Heç vaxt görüşmədiyim, həmsöhbət olmadığım, amma mənalı, məzmunlu həyatlarından zövq aldığım insanlar haqqında üçüncü dəfədir ki, lirik poema yazmalı olmuşam. Bu dəfəsə əsərimin qəhrəmanı, bəlkə də haqqında Azərbaycanda hamıdan gec məlumatlandığım dünya şöhrətli bir müğənni idi. Onun mahnılarını Youtube-da dinlədikcə ruhuma qeyri-adi bir rahatlıq hopurdu. Bu fövqəl ifaçının zəngin dünyasında, səsinin dərin çalarlarında kimliyimin, türklüyümün mahiyyətini anladım. İstər ölkə, istərsə də dünya ifaçılıq
sənətində tanıdığım korifeylərin heç birində bu möhtəşəmlik məni Simurq qanadlarında Tanrıma qovuşdura bilməmişdi. Onu
dinlədikcə bu səs məni haldan-hala salır, sanki ruhum cismimi tərk edir, gah asimanda, gah da hüdudsuz sonsuzluqlarda rahatlıq tapırdı. Min bir dərdin dərmanını tapdım mən bu qəhrəmanımın ifalarında. Canımız, qanımız qədər doğma olan muğamlarımızın, ustad bəstəkarlarımızın rəngarəng mahnılarının bənzərsiz ifalarını eşitdim mən onun dilindən. Dünyanı qarış-qarış gəzən bu müğənni sızıltılarımı ifa etdiyi mahnıların kövrək dili ilə ötürür səsinin sehrində olan xalqlara. Qardaş Türkiyədə doğulub boya-başa çatan bu comərd türk oğlunu azəri türkcəsində təqdim etdiyi mahnılarına rəğmən ifaçılıq sənətində bir məktəb də saymaq ədalətli olardı.
Yaradıcılıq tembri bir an belə zəifləməyən, yaşının ixtiyar çağında da coşqun gənclik həvəsi liə könülləri ram edən bir ifaçıdır
qəhrəmanım. Türk dünyasının Sülh göyərçini, Azərbaycan bəstəkar və xalq mahnılarının bənzərsiz ifaçısı və təbliğatçısı, Azərbaycan təəssübçüsü, türkdilli ölkələrin mədəniyyət xadimi və ictimai xadim Bünyamin Aksunqurun 60 illik yübileyi münasibətilə...
I hissə
Müqəddəs amalı var,
Öncüldür hər işində.
Paklıq möhürü vardır
Ali görünüşündə.
Mətindir iradəsi,
Hey canı bizimlədir.
Cismi İstanbuldadır,
Ruhusa özümlədir.
Qarabağ harayıyla
Gəzir bütün dünyanı,
Bir an da rahat deyil
Onun narahat canı.
Düşmən əsarətində
Deyir, qalıb torpağım.
O, geri dönməyincə
Sağalmaz heç vaxt dağım.
Mən türkəm, azəriyəm,
Mən qazaxam, türkmənəm,
Harda türk adı varsa,
Demək, o yerdə mənəm.
Atatürkün, Heydərin
Ruhları canımdadır,
Rəcəb Teyyub Ərdoğan,
İlhamım yanımdadır.
Bol gücüm, bol qüdrətim,
Qılıncım-qalxanım var -
Ölərəm, əyilmərəm,
Mən türkəm, bir canım var.
II hissə
...Bəli, belə bir oğul
Bərq vurur Türkiyədə.
Bizim dərdlərimizi
Hayqırır Türkiyədə.
Ürəyimi dağlayan
Sızıltı var səsində.
Ruhum hey od püskürür
Onun zənguləsində.
...Ay Allah, səsə bir bax,
Bu, şahin nəğməsimi?!
Bu səslə çatdırır o,
Tanrıya haqq səsimi.
Qırğız adlı qızının
Səsi ona can verir,
Bu cütlüyə ilhamı
Azərbaycan verir!
III hissə
Şirin səsini duy onun;
dinlədikcə bal dadır.
Xəyallarım asimanda
Sonsuz bir ümmandadır.
O, dahi türk sənətçisi
Bünyaminin qızıdır.
O bir şərqi ifaçısı,
Parlaq türk ulduzudur.
Diqqət kəsildim bu səsə,
- Məharətə bax, - dedim.
Zil nota qalxdı, dincəldim,
- Cəsarətə bax, - dedim.
Ay yol ötən, saxla ayaq,
Şərqiyə bir as qulaq.
Bir az dincəl, feyziyyab ol,
Bu səsə heyran olaq.
Bu səs Leyli yanğısıdır,
Bu, Araz naləsidir -
Gah bir çayın hıçqırtısı,
Gah şəlalə səsidir.
Bir Günəşdir, parlayır o
Ürəklərin gözündə.
O, sevilir Türkiyədə,
Vətənimin özündə.
Ata ustad, bala ustad,
Qoşa qanaddır onlar.
Türkün şərqi meydanında
Bir toy-büsatdır onlar.
IV hissə
Doyum necə bu səslərdən?
Məlhəmdir hər bir xəstəyə,
Ötüb keçər ağrın-acın,
Qulaq as... "Şikəstə"yə.
İşləməsə şərqi qana,
Güldürməz, ağlatmaz heç.
Titrətməsə vücudları,
Ürəyə də yatmaz heç.
