Sevimli oğlum Turanın, qızım Ayselin istəkli anası Yelena xanımın fani dünyadan vaxtsız köçünə ürəkdən acıya-acıya sonsuz təəssüflərimi dilə gətirir, ruhumdan süzülüb gilələnən qəmli misraları onun əziz və unudulmaz xatirəsinə ithaf edirəm.
Tanrım
Günahkaram bəlkə, ulu Yaradan?!
Əridirsən istəklimi şam kimi.
Su tökürsən ocağıma durmadan,
Yamanca dartırsan gərilən simi.
Zülmünün yoxuymuş hüdudu-həddi,
Söküb bərbad qoydun sağlam canını.
Dizləri titrəyir, əyilir qəddi,
Yazıq şəfa sanır ölüm anını.
Gecə-gündüz qulluğunda dursam da,
Dava-dərman biçarəni bezdirir.
Gülüşdən, şuxluqdan saray qursam da,
Dəhşətli fəlakət özün sezdirir.
Ana məhəbbəti, ana qayğısı
Oğlumu, qızımı səfərbər edir.
Məlhəmdi dərdinə övlad sayğısı,
Toy görmək arzusu əlindən gedir.
Tanrım, inayət qıl xəstə bəndənə,
Göstər möcüzəni, şəfa ver ona.
Duaçıdır hər an Abuzər sənə,
Dirçəliş bəxş eylə gültək solana.
27.08.2024
Sevgilim
Günüm hər gün göy əsgiyə bürünür,
Gözlərimdə aləm zülmət görünür,
Ayım, ilim dizin-dizin sürünür,
Həyatdan tamarzı gedən sevgilim,
Ömrümü tarimar edən sevgilim.
"Uf" demədən qoyub getdin sərvəti,
Ev-eşiyi, varı-halı, dövləti,
Qəfil gözdən düşdü dünya neməti,
Parlaq çırağımız söndü, sevgilim,
Dönəlgəmiz yaman döndü, sevgilim.
Oğlum, qızım yetim qaldı anadan,
Sanki ayrı düşdü göllər sonadan,
Tərs gətirib bəxtim əzəl, binadan,
Gedişin canımı aldı, sevgilim,
Məni yanar oda saldı, sevgilim.
Son qayğın, son sözün balalar oldu,
"Uşaqlar" deyəndə gözlərin doldu,
Dodaqlar səyridi, yanaqlar soldu,
Söylədin: "Onları qoru", sevgilim,
Aydan arı, sudan duru, sevgilim.
Abuzərəm, yoxluğuna yanıram,
Gedən bir də geri dönməz - qanıram!
Bunu Tanrı imtahanı sanıram,
Dözəcəm bu dərdə inan, sevgilim,
Balalar arxamdır hər an, sevgilim!
28.04.2025
Aman fələk
Aman fələk, nə durmusan qəsdimə,
Dağ üstündən dağlayırsan sinəmi?
Əl çəkmirsən, hey dəyirsən şəstimə,
Ağlar qoydun mən yazığı, yenəmi?!
Gəncliyimdə aldın əldən yarımı,
Nakam getdi bu dünyadan sevgilim.
Qismətimdi hər nəsnənin yarımı,
Kim qarğayıb, tilsimləyib, nə bilim?!
Qoydun övlad tabutu da çiynimə,
Cavan oğul gömdüm qara torpağa.
Qəm libası geydim daim əynimə,
Qaxaclanıb döndüm quru yarpağa.
Gecə-gündüz gah ağladım, gah doldum,
Kərəminə yenə dua oxudum.
Ey süd əmmiş bir gözələ tuş oldum,
Məhəbbətdən təzə xalı toxudum.
Oldum oğul, qız atası, şükr etdim,
Baş endirdim, səcdə qıldım min kərə.
Ömrü boyu şərdən qaçıb, düz getdim,
Halal, hümmət toxum səpdim hər yerə.
Əzrayıla qismət etdin gülümü,
Yetmiş yaşda tənha qoydun bəndəni.
Bir az ləngit mənə gələn ölümü,
Betərindən saxla, Rəbbim, sən məni.
Qurban olum, nə salmısan vurhavur,
Abuzər də, Tanrım, özcə balandı!
Rəhmin gəlsin, az döyəclə, dayan, dur,
Fani dünya sonda kimə qalandı?!
15.05.2025
Təskinlik
Qan ağlama, qəmgin könlüm,
Qaçılmazdı, haqdı ölüm,
Omaxşıma için-için,
Nur çöhrəli yarın üçün.
Qulaq kəsil, bir söz anla,
Öz-özünü azca danla,
Gələn gedər, qayda budur,
Soyuq torpaq bir-bir udur,
Əzraili bekar qoymur,
Hey üyüdür, yenə doymur.
Olacağa yoxdu çarə,
Külə döndü ciyərparə,
Haqq evinə uçub getdi,
Sən yazığı məyus etdi.
Yalvar min yol bir Allaha,
Geri dönən deyil daha.
***
Sağlığında zövq alardın,
Ünsiyyətdən ucalardın,
Hər şey sənə bal dadardı,
Həyatında ləzzət vardı.
Cənnət imiş aləm o vaxt,
Viran qaldı qurulu taxt.
Geri dönməz ötən çağlar,
İki gözün hey qan ağlar.
