Şeirlər - Təranə Yusifqızı

Çarəsizlik

 

Hərdən tab gətirmir hisslərimizə

Nə yazan bir qələm, nə də ki kağız.

Tökərək ağrını ürəyimizə,

Əlimiz yazmayır, susur dil-ağız.

 

Köksümüz ağrıyla çabalayaraq

Çırpınıb uçmağa qanad istəyir.

Arzumuz ürəkdə qan ağlayaraq,

Yalvarıb taledən imdad istəyir.

 

Yalnız xəyal olur yaşadan bizi,

Ümidlə baxırıq biz aya, ilə.

Bəzən də olanlar çox üzür bizi,

Deyirik: "Nə ola, bəxtimiz gülə".

 

 

 

 

Alın, bu kədərin əlindən məni

 

Ölməz şairimiz Nüsrət Kəsəmənlinin "Alın, bu kədərin əlindən məni"

şeirinə nəzirə

 

Kədərim ilk deyil, yoxdur ki, sonu,

Saymaqla qurtarmır, incidir məni.

Qəlbim buz kimidir, elə bil donub,

"Alın, bu kədərin əlindən məni".

 

Dünyanı sevirəm hər dəyərilə,

Sevinci, nisgili, hər qədərilə.

Həddini aşıbdır o kədərilə,

"Alın, bu kədərin əlindən məni".

 

Ümidlə baxıram mən bu həyata,

Vurğunam, heyranam bu kainata.

İstərəm sevinəm, kədəri atam,

"Alın, bu kədərin əlindən məni".

 

Necə yaşadığım özümə bəlli,

Yaşaya bilmədim heç düzəməlli.

Çarəsi yoxsa da, verin təsəlli,

"Alın, bu kədərin əlindən məni".

 

 

 

 

Ata ocağı, ana qucağı

 

Körpə uşaq olaydım,

Anamın qucağında.

Mənə laylay çalaydı

Atamın ocağında.

Gülümsəyib üzümə,

Telimi oxşayaydı.

O zərif əllərilə

Əlimə toxunaydı.

Körpə uşaq olaydım,

Bu dünyadan xəbərsiz.

Bütün acıdan uzaq,

Həm dərdsiz, həm kədərsiz.

Bir az da böyüyəydim,

O, tutaydı əlimdən.

Astaca gəzdirəydi,

O, öpəydi telimdən.

Bir az da böyüyəydim,

Dil açıb danışaydım,

Ana, ana! - deyərək,

Qucağına qaçaydım.

Bir az da böyüyəydim,

Məktəb yaşım olaydı.

O, məni geyindirib,

Dərsə yola salaydı.

Bir az da böyüyəydim,

Məktəbi bitirəydim...

Daha böyüməyəydim,

Bax, eləcə qalaydım.

Atamın ocağında,

Yeniyetmə olaydım.

Anlayaydım orada,

Olar-olmazları mən.

Ailəmizlə birgə

Xoşbəxt yaşayaydım mən.

O yerləri, izləri,

Qarış-qarış gəzəydim.

Yığdığım çiçəklərdən,

Gözəl çələng hörəydim.

Gəzərək göy çəməndə

Xəyallara dalaydım.

Pisliyi anlamayıb,

Yaxşılarla qalaydım.

Qayğısız yaşayaydım,

O illəri yenidən.

Ata-ana kəlməsi,

Düşməyəydi dilimdən.

Yenə həmin o çağlar

Qayıdaydı geriyə.

Yenə həmin ocağa

Dönəydim bu sevgiylə.

Yenə körpə olaydım,

Anamın qucağında.

Yenə xoşbəxt olaydım

Atamın ocağında.

 

 

 

 

Şəhid anası   

 

Göz yaşın gilə-gilə,

Axıb dönübdür selə.

Göz yaşını kim silər,

Dərdli Şəhid anası?!

 

Gündüzün, gecən yoxdur,

Halında necən yoxdur,

Sinənə dəyən oxdur,

Dərdli Şəhid anası.

 

Dastana döndü balan,

Bir də sağalmaz yaran.

Mələk anası olan,

Dərdli Şəhid anası.

 

Necə verək təsəlli?

Halın hamıya bəlli.

Yoxdur bu dərdin həlli,

Dərdli Şəhid anası.

 

Gecə-gündüz səslərsən,

Gələr - deyib, gözlərsən.

Ağı deyib gəzərsən,

Dərdli Şəhid anası.

 

Dərdin sonsuz, bilirik,

Nə söyləyək bilmirik.

Qarşında baş əyirik,

Dərdli Şəhid anası.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!