Köksünü dağlama bu ayrılıqdan,Səbr et, xəyallara dal, məni gözlə. - Nəcməddin Mürvətovun ŞEİRLƏRİ

Gözləyək

 

Soyuqluq duyuram boğuq səsindən,

Dili söyləsə də dualar mənə.

Barəmdə könülsüz olan bəhsindən,

Məcburmu eyləyib onu, kim yenə?

 

Sanki kəlbətinlə çıxır canından,

Sözlər kəsərini itirir bütün.

Guya ki, nədənsə çıxır yadından,

Daha neçə-neçə uğurum üstün.

 

İndi gözləyirəm bitə bu əzab,

Ürək sıxıntımdan hər ikimizə.

Sınaya elə bil məndə dözüm, tab

Deyir, "bir" təqdimdə olanım "yüz"ə.

 

Aşkar nümayişdə "qəlb qaralığı"

Özündən, kəmağıl anlamır bunu.

Seçən, ayıran var qaranı, ağı,

Geydir lap nəyəsə al-əlvan donu.

 

Təsadüf: sataşır gözü gözümə,

Dərhal baxışını çevirir yana.

Ucuz dəyər verib haqdan "düz"ümə,

Buraxaq bu işi, nə olar, zamana...

 

Məni gözlə 

 

Köksünü dağlama bu ayrılıqdan,

Səbr et, xəyallara dal, məni gözlə.

Yəqin ki, bizləri Tanrı sınaqdan 

Çıxarır, önündə lal məni gözlə.

 

Qəlbindən qovmağa hicran, həsrəti,

Bacar iş-gücünə yönəlt diqqəti.

Gözünün yaşını axıt xəlvəti, 

Hərdən boynubükük qal, məni gözlə.

 

Qalanda özünlə tək ixtilatda,

Bil ki, o haldayam həmən o vaxtda.

Saxla bax, o günə dildə, dodaqda,

Qatıb kəlmə, sözə bal, məni gözlə.

 

Çağır, röyalarda olum qonağın,

Qüssə, qəm ortağın, sevinc ortağın.

Olsun röyadasa bəxtəvər çağın,

Vüsaldan kamını al, məni gözlə.

 

Bu əhval bağrını yarsa, döz yenə,

Qəhər boğazını sarsa, döz yenə.

Nə zülmün, sitəmin varsa, döz yenə,

Qoysa ürəyinə xal, məni gözlə.

 

Qıyma dərd kəsilə qənim canına,

Xiffət kölgə sala ömrün anına.

Düşün ki, dönərəm bir gün yanına,

Bu fikri ağlına sal, məni gözlə.

 

Ay ana

 

Doğmalığın sığmır sözə, kəlməyə,

Ömrümdəki Günəş idin, Ay, ana.

Yadırğayıb daha üzüm gülməyə,

Nə olar, ver də harayıma hay, ana.

 

Nadanlıqdan bilməmişəm heç demə,

Bəzəkmişsən, naxışmışsan könlümə, 

İndi ağrı, acı dolub köksümə,

Hardan tapım sənə bənzər tay, ana?!

 

Vaxt, ya bivaxt can atardın yanıma,

Qarışardın hər qayğılı anıma,

Əzizlərdin, and içərdin canıma,

Sevgin mənə ümmanmış ki, çay, ana.

 

Yaradandan nə xoş bəxtim, taleyim,

Yox dost, yaxın, əqrəbadan gileyim,

Səbəbdə həm kimdən nəsə diləyim,

Sovqatların şirinmiş çox, pay, ana.

 

Baş-başayam xəyalınla hər dönəm,

Sənsizlikdən ürəyimdə qüssə, qəm,

Dəyişmir heç gözlərimi tutan nəm,

Fərqlənmir ki, payız, qış, yaz, yay, ana.

 

Şeir yazdım, o söz, kəlmə yox yenə,

Tapmadım ki, toxdaq ola az mənə, 

Qüdrətim bu, toxunmasın qəlbinə,

San oğlunu günahkar san, ay ana.

 

Dərdini de

 

Nəyə gərək korun-korun yanmağın,

Güman-zənni təsdiqləyib danmağın?!

Naçar qalıb əyilməyin, sınmağın.

Zövq duyuram darda kimə tutam əl,

Dərdini de, çözüm tapaq birgə gəl.

