Şeirlər - Təranə ARİFQIZI

İçimdəki məzarına qərənfillər qoyuram

hər gün dəstə-dəstə...

məndəki yerinlə oyanıram hər gün...

mənim olmaq üçünmü, yoxsa,

məndən getmək üçünmü ordasan?

Nəfəsin gülür içimdə

Bir az başqa... bir az fərqli biçimdə...

 

Hıçqırır keçən günlərin şən qəhqəhələri...

Səni sevdiyin adla çağırıram...

Dodaqların sevir gülücükləri, gözlərin qıyılır...

Eləcə, baxa-baxa qalıram... Demək ki,

 sən sevməyi də, sevilməyi də bacarırmışsan,

elə sevə-sevə məndən uzaqlaşırmışsan...

 

Bir ömür məsafəsi məndən uzaq...

bir ömür məsafəsi mənə yaxınsan...

bu yaxınlığın buz uzaqlığı yandırır məni...

sənin sənsizlik adın sındırır məni...

 

...Sənsiz getdim sənlə getdiyim yerə...

elə həmin görüş yeri, elə həmin oturduğumuz yer,

həmin ofisiant oğlan...

ilk görüş-son görüş oldu bizə qalan...

 

hər addım yeni doğuldu o gün bizə...

işdən-gücdən söhbətimiz... sənin mənimlə buz su,

mənim səninlə çay içməyimiz.

bir parça şirin də qatmışdın çayımın üzərinə...

indi neynəsəm də, çata bilmirəm yox olan varların izinə...

 

Uçaraq gəlmişdin bir saatlıq tanışlıq-vida görüşünə...

qaçaraq bir fotomuz ...o gündən yadigar...

bir də... çantamın bir küncündə...qızılı kağızda...

dadı qaçmış, ilk gözəlliyini itirmiş bir konfet var.

ütülü xatırələrin əzik-üzük nişanələri,

bir də səndən mənə qalan...

hər gün ürəyimdə boğulan inci dənələri...

 

İçimdəki məzarına qərənfillər qoyuram

hər gün dəstə-dəstə...

məndəki yerinlə oyanıram hər gün...

mənim olmaq üçünmü, yoxsa...

məndən getmək üçünmü ordasan?..

 

***

Ağ buludlardan keçib, göylərdən gəldin mənə...

Qanadlarınla qovdun içimdəki ağrıları, acıları...

kəsilmiş ümidlərin qayçısını qırmızı lentlə bağladın...

yeni tumurcuqlar doğranmasın deyə...

Hər gün bir az da sevindirdin,

dünyaya bağlandığım yoxluğu var etməyinlə...

Xəbərin olmadı... bəlkə də oldu, bilmirəm...

sevincdən için-için ağladım...

duydum səni yumşaq sərtliyinlə...

Sənə olan "borcum"u qaytarmaq üçün

ürəyimin səsilə yudum

 qəm dolu xoşbəxt misraları...

- həyatımın ən gözəl hədiyyəsini aldım ...

özün belə demişdin.

Xatırladınmı?

 

Sözünü sözümlə tutardım,

bir az rəng qatıb

özünə qaytarardım...

Çox qısa kəlmələrlə uzun xoşbəxtliyimiz vardı...

Sanki bir həyat hekayəsi yazmış kimi...

anlardıq bir-birimizi...

- Biz sozün, sevginin sarbanıyıq...demişdin...

ağır yolçuluğumuz var...kinli dəvələrin qurbanıyıq...

Mələklərmi söyləmişdi, nədən bilmişdin?

 

İndi hərdən  ah dolu lələk qopur ağrılı dünyandan,

Bir qorun istisinə qızınan xoşbəxtliyi

qoruya bilmədin deyə, od axtarırsan...

həyatın boz üzünə, şeytan əməlinə,

fələyin gərdişinə başqa bir ad axtarırsan...

 

Buludlar həmin bulud, göy həmin göysə,

sən o yolun yolçusu isən,

yandırmaq istəyirəm

uzaq məsafələri yaxın edən sehrli qanadlarını,

köməyimə yetəsən deyə.

qara buludların arasından sıyrılıb,

masmavi göylərdə yolumda ağ işıq kimi bitəsən deyə...

 

***

Yuxuya qalmış sabahları kimsə oyadacaqmı?

Əgər belə biri varsa...

Dovşan kimi gözaçıq

gecələri öldürüb gəlsin.Yoxsa...

Qatar pəncərəsindən əl edib sonsuzluğa gedənləri

Qarşılamağa gedirəm...

Bir əlimdə qılınc, birində qələm.

Lap roman kimi...

Qanla yazılanı qələmlə pozacağam,

Ağ bir səhifə açacağam.

Ah, qarşıma çıxanlar...

Məni çoxdan gözləyirsiniz, bilirəm.

Bağışlanmaqdan qorxuram.

Mənim günahlarım çoxdu, çoxdu, deyirəm.

Bağışlanıb yenidən günah etməyə adət etmişəm.

Bu bir qadın sirri, qadın şəklidi...

Mələklər kişi olur axı...indi xatırladım,

 mənim adım doğmanın səbri, yadın məkridi...

Bəs kimin Tanrıyla işi olur axı?

Gəl, yola salaq bəxtsiz qərənfilləri,

Qara dünyanın qırmızı gülləri.

Dan yeri ağaranda yeni bir qatar köhnə vağzaldan yola çıxacaq,

Nigaran baxışlar sındırıb relsləri geriyə baxacaq.

