Səssizliyin şəhəri
İlk yağışlar
körpə çiçəklərə əl tutardı,
ilk kölgələr
qorxaq addımlara iz salardı.
İndi səssizlik, tərk edilmiş dua kimi
boş divarlardan asılır.
Bu şəhərin səssiz addımları,
bənövşəyi küçələrin
ölümünə göz yumur.
Tanrını
dinlə aldadır.
Susduqca
ittiham böyüyür ürəklərdə,
Səssiz qalan küçələrdə,
ürəyi sınmış bir uşaq səsi yatır.
Dərindən bir çaya atır
məni bu şəhər.
İndi bilirsən, səssiz qalmaq
necə göynədir sözlərimi?
unutqanlığını
dişlərinin arasında
gizləyən xəyanətkar kimi,
iç səsini yastığa bürüyüb
boğan xudpərəst kimi,
yanan bir ürəyin istisini
oğurlayan qaranlıq kimi.
Qışqırmayan divarların
gündən-günə bağrı çatlayır axı.
Çiyinlərinə mələk qonan adamların
barmaqlarında tətik izi gördüm həmişə.
Demə, bizə sülh verən
göyərçinlərə dar ağacında dənik.
Daha yağışlar
çirklənmiş səssizlikdən diksinir,
daha kölgələr
səssizlikdən qaçır, kölgəliyindən utanır.
Çünki bütün xəyanətlər
unutqanlıqla başlayır.
Səssiz qalmaq -
ən çirkin intiqamdır,
Suda boğulanı görüb
suya mərhəmətli baxmaqdır.
Edam günü
Edam gününün bağbanı,
yarpaqları qıpqırmızı
ağacların başını kəsərdi,
hər baharda.
Əllərində
qan udan çiçəklər açardı,
susqunluğun dibində.
Hər kölgə salan ağacın
sinəsinə günəş bıçaq kimi batardı.
Budaqlarından sallanardı
başı kəsilmiş yarpaqlar.
Ən körpə laylalar susardı qorxudan,
körpə çiçəklər doğulduğu -
gün ölərdi,
külək belə dilini udardı.
Ana südündə qorxu vardı belə,
bəbəklərimiz
gözlərimizin qucağından yıxılardı belə.
Əlimi göyə qaldırsam,
buludlar
itkin düşərdi deyə,
əllərim Tanrıya ağız aça bilmədi.
Bəlkə, nə vaxtsa
yarpız qoxusuyla
qayıdar o yağış;
qucaqlayar küçələrin boyunu.
Bir gün
edam gününün bağbanı
qorxar ilk çiçəyin rəngindən -
çünki üsyanın da rəngi qırmızıdır,
çünki hər qanlı yarpaq
yenidən doğular yaddaşımızın budağında.
Və ağaclar susmağı unudar,
Bağban
öz əllərindən qorxar.
Yamyaşıl eşqin köynəyi altında
ağappaq çiyinlərin
hürkək-hürkək qısılırdı qucağıma.
Hənirtili bir hıçqırıq kimi keçdin içimdən,
işığın titrək qolu sarıldı boynuna.
Qıpqırmızı yanaqların
gözlərimin içində bir günəş asdı.
Gözlərimin düymələri
yaxanı açdı səssizcə.
Baxışların dodaqlarıma toxundu,
istəkdən alışan od kimi.
Hər toxunuş qaranlığı uddu,
bir gecənin bütün əzabını
pıçıldadı barmaqların.
Gözlərin üzümdə
lal axan çay kimi tövşüdü.
Bədəninin ətrini
otağımın qaranlığı içdi.
İlk öpüşdə
qollarımız havayla sevişdi.
Eşqini soyundu divarlar,
Elə bil, Tanrı da
bu otaqdan ayağını çəkmişdi,
zaman da laqeyd yeriyirdi
saat əqrəblərində.
Gecənin incə beli,
ovuclarımda çırpınarkən,
döşlərin sürüşdü zamanın əlindən,
göbəyini islatdı
həsrətimin dodaqları.