 

Sən də, mən də bir zamanın övladı,

Çəkilməyin öz qınına yox adı,

Boşla getsin təkliyinə inadı,

Min bir fikrə çarə olar bir əməl,

Dərdini de, çözüm tapaq birgə gəl.

 

Dillən, danış vaxt getməyə hədərə,

İş qalmaya yox, qəzavü-qədərə,

Bağlanmaya hələ açıq bənd-bərə,

Görək, nədir qarşındakı sədd, əngəl,

Dərdini de, çözüm tapaq birgə gəl.

 

Açıq söylə, nələr varsa sonadək,

Ötənləri, olmuşları onadək,

Dinləyəcəm səbir, təmkinlə, etmə şəkk.

Qərar verək ki, gözləyək dürüst həll,

Dərdini de, çözüm tapaq birgə gəl.

 

Yanındayam, ol ki əmin, arxayın,

O vaxtadək, ötə qəlbdən ah, vayın,

Yetsə mənə bir işarən, tək hayın,

Alar cavab haqq işinə vuran pəl,

Dərdini de, çözüm tapaq birgə gəl.

 

De, bilim

 

Vurulanlar yalandan "göz, qaşıma"

Yaxınlaşıb şərik olub "aşıma".

İnandırıb, oyun açıb başıma,

"Belə olmaz hamı" - olub təsəllim,

Ürəkdənmi dostsan, yaxın? - de, bilim.

 

And içənlər dönə-dönə Allaha,

Etməz, yox, yox, naxələflik bir daha.

Fürsətini saxlamayıb sabaha,

Üzülə hoqqadan yer, göydən əlim,

Ürəkdənmı dostsan, yaxın? - de, bilim.

 

Hiyləsiylə ürəyimə tapan yol,

Olub kəs ki, vədə verib şirin, bol.

İmkan tapıb kürəyimə çəkib zol,

Gücüm yetib onu unudum, silim,

Ürəkdənmi dostsan, yaxın? - de, bilim.

 

Halal-haram ayıran tək özünü,

Təqdim edən, deyən guya düzünü.

Aldadıbmış demə, neçə yüzünü, 

Üzümə yapışdı bundan lap əlim,

Ürəkdənmi dostsan, yaxın? - de, bilim.

 

Beləcə də insanlara inamım

İtdi, getdi yavaş-yavaş nə danım?!

Zaman çatdı, sınaqdan da usanım,

Söz xətrinə deyir bunu bax, dilim,

Ürəkdənmi dostsan, yaxın? - de, bilim.

 

Dinləməyi öyrən

 

Hey düşsən də öz "dilindən tilova",

Harda oldun, qarışırsan söz-sova.

Çevrilirsən beləlikdən girova,

Ürək sıxır səndən səs də, avaz da,

Nə olar, öyrən dinləməyi bir az da.

 

Harda "aş var", şəksiz, "başsan orada",

"Günahkardır kim-kimdən nə sora da".

Əlacın var guya "kara, kora da",

Danışırsan, görünürsən "dayaz da,"

Nə olar, öyrən dinləməyi bir az da.

 

Yox ki, bax da, məhəl qoyan sözünə,

Puçluğunu şax deyirlər üzünə.

Zəvzəkliklə qoymursan ki, üz ünə.

Düşüncənlə "üzürsən çox dayazda",

Nə olar, öyrən dinləməyi bir az da.

 

Lap bezdirib çoxlarını, lağın çox,

Guya səndə bu əhvaldan xəbər yox?!

Tərs şapalaq bil çənənə gələr, qorx.

Qalar sözün qanla dolu ağızda,

Nə olar, öyrən dinləməyi bir az da.

 

Səy et, öyrən dinləməyi onda sən,

Çox-çox fikri boş başından silərsən.

Ən nəhayət, kimliyini bilərsən,

Yekəliyə bitər istək, muraz da,

Nə olar, öyrən dinləməyi bir az da.

 

 

Məhəbbət tonqalı çataq

 

Gəlin, tonqal çataq ürəyimizdə,

Məhəbbət tonqalı, alovları gur.

Hərarət ola çox diləyimizdə,

Sevinək hər kəsdə görsək bir uğur.

 

Yandırsın qəlblərdə kini, nifrəti,

Sovursun küləklər göyə külünü.

