Nazim Hüseynli yaradıcılığına baxış
Şair Nazim Hüseynli imzasını ötən əsrin 90-cı illərindən tanıyıram. Ayrı-ayrı vaxtlarda dövri mətbuatda - "Ədəbiyyat qəzeti"ndə, "Ulduz" jurnalında və digər mətbu orqanlarda şeirlərinə, publisistik yazılarına rast gəlirdim. Müəllifin müxtəlif dönəmlərdə qələmə aldığı hekayələri ilə də tanışlığım vardır. Nazim Hüseynlinin nəsr nümunələrindəki təbiilik, yurda, elə bağlılıq, Vətən sevgisi, yurd həsrətinin tərənnümü, həmçinin onun şeirlərinə də köçmüşdür. Şairin işğalda qalan Vətən torpağına həsr etdiyi bir şeirində dediyi kimi:
Vətən oğlu, Şuşa, Laçın əsirdir,
Qarabağım, o baş tacım əsirdir,
Soydaşlarım, anam, bacım əsirdir,
Tapdaq altda inildəyir torpağım.
Şair Nazim Hüseynli Vətən torpağının bir gün azad olunacağına qəlbən inanaraq bu inamını belə ifadə edib:
Keçərik hücuma dəstəbədəstə,
Çökərik yağının sinəsi üstə,
Anlayar düşmən də axır nəfəsdə,
Bir qarış torpağı vermərik yada!
Nazim Hüseynli zaman-zaman öz şeirlərində Cənub həsrəti, bütövlük istəyini də dilə gətirmişdir. Şairin "Tikanlı məftillər sökülür daha" adlı şeirində bu hisslərin aşağıdakı şəkildə nəzmə çəkildiyini görürük:
Su axmır, göz yaşı axır Arazdan,
Bütövlük həsrəti baxır Arazdan,
Azadlıq hayqırıb çıxır Arazdan,
Tikanlı məftillər sökülür daha.
Şairin müxtəlif illərdə qələmə aldığı şeirlərindən bu kimi çoxlu misallar gətirmək olar. Xüsusilə də son illərdə qələmə aldığı şeirlərində dediklərimə daha çox rast gəlinir. Bu yaxınlarda Nazim Hüseynlinin çapa hazırlanan, Ön söz yazmaq üçün mənə təqdim etdiyi "Hamıdan da Vətən üstün" adlı növbəti şeirlər kitabında da yuxarıda sadaladıqlarıma rast gəlinməkdədir. Ümumiyyətlə, kitabda yer alan şeirlərin böyük əksəriyyəti Qarabağ müharibəsinə, Azərbaycan bayrağına, başı bəlalar çəkmiş Vətənimiz Azərbaycana, həmçinin II Qarabağ müharibəsinin şəhidlərinə və qəhrəman oğullarımıza həsr edilmişdir. Şairin şeirlərini oxuduqca onun içindəki ağrı və acını, şəhidlərə sonsuz ehtiramını, üstündə dolaşdığı hər qarış Vətən torpağına necə bağlı olduğunu hiss etməmək mümkün deyil.
Nazim Hüseynli həm də Azərbaycan Yazıçılar Birliyinin Oğuz Bölməsinin aparıcı imzalarındandır. Oğuz Bölməsinin nəzdində fəaliyyət göstərən "Qönçə" ədəbi birliyinin yaradıcılarından olan şair bu gün də gənc imzaların püxtələşməsi üçün onlara lazimi məsləhət verir.
Doxsanıncı illərdən üzü bəri, ayrı-ayrı illərdə qələmə aldığı şeirlərin toplaşdığı bu kitabın oxucuların diqqətini çəkəcəyinə inanıram. İnanıram ki, qələm dostumuz şair Nazim Hüseynli yaşının yetmişi haqlamasına baxmayaraq bundan sonra da bu mövzularda bir-birindən maraqlı, oxunaqlı və sevilən poeziya nümunələri yaradacaqdır. Elə bu inamın arxasına sığınaraq şair Nazim Hüseynlinin növbəti kitabına uğurlar diləyirəm.
İlqar Fəhmi
Şair, yazıçı, AYB-nin katibi
Dalğalanır Bayraq kimi o yumruq!
O yumruq - bütövlük, birlik rəmzimiz,
İnkişaf rəmzimiz, dirlik rəmzimiz,
İmzamız, möhrümüz, varlıq rəmzimiz,
Dalğalanır Bayraq kimi o yumruq!
O yumruq - gücümüz, dronumuzdur,
O yumruq - bir olan zamanımızdır,
O yumruq - Kəbəmiz, Quranımızdır,
Dalğalanır Bayraq kimi o yumruq!
O yumruq düşmənin əzir başını,
Daş üstə yağının qoymur daşını,
Səfərbər eyləyir xalqı, qoşunu,
Dalğalanır Bayraq kimi o yumruq
O yumruq - gücü dağ, Azərbaycandır!
O yumruq - Qarabağ Azərbaycandır!
O yumruq - hər bir çağ Azərbaycandır!
Dalğalanır Bayraq kimi o yumruq!
O yumruq - düşməni yerlə bir edər,
O yumruq - bir Günəş, yolu nur edər,
O yumruq - yurdumu bütöv, hürr edər,
Dalğalanır Bayraq kimi o yumruq!
O yumruğa Allah qüvvət, boy verir,
Bakı, Təbriz, Kərkük, Dərbənd,.. hay verir,
Soydaşlarım - 60 milyon oy verir,
Dalğalanır Bayraq kimi o yumruq!