Lüt işığın gözləri qarşısında
yatağım dəniz kimi yırğalandı,
döşlərin havalı dalğalar kimi
axdı gecəyə doğru.
Eşqinin inadı
tutqun bir səslə əllərimi itələdi.
Canındakı yoğun istək,
İnadını iniltiyə döndərdi.
Qucağımızın dərinliyində çırpınan
bir yalvarış düşdü dodaqlarından.
Dodaqlarımın iztirabı
buxağında titrədi,
dizlərinin içinə doldu
həsrətimin buludu.
Aramıza yıxmışdıq göy üzünü,
gülüşləri soldu dişlərinin,
sinəmdən asılmış dırnaqların
keçmişin izlərini çəkdi qəlbimə.
Hər toxunuş
barmaqlarımızın yolunu açdı,
gecəni dəyişdik,
içimizin rəngiylə.
Gecənin yatmış saçları oyandı.
Gecə üzünü çevirdi pəncərəyə,
arzu bizdən əlini çəkdi,
ürəyi soyudu otağımızın.
Əkrəm Əylisliyə
Hər səhər bir pəncərə
oyanır daş yuxudan,
divarların arasında gizlənmiş
bir zaman nəfəs alır...
Odda bir uşaq səsi yanır,
əlləri çatmayan sülhə,
dilində böyüməmiş laylalara.
Ovcunda bir ocaq yeri soyuqdan ölür,
bəlkə də dünən doğulan
bir susqun nəğmənin ürəyidir o köz.
Duydum ki, ana göldə,
qanlı sularda çiçəklərlə
barışmaqdır sənin adın.
Bağışlamaq suların axışı kimidir;
öz yolunu tapar qaya içindən belə.
Səni kim bağışlamaz,
vətənin qanını səngərdə içən?
Vətənin üzünü göy üzündən gizləyən...
Körpə bir kəpənəyin
qanına susamaqdır vətən olmaq;
adam öz yerişlərini
görmədikcə torpaq tanımaz...
Səni sevmək - hamının
qorxusunu gizləməkdir,
gülüşün altında gizlənmiş bir səs kimi.
Hər evə dustaqlıq yazılıb daş yuxulardan;
divarlar səssiz ağlayır gecənin içinə.
Sənsə hələ də üzüqara yağışlardan
çiçək naməsi gözləyirsən...
Bilirəm - indi Əylisdə
əkdiyin ərik ağaclarından
bir qızcığaz boylanır
kirlənmiş hekayələrinə,
səsini itirdiyin küçələrə...
Bütün ayrılıqlar,
intiqam ala bilməmək qorxusudur.
Gedənlər susar, qalanlar
danışmağa utanar...
Adam göz yaşlarını
görməyəndə öz içinə uduzur.
güzgüylə göz-gözə
gələ bilməyən bir alaçıq kimi.
Bir çinar boyda susqunluq danışar gecələr;
şairlərin nəfəsində titrəmiş bir kölgə kimi...
Ey Əylisli, sənin gördüyün yuxular
oyatdı içimizdəki əsrlik qorxunu.
Axı Tanrı bir az da ürəyin çəkdiyi işıqdı;
nə qədər gizlətsən də,
sızır kor pəncərələrdən.
Yolların da bir yuxusu var;
biz onu ayaqlarımızın izindən öyrənirik.
Hər iz bir dua,
hər dua Əylisdə susan min illik səsdir...
İndi hardasa bir söz iməkləyir
yandırılmış kitablarına sarı.
İndi hardasa bir leylək ağlayır,
qanadlarının başında.
İndi hardasa bir ümid yıxılır
ərik ağacından...
Ağaclar da öz kölgəsi qədər yalnızdır,
Adamlar da.
Heyif, daha Əylis axşamlarını
ağlamağa kimsə qalmadı;
hamı qaçdı, vətənin dilində ağladı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!