Yaxınlıq, doğmalıq, dostluq, ülfəti

Artırsın, bəzənsin ömrün hər günü.

 

Uyaq, xoşhallanaq bu istilikdən,

Vəfa, etibara şübhə olmasın.

Belə rahatlıqdan ruhumuz, bədən

Zövq duysun, bircə an kənar qalmasın.

 

"Can-can"a "can-can"la verək cavabı,

İlıq meh nəfəsi verək hər sözə.

Köməyə çağırmaq dözümü, tabı,

Tanrı bunu rəva görməsin bizə.

 

Gəlin tonqal çataq ürəyimizdə,

Məhəbbət tonqalı, alovları gur.

Hərarət hər ortaq diləyimizdə

Ola, çox millətə edə bəxş uğur.

 

Bayram ola bütöv il

 

Qadın bacı, qadın ana, nənə həm,

Qəlb yoldaşı sevgisində kəsir, kəm.

Olmur zərrə cəfakeşdir hər dönəm,

Tək bircə gün, rəvamı bu? - Yox deyil.

Bayram edək yaşamını bütöv il.

 

Fədakardır çətinlikdə, darda o,

Üzə gülür hər yan olsa, harda o.

Ən yaxın da, ən doğma da, yar da o,

Özün atar səndən ötrü oda, bil,

Bayram edək yaşamını bütöv il.

 

Məhəbbətlə vurur müdam ürəyi,

Pak, tərtəmz istək, arzu, diləyi.

Zəriflikdə xatırladır mələyi,

Sehr, əfsunlu onda sanki şəkər dil,

Bayram edək yaşamını bütöv il.

 

Hərarəti yuvamıza edir bəs,

Ruhdur sanki hər ocaqda o nəfəs.

Muma dönür baxışından hər tərs, nəhs,

İşi, gücü, əməlində çox kamil,

Bayram edək yaşamını bütöv il.

 

Anadır ki, bax, elə bu, yetər tək,

Sanaq onu köksümüzdə qəlb, ürək.

Yaradandan bu ad ona yox ki şəkk,

Ən şərəfli ucalığa bu dəlil,

Bayram edək yaşamını bütöv il.

 

Sevindirək, Günəş təki saça nur,

Şəfəq yaya ətrafına işıq, gur.

Bizdən təkcə diqqət, şirin söz umur,

Qoru, bəşər gözündəki yaşı sil,

Bayram edək yaşamını bütöv il.

 

Qınama 

 

Şair qardaşım 

Çingiz Dalğına cavabım

 

Məni qınayırsan, olmaz bu qədər,

Söyüb yamanlamaq çoxunu, lap çox.

Susuram, köksümü göynədir kədər,

Düşüncəm: - bu işdə məndə günah yox.

 

Neyləyim, paxıla deməyim paxıl,

Şər, böhtan deyənə qoyum de, nə ad?

Yaxşımı belədə sən yanıb, yaxıl,

Onlar nahaqqına göstərsin inad?

 

Azmı kəmfursətlər duran marıqda,

Çalıb-çapmaq üçün məqam gözləyən?

Belədə sakitcə durub qıraqda,

Olum tamaşaçı "oyun" izləyən?

 

Heç nədən törədən dava, qalmaqal,

Üçmü, beşmi baxım, ötüm, yan keçim?!

Təsir eyləməyə mənə, bax bu hal,

Hirsimi boğmağa su tapım içim?

 

Salıb yekəliyə "mən-mən"əm deyən

Döyüb sinəsinə gəzsin, dolansın.

Olummu de, mən də ona baş əyən,

Fağır, məzlumluğum gendən qınansın?

 

Söylə, iyrənməyim yaltaq, yalaqdan,

Çırpmayım üzünə beləliyini.

Deyimmi işidir özəl maraqdan,

Təbliğ eyləyimmi köləliyini?

 

Bax, bundan fənadır dünyanın halı,

Kim harda nə deyir, züy tutur çoxu.

Haqqa gedənlərə "vururuq nalı",

"Tərs-avand tuturuq əldə yay-oxu."

 

Qınama, qardaşım, tək həqiqəti

Demişəm, deyəcəm nə qədər varam.

Neyləyim, tənqidim çəkir diqqəti,

Olsun, bu işimdə yox ki, yox haram.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!