Hamıdan da Vətən üstün!
Nə mən üstün, nə sən üstün,
Döyüşlərə gedən üstün,
Yağıyla cəng edən üstün,
Hamıdan da Vətən üstün!
Qıydı igid cana - üstün,
El borcludur ona - üstün,
Oğlu şəhid ana üstün,
Hamıdan da Vətən üstün!
Ömrü şamtək sönən üstün,
Qazi kimi dönən üstün,
Düşmənləri yenən üstün,
Hamıdan da Vətən üstün!
Planları cızan üstün,
Yağıları əzən üstün,
Zəfərləri yazan üstün,
Hamıdan da Vətən üstün!
Azərbaycan bayrağı
Keçmişlərdən dikəlir,
Min illərdi yol gəlir,
Arxasınca el gəlir,
Azərbaycan bayrağı!
Zirvələrə dikiləndi,
Önündə diz çöküləndi,
Tabutlara büküləndi
Azərbaycan bayrağı!
Bir məşəldi - gur, sönməz,
Yüksəlibdi, heç enməz,
Qələbəsiz geri dönməz
Azərbaycan bayrağı!
Qarabağa el-el dönür,
Səcdəsinə dağlar enir,
Xankəndidə dalğalanır
Azərbaycan bayrağı!
Ana Təbriz yolun gözlər,
Göyçə sənə baxıb sızlar,
Dərbənd həsrət, zaman izlər,
Azərbaycan bayrağı!
Hifz eyləsin daim Xuda,
Əydirmərik heç vaxt yada,
Uğrunda can olsun fəda,
Azərbaycan bayrağı!
20 Yanvar şəhidləri
Yadlar, sizi çağırdı kim?
Yurda hakim ölüm-itim,
Bədənləri didim-didim
20 Yanvar şəhidləri!
Öndə gedən bayraqlardır,
Əliyalın - silahlardır,
Yatmayıblar, oyaqlardır,
20 Yanvar şəhidləri!
Sinələri sevgi dolu,
Vətəninin sadiq qulu,
Bağımsızlıq eşqi, yolu
20 Yanvar şəhidləri!
Hardan gəldi belə yazı?!
Qan içində oğlu, qızı,
Həm şəhiddi, həm də qazi
20 Yanvar şəhidləri!
Üsyana qol qoyub millət,
Qanlı kəfən geyib millət,
Yekun sözün deyib millət:
20 Yanvar şəhidləri!
Bakı sanki qan gölüdür,
Deyə bilər kim: ölüdür,
Azadlığın heykəlidir
20 Yanvar şəhidləri!
Zülümlərdən bezdi elim,
Əsarəti pozdu elim!
Yeni tarix yazdı elim,
20 Yanvar şəhidləri!
Qərənfillər - şəhid qanı,
Qərənfilə tay gül hanı?!
Bu torpağın ruhu, canı
20 Yanvar şəhidləri!
O tay, bu tay bir olmalı,
Haqqın səsi gur olmalı,
Ən müqəddəs yer olmalı
20 Yanvar şəhidləri!
Torpağım
Qürrələnmə, öyünmə sən, çağdaşım,
Əsarətdə elim, yurdum, dağ-daşım,
Qanadlanıb başımıza yağ, daşım,
Tapdaq altda inildəyir torpağım.
Vətən oğlu, Şuşa, Laçın əsirdir,
Qarabağım, o baş tacım əsirdir,
Soydaşlarım, anam, bacım əsirdir,
Tapdaq altda inildəyir torpağım.
Ellərimiz qara geysin, ağlasın,
Göz yaşımız çeşmə kimi çağlasın,
Ah-naləmiz yeri-göyü dağlasın,
Tapdaq altda inildəyir torpağım.
Getdi əldən sərvətimiz, varımız,
Getdi əldən namus, ismət, arımız,..
Özümüzdə, özümüzdə çarəmiz,
Tapdaq altda inildəyir torpağım.
Daha bəsdi, dərdə əlac bulmalı,
Torpaqları bir-bir geri almalı!
Ya bir şəhid, ya da qazi olmalı,
Tapdaq altda inildəyir torpağım.
2011
Diləyimiz türk birliyi
Torpağımız uc-uca, bir,
Tariximiz qos-qoca, bir,
Kültürümüz çox uca, bir,
Diləyimiz türk birliyi!
Qövmümüz bir, elimiz bir
Kökümüz bir, yolumuz bir,
Ulu dildir dilimiz - bir,
Gərəyimiz türk birliyi!
Keçmişimiz zəfər dolu,
Son əsrlər kədər dolu.
Bəs gələcək? Hünər dolu,
Dirəyimiz türk birliyi!
Bir olmalı, bir davamız,
Azad olsun hər obamız,
Güclənməli cəhd-çabamız,
Yarağımız türk birliyi!
Olsun gərək ordumuz bir,
Turan adlı yurdumuz bir,
Yol göstər, boz qurdumuz bir,
Mayağımız türk birliyi!
Bir olmamaq qüsurumuz...
Türk əsridi bu əsrimiz,
Yox olmalı hər kəsrimiz,
Ələyimiz türk birliyi!
Hər sözümüz bir olmalı,
Hər səsimiz bir olmalı,
Hər kəsimiz bir olmalı,
Ürəyimiz türk birliyi!
Torpağımız uc-uca, bir,
Tariximiz qos-qoca, bir,
Kültürümüz çox uca, bir,
Diləyimiz türk birliyi!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!