Şeirlər - Altay MƏMMƏDOV

Salamlaya

 

Elə bir ömür sürəsən

İllər səni salamlaya.

Qəlbini günə sərəsən,

Yellər səni salamlaya.

 

Şirincə noğul olasan,

Min hikmət, ağıl olasan,

Elə bir oğul olasan -

Ellər səni salamlaya.

 

Yazan xoş yaza yazını,

Çalasan könül sazını.

Çəkə biləsən nazını -

Güllər səni salamlaya.

 

Ay Altay, dada çatasan,

Dərdi canından atasan.

İmkan ola, əl tutasan,

Əllər səni salamlaya.

 

 

 

Sən o tayda, mən bu tayda

 

Biz bir eşqin butasıyıq,

Sən o tayda, mən bu tayda.

Nədən həsrət qalasıyıq

Sən o tayda, mən bu tayda?

 

Gah dərindi, gah dayazdı,

Bu taleyi kimlər yazdı?

Bəlkə günahkar Arazdı,

Sən o tayda, mən bu tayda.

 

Qoy açılsın yol-iz deyim,

Gəl sözümü təmiz deyim.

Sən Bakı, mən Təbriz deyim -

Sən o tayda, mən bu tayda.

 

Bu sorğuya cavab alaq -

Nə vaxtacan belə qalaq?

Gəl, bir qoşa qanad olaq

Sən o tayda, mən bu tayda...

 

 

 

Eylər

 

Sevdalı küləklər yelləyər ətək,

Sönmüş ocaqları qor eylər-eylər.

Əgər buyruğunca olarsa istək -

Tanrı etdiyini zor eylər-eylər.

 

Baş açsan dünyanın bu get-gəlindən,

Tanrının xoş sözü bitsə dilində,

Nə zaman yaxşılıq gəlsə əlindən -

Həyat özü səni var eylər-eylər.

Altay Məmmədlinin öz dünyası var,

Qəlbində dost üçün söz dünyası var.

Gəzsə oba-oba, diyarbadiyar -

Bağçalar gül açar, bar eylər-eylər.

 

 

 

Bənzədi

 

Güzar etdim mən Daşkəsən elinə,

Ellər mənim ellərimə bənzədi.

Dağlar bizim dağlar kimi göründü,

Çöllər mənim çöllərimə bənzədi.

 

Murovun başından əsdi küləklər,

Min dildə dilləndi göy biçənəklər.

Önümdə nazlandı əlvan çiçəklər,

Güllər mənim güllərimə bənzədi.

 

Bu yerlərin təbiəti belədi,

Əzəl narın yağdı, narın çilədi.

Altay deyər, sonda leysan ələdi,

Sellər mənim sellərimə bənzədi.

 

 

 

Nəğməsindəyəm

 

Sən orda möhnətin qulusan, gülüm,

Mən burda hicranın qəfəsindəyəm.

Elə yanmışam ki, görünməz külüm,

Bir qəmli-kədərli ney səsindəyəm.

 

Səsimə səs gəlmir Arandan, dağdan,

Küsgünəm haçandı bu barsız bağdan.

Bu dilsiz sevdaya tuş olan çağdan

Taleyin ən dərin dərəsindəyəm.

 

Ümid qığılcımı yoxdu sözündə,

Baş aça bilmirəm özüm özümdən.

Get-gedə qaralır həyat gözümdə,

Bilmirəm dünyanın nerəsindəyəm.

 

 

 

Olasan

 

Nə ola, qarışıq zaman içində

Ayıq yaşayasan, diri olasan.

Yamanlıq edənə yaxşılıq edib,

Allah bəndəsinin piri olasan.

 

Bəd söz söylənməyə heç vaxt dalınca,

Bütün ucalıqlar ola yarınca,

Tülkü təbiətli biri olunca

Meşənin aslanı, şiri olasan.

 

Yıxılana gülənlər var dünyada,

Əyri yolla gələnlər var dünyada,

Diri ikən ölənlər var dünyada,

Ölüncə, dirinin biri olasan.

 

 

 

Orxan Paşa

 

Görkəmli alim, gözəl dost

Məhərrəm Qasımlıya

 

Qəlbində haqqın sədası,

Üzündə nur - Orxan Paşa.

Olubdu elmin dəryası,

Dilində dürr - Orxan Paşa.

 

Könlü-gözü binadan tox,

Bərkə-boşa düşübdü çox,

Xəbəri var, xəbəri yox? -

Olubdu pir - Orxan Paşa.

 

 

 

Qalmaz

 

Vaxt yetişər, vədə keçər,

Geyilənlər təzə qalmaz.

Hər büsatın bir sonu var,

Nə mey, nə də məzə qalmaz.

 

Min-min dərdə çarə torpaq

Dönər bir gün gora torpaq.

Göz doydurar qara torpaq,

Baxdıqları gözə qalmaz.

 

Sala bilsək iz - qalarıq,

Əqidəsi düz qalarıq.

Nə dünyaya biz qalarıq,

Nə də dünya bizə qalmaz...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!