Qurbanlıq üçün kəsməyə heyvanı tələsmə,
Əvvəl gərək öz nəfsini qurban edə insan.
Allaha görə olmasa niyyət, onu kəsmə,
Çünki nə rəva, boş yerə ehsan edə insan?!
Mənsəbdə fəqət fərq eləməz kim olasan sən,
Hər yerdə çalış nəfsinə hakim olasan sən.
Allah Özü istər Ona təslim olasan sən,
Xoş halına ixlas ilə dövran edə insan.
Məğrur olub iblisə boyun əyməsə hərgah,
Kamil olar insan, edər öz nəfsini islah.
Habil kimi qurbanının əcrin verər Allah,
Qabil kimi neyçün axı nöqsan edə insan?!
Kim istəsə qurbanlığı Allahına yetsin,
Qoy Həzrəti İbrahimə bir yol nəzər etsin.
Asan deyil insan o mübarək yolu getsin,
Rəbbiylə gərək sidq ilə peyman edə insan.
Hər kimdə əgər olsa fədakarlığa rəğbət,
Mütləq bürüyər qəlbini rəbbani məhəbbət.
Paylaşmağı sev ki, Uca Allah sevir əlbət,
Öz süfrəsinə yoxsulu mehman edə insan.
Aslan, axı dünya evi əyləncədi, qardaş,
Aldatmasın əsla səni dünyadakı daş-qaş.
Dünya malına bəndə həris olmaya ey kaş,
Biçarəyə, dərd əhlinə dərman edə insan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!