Söz kədərindi - Taleh MANSUR

 

Ay çıxıb, zülmətin halına yansın,

Ulduzlar gecənin, dan səhərindi.

Gülüşlər röyada, hönkür, oyansın,

Çəkdiyin son ahdı, son qəhərindi.

 

Hər şeyin, hər şeyin var qığılcımı,

Qoy düşsün qoynuna yar qığılcımı.

Od salıb buzlağa qar qığılcımı,

Ocaq da sərindi, köz də sərindi.

 

Özümdən, sözümdən özgələr dayaz,

Topuqdan aşağı kölgələr dayaz.

Şırımlar dayazdı, cərgələr dayaz,

Torpağa səpdiyim buğda dərindi.

 

Nə çoxdu çağıran, hay vermək olmur,

Tək qalan duyğuya tay vermək olmur,

Qaldırıb kiməsə pay vermək olmur,

Öz ömür payındı, öz qədərindi.

 

Kürəyin ağrısı yükə bağlıdı,

Çoxların hamısı təkə bağlıdı,

Nə varsa, torpağa, kökə bağlıdı,

Bulud da yerindi, göy də yerindi.

 

Ay Allah, duyuram hənir kürsüdən,

Lal olmuş arzular dinir kürsüdən,

Kövrəlib sevincim enir kürsüdən,

Ürəyim deyir ki, söz kədərindi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!