Şeirlər - İbrahim YUSİFOĞLU

Bulaq

 

Dağların ətəyində

İnci sulu bulaq var.

Bulağın gözündə də

Bitib yabanı otlar.

 

Bir-bir yoldum otları,

Sandım, bulaq ağlayır.

Baxdım, fərəh-sevincdən

Bulaq coşub-çağlayır.

 

Bulağın buz suyundan

İçəmmədim, dayandım.

Ancaq ayna suyunda

Sığallandım, darandım.

 

 

 

İlkin

 

Bizim İlkinin

Ad günü idi.

Bibisi güllü

Köynək gətirdi.

Şəkilli kitab

Aldı dayısı,

Vardı pələngi,

Vardı ayısı.

"Tüfəng" gətirdi

Əmisi ona.

Dedi: "Gedərsən

Ceyran ovuna".

Tez dedi İlkin:

-Kitab alıbdı

Atam Heyrana,

Orda yazıblar,

Güllə atmayın

Cüyür, ceyrana.

 

 

 

Səlim baba

 

Səlim baba atlanıb,

Əlindədi tatarı.

Çiynindədi aynalı,

Belindədi qatarı.

 

Tatarını yelləcək,

Cilovu tez boşlayır.

Kəhər at bircə anda,

Qaçışına başlayır.

 

Yaşıl obalardakı

Sürülərə baş çəkir.

Hərdən bir ağız oxur,

Elə bil kəklik səkir.

 

Buz bulağın başında

Həvəslə süfrə sərir.

Hələ nəvələrinə

Lalə, nərgiz də dərir.

 

Yorulmaq nədi, bilməz

Ömrün ahıl çağında.

Dözməz yadlar atlana

Obasında, dağında

 

Baxın, yenə atlanıb,

Əlindədi tatarı.

Çiynindədi aynalı,

Belindədi qatarı.

 

 

 

Kəhərdi

 

Meşəbəyi Xəlilin

Bir atı var - kəhərdi.

Belindəki qədimi

Naxışlı bir yəhərdi.

 

Kəhərin yüyəninə

Əl uzadan Məhərdi.

Minə bilmir kəhərə,

Baxışı birtəhərdi.

 

 

 

Söyüd

 

Ağaclar arasında

Qoçaq gördüm söyüdü.

Bircə ilin içində

O, boy atıb böyüdü.

 

İradım var söyüdə,

Baxmır sözə, öyüdə.

Saçlarını daramır,

Özünə iv aramır.

 

 

 

Şeytan bala

 

Babamın dəcəl

Quzusu vardı.

Rəngi elə bil

Ağappaq qardı.

 

Yaman dəcəldi,

Yaman bəladı.

Hələ adı da

"Şeytan bala"dı.

 

Səslədim mən də,

Gəlmədi quzu.

Göstərdim ona

Bir ovuc duzu.

 

Yanıma qaçdı,

Xoş görkəm aldı.

Əlimdən öpdü,

Duzu yaladı.

 Yovşan ətridi

 

Kəndimizdə var

"Dovşan dərəsi",

Burda qurulub

Ovçu bərəsi.

 

Dərənin hər vaxt

Dovşanı çoxdu.

Həm də ətirli

Yovşanı çoxdu.

 

Aymir bərədən

Süzdü dovşanı.

Tanıyammadı

Kollu yovşanı.

 

Bir qəşəng qoxu

Doldu burnuna.

Baxıb babaya

Söylədi ona:

 

- Bu qoxu, baba,

Dovşan ətridi?

Baba dedi: - Yox,

Yovşan ətridi.

 

 

 

Ayandı

 

Rəqs eyləyən bir qıza,

Dovşan, dedim, dayandı.

Maskasını soyundu,

Dedi, adım Ayandı.

 

Mehriban gülüşləri

Qəlblərə nur saçandı.

Hamı qəlbən söyləyir:

- Bu qız, bizim Ayandı.

 

 

 

Ərimir

 

Qar yağanda bağçadan

Qaçırıq evə sarı.

Saçımıza yağan qar

İsti duycaq əriyir.

 

Deyirəm ki, görəsən,

Bu nə sirdir, bu nə sirr,

Babamın saçlarına

Yağan qarlar ərimir?!

 

 

 

Bozdar

 

Çoban Əli otarır

Yaylaqda sürüsünü.

Bozdar iti qoruyur

Sürünü bütün günü.

 

Sürüdən bircə addım

Bozdar addım atmayır.

Gecələr küz önündə

Mürgü vurur, yatmayır.

 

Kimsəylə işi olmaz,

Boş yerə hürüməz də.

Gecələrin sükutun

"Ham", "ham"a bürüməz də.

 

Ancaq görcək Arazı,

Tez hürməyə başlayır.

Axı bu dəcəl Araz

Bozdar iti daşlayır?!

 

 

Çaqqala

 

Budaqlardan sallanan

Çaqqaladı, çaqqala.

Bir cib yığdım yeməyə,

Babam dedi: - dur, bala!

 

Əgər yesən çaqqala,

Dodaqların büzülər.

Dişlərin bərk qamaşar,

Göz yaşların süzülər.

 

Günəşdən nur əməcək,

Morlanacaq çaqqala,

Yamanca xoş gələcək

Uşağa, ağsaqqala.

 

 

 

Ay hanı?

 

Doluxsunub ağlayır,

Asəf ovunmaq bilmir.

Yanağına axışan

Göz yaşlarını silmir.

Deyir: - Yeyib yeməyi,

İçən kimi çayımı,

Baxdım, göydə tapmadım

Mən dünənki Ayımı.

Baba, mənim Ayımı

Kim bu günə salıbdı?

Qarpız boyda Ayımdan

Bircə dilim qalıbdı.

Bilirəm ki, günahkar

O bostançı Nəsibdi.

Ayımı qarpız bilib,

Dilimləyib kəsibdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!