Yarla qoşa keçən illər,
Şəkər sözlər, şirin dillər,
Hamısı bir nağıl imiş,
Çərəz, məzə, noğul imiş...
***
Xatirini saxla əziz,
Ol ruhuna sadiq kəniz.
Xəyalında camalını,
Müdrik, yetkin kamalını
Qoru bir ərməğan kimi,
Dərd əhlinə dərman kimi.
Ürəyində məhəbbəti,
İşvə-nazı, xoş söhbəti,
Ar-namusu, pak isməti,
Çinar kimi şux qaməti,
Şirin, mübhəm xatirələr,
Daha nələr, daha nələr...
Bəlkə sənə yardım ola,
Ovunasan ala-tala.
Gah ağlayıb, gah güləsən,
Yaddaşını yurd biləsən,
Xatirədən ev qurasan,
Sakitləşib dinc durasan.
Eşq köhlənin səni yıxıb,
Qanad taxıb, yoxa çıxıb,
Tale sənə qurub tələ,
Təskinlik tap, tabla, lələ.
16.05.2025
Çinarım mənim
Nizami yurdunda çoxdu çinarlar,
Fəqət, mənə doğma tək bir ağac var.
Danışım dərdimi, qoy hamı bilsin,
Kimsə rəhmə gəlib, yaşımı silsin...
Məktəb illərində, hər bahar çağı,
Uşaqlar sevinclə qazıb torpağı
Gəncə şəhərində ağac əkərdi,
Dibinə də kəhriz suyu tökərdi.
Biz də sevgilimlə əkdik bir çinar,
Dedik, kölgəsində olluq bəxtiyar.
Qulluğunda durduq hər axşam-səhər,
Bir ilə boy verdi boyumuz qədər.
Bitirdik məktəbi, ayrıldı yollar,
Kədərlə hicrana sarıldı qollar.
Tale məni Gəncəmizdən qopardı,
Dəhmərləyib uzaqlara apardı.
Hardan biləydim ki, mən başıdaşlı
Qalacam ömürlük gözləri yaşlı?!.
Ayrılıq günündə tutub əl-ələ,
Fidana baş çəkdik biz xiffət ilə.
Vəfalı olmağı dilə gətirdik,
Qüssəli görüşü sona yetirdik.
Gözümün yaşını içimə sıxdım,
Məni heydən salan yollara çıxdım.
Şeytanmı ağlımı əlimdən aldı?!
Eşqimlə çinarım Gəncədə qaldı.
Qulluğunda durdu nazlı nigarım,
Pərvazlanıb çox boy atdı çinarım.
Hər dönüşdə sevgilimlə bərabər
Baş çəkərdik ona xürrəm, sərasər.
Məhəbbət bağından güllər biçərdik,
Ayrılanda vəfa andı içərdik.
Şahrızlanıb, qanad açıb uçardıq,
Hicranı da sevgi bilib qucardıq.
Üç ilin sonunda bəd xəbər aldım,
Nakam eşqim köçdü, quruyub qaldım.
Vaxtsız ölüm sevgilimi apardı,
Can mülkündən ürəyimi qopardı.
Qəfil əcəl aldı yarı əlimdən,
Ayrı düşdüm gülşənimdən, gülümdən.
Eşq adlı yarımçıq bir dastan öldü,
Qəlbi qan içində bir aslan öldü!
Əzrail ox sancdı köksümə mənim,
Hopdu varlığıma kədərim, qəmim.
Deyirlər ki, zaman dərdə dərmandır,
Bu təsəlli, bu təskinlik yalandır.
Şəfa tapmaz, qaysaq bağlar yaralar,
Yar yarası qövr eləyər, yaralar.
Fələk qara yazdı, döndü növrağım,
Əbədi qaraldı yanan çırağım.
Qəlbimə xal saldı sevgimin dağı,
Ömrümə, günümə kəsildi yağı.
Biryolluq itirdim o gülyanağı,
Havalandı huşum Məcnun sayağı.
Ondan nişan qaldı çinar ağacı,
Bir də eşqimizin quru qaxacı.
Pir oldu o gündən çinarım mənə,
Gəlib səcdə qıldım ona hər sənə,
Bir gözümdə qüssə, birində ələm,
Varlığımda kədər, yanağımda nəm.
"Ölənlə ölməzlər", deyib ərənlər,
Toxtayar kədərə sinə gərənlər.
Həsrətlə qol-boyun ötüşdü illər,
Ömür bağçasında saraldı güllər.
Qocalmışam, şux qamətim əyilib,
Deyiləsi sözüm çoxdan deyilib.
Yuxu bezib məndən, ərşə çəkilib,
Bostanımda alaq, qanqal əkilib.
İllərin yığnağı yükdü belimdə,
Ağ boyanıb qapqaraca telim də.
Dizin heyi, gözün nuru yox olub,
Əzrail qorxusu canıma dolub.
Qara çuxam yorğunlayıb yatıbdı,
Deyəsən, köç vaxtı gəlib çatıbdı.
Hazıram getməyə haqq məkanına,
Məni layiq bilsə, kərəm kanına.
Qoşalaşıb əbədiyyət çağında,
Vüsala çatardıq Cənnət bağında.
Abuzərin qəmi yoxa çıxardı,
"Oxay" deyib, yarı köksə sıxardı!..
25.05.2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!