Gecənin qaranlığından çıxarın yuxuya qalmış sabahları,

Bağışlamayın günahları...

 

***

Hər sonun başlanğıcında səni axtardım,

Bəlkə, itmiş günlərin küncünə qısılmısan deyə...

Bəlkə... gözünü döyən günahın səni bağışlasın,

bəlkə... bitişən yolların kəsişməyən nöqtələrində

bir yolu xatırlayıb... bağrına basasan deyə...

 

Xatırladınmı... bu yolun rəngli xatirələrini?

Yasəmən yaxalı izlər...

 Bənövşə qoxulu gözlər...

Nərgiz  gülüşlü sözlər...

Yolu yola çəkməyin...

Torpaq kimi yola çökməyin...

Didişmələr, gülüşmələr...

Çiçəklərin küskün baxışları yadında?..

Bütün gözəlliklər, bütün günahlar sənin adında,

Sənin addımında, sənin dadında...

Hər yolun başlanğıcında səni xatırladım...

Yeni yolun ilk addımı kimi...

Lalənin baxışları... bu yolun göz yaşları.

 

***

Kirpiyimdən asmışdım

Sənin baxışlarını,

Sürüşüb yerə düşdü...

Mən gizlicə seyr etdim

Sakit axışlarını...

İstədim ayaq basam,

İki göz arasında kirpiklər dara düşdü...

Çəkildi keçmişlərə, darıxdı bəbəklərin...

Narahat addımlarla irəli, geri getdi...

Titrədi, qanad çaldı...

Bilmədim... gözlərindən... o sevgi hara düşdü...

 

***

Zamansız zamanların sınağı etdin məni,

Məchulların sahibi, qonağı etdin məni,

Gərəksiz gərəklərə gərək olmam, bilirsən.

Sahibsiz ürəklərin yolunu azmışam mən,

Sənin yox ürəyinə mavi yol yazmışam mən.

Gedib, dayanmaq nədir?.. Geriyə baxmaq nədir?

İçimdə ağrılar var... Yaralanıb qanımda...

Bir hıçqırıq ilişib, sərələnib canımda...

Susubdu hönkür-hönkür, yaş silir yanağımda...

Addım-addım ah çəkir, qarış qarış ruh sökür...

Dizini qucaqlayıb ruh əriyir, ruh çökür...

Darıxır gedənlərin getməyən sahibləri,

Yıxılır bu dünyanın büt kimi rahibləri...

Deyirlər, Tanrıların ürəyi olmur axı...

Tanrısız yazılanlar ürəkdə qalmır axı...

 

***

Ümidim qollarımın yaxasından tutub,

çırpır məni yerdən-yerə,

getmə, getmə, deyir...

 

Ağrılar damarlarımda danışır,

barmaqlarımın ucundan  girib,

qanımla içimdən çıxır...

başımda sərxoş fikirlər dizi üstə düşüb

 məni ayıltmağa çalışır...

itmə, itmə, deyir...

 

Ürəyim özümdən kənar gəzir,

dilim özümdən yox, özgələrdən danışır...

sözlər əlbəyaxa olub sarı sularda,

bitirmə, bitmə, deyir...

 

Gecələr azğın-azğın açıb ağzını

udur səhərin dan üzünü.

sən hələ görməmisən bütövlüyün yan üzünü,

yanar, yandırar.

Sən yanırsan,

etmə, nə olar... etmə, deyir...

 

İlahi, qurtar məni bu doğulmadan,

halqanı çəkmə, çəkmə...

əllərini çəpər elə...

qurtar məni bu boğulmadan...

qanad göndər, bu zülmətdən qopar məni,

al özümdən, işığına apar məni...

 

***

Bir rəssam vardı,

İbrahim Safi adında.

Doğuldu, yaşadı, yaratdı göy üzünün altında.

Milliyyəti Azərbaycanlı,

Doğum yeri Naxçıvan,

Yaşam yeri Türkiyə,

Almaniya, Fransa, Yunanıstan...

"Qafqazdan gəlmə" dedilər ona.

Taleyə, qismətə bax,

Xalqı üçün vuruşdu, döyüşdü,

Yurdundan, elindən didərgin düşdü.

Çox bəlalar gəldi başına.

Azərbaycanın,

Naxçıvanın kiçik bir kəndindən gəldi,

Sığındı Türk qardaşına...

 

Sevdi göy qurşağının yeddi rəngini,

O rənglərdən yeni bir dünya yaratdı - rəngli dünya.

Pozulsa da düzəni, yorulsa da həyatın tərs üzündən

Pozmadı rənglərin incə ahəngini.

Nəğmə kimi oxudu dünyanı əsərlərində,

Tablolarından gündə bir tarix boylandı üzümüzə.

Və bir gün...

əlinə firça alıb, qarşısına kətan açdı.

ilk addım atdı türk - dünya tarixində -

Böyük Atatürklə söhbət edib,

Onun canlı portretini yaratdı.

 

Hardasa, kiməsə yurd həsrətindən

göz yaşları içərisində danışdı -

"Dünyanı gəzsəm də, dünya məni tanısa da,

yurdumda məni arayan, tanıyan olmadı.

Ruhum qərib oldu, sənətim doğma,

Cismimdən yurdda nişanə qalmadı", - dedi.

Doğulduğu qara torpaq üçün ağlayıb getdi,

rənglərini, fırçasını, on minlərlə əsərini bizə yaddaş qoyub,

bizləri tərk etdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!