Şeirlər - Fərqanə SƏFƏRLİ

Qalanların qibləsi

 

Tərs hiylənin yaddaşına

Düz yol çəkdim körpülərdən.

Həqiqətlər gün saymadı

Təqvimdəki son qəmərdən.

 

Asta-asta yel oynadı,

Dəyirmanı dərd götürdü.

Buğda sözün geri çəkdi,

Acanlar şansın itirdi.

 

Güzar ustalaşıb keçdi

Xəyalların kəm ucundan.

Eşq birtəhər yolun seçdi

Tünd badənin dəm ucundan.

 

Günah quduzlaşıb qaçdı

Xəyanətin kəndirindən.

Yol-yolağa "çiçək tökdü"

Yaltaqlığın ənbərindən.

 

Sonra... kaman zilə çıxdı -

"Do", "re", "mi"nin cərgəsindən.

Ölənlərə hava tutdu

Qalanların qibləsindən...

 

Dünyanın düz vaxtı

 

Mən elə bildim böyüyüb

Yetir insan öz baxtına.

Demə, əyri yol gedirmiş

Dünyanın lap düz vaxtına.

 

Yəhər yüklü ağrıları

Dartır köhlən sağrıları,

Qaçır alma oğruları

Həvvanın ta qız vaxtına.

 

Yorğun idi dar ağacı,

Ölüm də baxdı qıyğacı.

Laylaların ən qısqancı

Dönük çıxdı saz vaxtına.

 

Kəpənək doğuşdan bəri

Bir ipəkdi, bir də dəri,

Qışın oğlan həndəvəri

Çəkdi yolun yaz vaxtına.

 

Ümid-qarğış çantası

 

Allahın ətəyinə

Boşaltdım çanta-çanta

Şifahi qarğışları... 

Alın yazım olmadı,

Göy üzünə həvalə. 

Əzbərlərini pozmur

Bildiyim alqışların... 

 

Bir Şahməran vurmuşdu

Yerin əncər qatında

Köklü diləklərimi... 

"Yolçu yolunda gərək", 

deyib asdım çiynimə

Yaşlı ümidlərimi...

 

Qara düşüb

 

Yumma daha gözlərini,

Eşqin yolu dara düşüb.

Sinən sözdən uzaqlaşıb,

Söz havası tara düşüb.

 

Əllərin boşa çıxanda,

Əzabın qoşa çıxanda,

Təkliyin başa çıxanda

Mərd ürəyin xara düşüb.

 

Tələsib əl saxlamısan,

Sandıqda gül qoxlamısan.

Sən şeytanı haqlamısan? -

Qız üstündə tora düşüb.

 

Tünd qələmin al sevdası,

Qaymaq kimi bal sevdası.

Dillənibdi lal sevdası,

Ağ vərəğə qara düşüb.

 

Əsrin aynası

 

Baxdı ki, qalmayıb dar ağacları,

Yer asdı özünü göyün üzündən.

Bezib can payını hürrə çevirdi,

Bax, onda Allahın çıxdı sözündən.

 

Töküldü qəlbinə neçə min alov,

Susdu qərinənin ana laylası.

Kürəsəl yorğunluq, bəşəri qayğı

Sıxdı qucağına əsrin aynasın.

 

Gözünün dərdində batırdı özün,

Yeddi qat insanı gömdü özünə.

Sonra ruh axtardı könül verməyə,

Uçmuşdu ürəklər göyün üzünə.

 

Mavi kəhkəşanın başına döndü,

Fırlanıb toxudu hava qatını.

Torpaq toxum-toxum cücərtdi vəchlə

Ana təbiətin varidatını.

Sentyabr

 

Ala-boz hava var başımda:

Son baharın naz havası.

Sentyabr əl uzadıb

Səbirsizlik dərgahına...

Alabaxta civil-civil

Yaydan kamını qoparıb.

Günəş özün yaman dartır,

Çöldən istini aparıb...

Həsrətlilər yağış güdür

Göyün birinci qatından.

Torpağın nəmliyi qoxur

Yerin gecə saatından...

Sentyabr gülüşlərinin

Qəhqəhəsi sərin,

Gəlişi zümzüməli.

Bir taxta oturacaq,

İlk sarı yarpaq

Və darıxmaq:

Payız hekayəli...

 

Yorulmuşuq neçəmiz

 

Görən, hardan baxasan 

Adəmin həyatına? 

Elə hey səmt yozuruq

Yerin yeddi qatına. 

 

Cəhənnəm mələkləri

Bezibdi əlimizdən. 

Torpağın toxum payı 

Kök atıb dərdimizdən. 

 

Bu yer qoşa budaqdı,

Birindən bar almışıq. 

Çoxu ürəyə düşüb, 

Özümüz tək qalmışıq. 

 

Hərdən sınaq tapmışıq

Göylərin cığırında. 

Dəhşət görüb azmışıq

Dünyanın axırında.

 

Şirin yuxu qaçırmaq

Gözlərə tələ deyil. 

Bir kəpənək uçurmaq

"Təkamül" hələ deyil. 

Seyrələn buludlara 

Çətir tutmaq peşəmiz. 

Günah adi günahdı,

Yorulmuşuq neçəmiz. 

 

Yaşamaq asan işdi, 

Ölmək çətinə dönüb. 

Anası bəşər olan 

Övlad yetimə dönüb. 

 

Yeddi əkiz

 

Göyün bağrı yarıldı, 

Doğdu göyqurşağını. 

Yeddi əkizi gördü,

Yer dəyişdi çağını. 

 

Şeytan da öz canından

Ağı, bozu atmadı -

İşin elə bərk tutdu, 

Cənnətə qayıtmadı. 

 

Səs-səmiri boğuldu

Mələyin qorxusundan. 

Sevdası əcəl çıxdı

Hicranın yuxusundan. 

 

Cəftəsi boş qapıdan

Haram halallıq aldı. 

Bəyquş Simurqu tapdı, 

Yolun gecədən saldı. 

 

Başıdaşlı günahlar

Özünə gün ağlayıb -

İnsan səcdəyə gəlmir, 

Belin nəyə bağlayıb?! 

 

Əvəzlik

 

Cümləmdə şəxs əvəzliyi axtardım

Yerinə qoymağa... 

Nə sən deyə bilirəm,

Nə də mən varam

Biz olmağa.

Ürkək-ürkək ayrılırıq,

Üç nöqtədən biri qalır. 

Dizə kimi yalın qalan

Bu xoşbəxtlik

Fikrə dalır.

Tuturam boz hekayəmin

Soldan beşinci barmağın -

Ötürürəm qaranlığa,

Pozuram

gündən saymağın.

 

Yersiz başladıq

 

Ağlımız göydə qaldı

Ordan yersiz başladıq. 

Ay-ulduzun vaxtını

Səbəb yoxkən daşladıq. 

 

Yelləncək göy üzündə

İntihara ip oldu. 

Dar ağacı şər kimi

Adsız, yurdsuz doğuldu. 

 

Günəş də çaşıb qalıb

Dörd fəsilli sakinə. 

Kölgə vaxtın düz bilir, 

İnsan gəlmir təmkinə. 

 

Arzunun həya donu

Batıbdı bataqlığa.

Lillənmiş günahları

Yazmışıq şıltaqlığa. 

 

Ağlın yeri dar qalır, 

Gündüz qorxur gecədən. 

Qucaq dolu xəstəyik

Bircə ovuc sağ ikən.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!