yoxdur deyə
qara qoyun qovurması yedirtmək istədi;
züriyyəti yoxdur deyə
xan atamın kürəkəni
xanım anamın seviləni Dirsə xan
qara çadıra girmədi,
qara keçə üstündə oturmadı,
qara qoyunun qovurmasından yemədi.
Şadlıq etdi öz evində,
yer üzündə böyük çadır qurdurdu,
atdan ayğır,
dəvədən buğra
qoyundan qoç qırdırdı,
təpə kimi ət yığdı,
göl kimi qımız sağdırdı.
Ac gördü doyuzdurdu,
yalın gördü geyindirdi,
borclunu borcundan qurtardı.
Bir ağzı dualının alqışıyla
Tanrı səni bizə verdi, oğul!
Gözümün qarası oğul,
ürəyimin şirəsi oğul!
İgid böyüdün, ər böyüdün,
aslan böyüdün, nər böyüdün,
könlümüzü sevindirdin,
düşmənin gözünü çıxartdın.
Xanlar xanı Bayındır xanın
bir buğası, bir də buğrası vardı,
bir yazda bir də payızda
savaşdırırdılar onları
Oğuz bəyləri tamaşasına dururdu.
O buğanı sən yendin, oğul,
o buğanı ki
buynuzunu bərk daşa vuranda
üyüdüb un edərdi.
O buğanı ki
altı nəfər güclə çəkərdi.
O buğanı ki
boynuna qılınc,
dərisinə ox işləməzdi.
Yumruğunla yendin onu, oğul,
biləyinin gücüylə yendin onu, oğul,
yalın əllə yendin onu, oğul!
Dədəm Qorqud soy soyladı,
boy boyladı,
adın Buğac olsun, dedi
buğanı yendiyin üçün.
Adın Buğac olsun, dedi,
hamı bilə bu işini
adın Buğac olsun, dedi;
adını mən verdim
yaşını Allah versin,
adın Buğac olsun, dedi.
Ərdəmli oğlum Buğac,
hünərli oğlum Buğac,
cüssəli oğlum Buğac,
xain fitnəsinə qurban gedən oğlum Buğac,
ata oxuyla yaralanan oğlum Buğac.
Atanın qırx igidiylə ova getdiz,
nə biləydin fitnə qurub onlar sənə?!
Köksü gözəl böyük dağa vardız,
nə biləydin fitnə qurub onlar sənə?!
Geyikləri qovub-qovub topaladın,
nə biləydin fitnə qurub onlar sənə?!
Yağı düşmən felinə uydu,
nə deyim mən Dirsə xana,
yayı çəkib nişan aldı,
nə deyim mən Dirsə xana
oxu atıb səni vurdu
nə deyim mən Dirsə xana,
"uf" demədi, əli əsmədi,
nə deyim mən Dirsə xana?!
ürəyim əsdi onu tək görəndə,
gözüm səyridi onu tək görəndə,
dalağım sancdı onu tək görəndə.
Qırx incə qızımı götürdüm, oğul,
Ala dağa getdim, oğul,
yarımcan canını tapdım oğul,
qanlı südümü dağ çiçəyinə qatdım, oğul,
göz yaşım şəfan oldu, oğul.
Eşit indi,
atanın igid bildiyi o qırx namərd,
atanın igid saydığı o qırx müxənnət
atanı tutdular, oğul,
ağ ətindən qan çıxınca döydülər,
ağ əllərini arxasında bağladılar,
ağ boynuna qıl sicim saldılar,
kafir elinə yola düşdülər, oğul.
Diləyimdir, atana küsməyəsən, oğul,
atana kin bəsləməyəsən, oğul,
qalxıb yerindən durasan, oğul,
polad qılıncını qurşanasan, oğul,
ağ tozluca bərk yayını əlinə alasan, oğul,
qızıl nizəni götürəsən, oğul,
gözəl bədəvi atına minəsən, oğul,
o qırx namərdə varasan, oğul,
Dirsə xanı xilas edəsən, oğul!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!