Gah bülbüldür - cəh-cəhi var,
Gah qartaldır... qıy vurur.
Gah "Segah"dır, gah "Zabul"dur,
Gah "Şikəstə", gah "Mahur".
Bir cüt səsdir, edir pərvaz,
Tutur dəm bəmi zilə.
Bir cüt türkdür, cəh-cəh vurur,
Vurur necə zəngulə?!.
Sənət fatehi Bünyamin
Sevilir çox diyarda.
Harda ustadın adı var,
Demək, qırğız var orda.
Sevdiribdir bu sənəti
Qızına ustad ata.
Müəllimdir, əziyyəti
Getməyibdir heç bada.
Bünyaminlə paylaşır o
Səhnəni cəsarətlə.
Hər konsertdə sevindirir
Onu çox məharətlə.
Ata qəlbi fərəhlənir,
Coşur, ilhamı daşır.
Görün, ata-bala necə
Səhnələrə yaraşır!
Biri tarımda saxlayır;
coşdurur zildə bizi.
Biri bəmdə sızıldadır,
Göynədir qəlbimizi.
Yaratdığı möcüzəyə
Tanrı özü qalır mat -
Onları coşqun fərəhlə
Alqışlayır camaat.
Səhnədə izdihama bax,
Gülür, sevinir hamı;
bu səslərin sehrindəykən
Xoşbəxt görünür hamı.
V hissə
Dağıldı imperiya,
Azad oldu ölkələr.
Rahat nəfəs almağa
Başladı hər kənd, şəhər.
Türkdilli ölkələrin
Xalqları doğmalaşdı,
Sevincimiz, dərdimiz
Bağlı sərhədi aşdı.
Arzular çiçək açdı
Mahnı qanadlarında,
Səsimiz qalxdı zilə
Qardaş ekranlarında.
İlk gördüyüm sənətçi
Bünyamin Aksunqurdu.
Onun səsində sevgi,
Məhəbbət qovuşurdu.
Sanki elə Bakıda
Doğulmuşdu bu ustad.
Türkiyədən Bakıya
O, ilk açmışdı qanad.
Yetmiş il həsrət idi
Qardaş qardaş səsinə.
Qovuşdu, pərvazlandı
Türk türkün həvəsinə.
Oxuduğu nəğmələr
Ram etdi qəlbimizi.
Qədim köklərimizə
Qovuşdurdu o, bizi.
Səsləndi mahnılarım
Türk oğlunun dilində,
Coşurdu, kükrəyirdi
Türk aləti əlində.
Dinlədik ürəyinin
Atəşini, odunu.
Türkün türkə sevgisi
Coşdururdu çox onu.
Sinəsinə sıxdığı
Rübabın kökü dogma -
Başqa aləm qatırdı
Bu alət xoş ruhuma.
Qırx ildir mahnılarım
Dilində pərvazlanır,
Ritmim, amalım, ruhum
Səsində avazlanır.
Kövrəlirəm hər dəfə
Dinləyəndə onu mən.
Durna qatarı ötür
Gözlərimin önündən...
VI hissə
Düşsə kimsə sehrinə,
Halı pərişan olar.
Duyunca qəlbi onu,
Üryan olan can olar.
Bir nidadır sədası,
Türkə, - oyan, dur! - deyir;
nə dosta, nə düşmənə
Əyilmə! - gur söyləyir.
Basqılar səngiməyir,
Nişangahda bizik, biz.
Gah Şimalda, gah Qərbdə
Ölçülür güclərimiz.
Bir olaq, yumruq olaq,
Güc yenə birlikdədir.
Türk dili əzbərimiz,
Bayrağı yüksəkdədir.
Bənzəyir bir səyyaha,
Ətri bal səslidir o.
Üzü sübh şəfəqidir,
Bahar nəfəslidir o.
İnşaallah, parlayar,
Nur selidir Bünyamin.
Qəlbimizin fatehi,
Məşəlidir Bünyamin.
VII hissə
Gülür bağçada güllər,
Ötüşürlər bülbüllər.
Barışır küsülülər
Bünyamin oxuyanda.
Coşur Arazım, Kürüm,
Azalır dərdim-sərim,
Yaşla dolur sözlərim
Bünyamin oxuyanda.
Dinlədikcə can, dedim,
Səsinə heyran, dedim,
- Can Azərbaycan! - dedim
Bünyamin oxuyanda.
Gəzir türk ellərini,
Bilir ləhcələrini.
Sıxırlar əllərini
Bünyamin oxuyanda.
Qırx ildir meydandadır,
Şöhrətdədir, şandadır.
Axtarsan, hər yandadır
Bünyamin oxuyanda.
Sevir Azərbaycanı,
Burdadır elə canı.
- Söylə, ona tay hanı? -
Bünyamin oxuyanda.
Rübabı türk nəfəsli,
Oğuz nəslidir nəsli,
Oxuyur çox həvəsli
Bünyamin oxuyanda.
Titrədir səs içini,
Çatır hər yana ünü.
Uçur Sülh göyərçini
Bünyamin oxuyanda.
İlhamı, Mehribanı
Sanır o, şirin canı.
Yayır Azərbaycanı
Bünyamin oxuyanda.
Coşdu qələm əlimdə,
Şeirə döndü dilimdə,
Bayram olur elimdə
Bünyamin oxuyanda.
Mübarək olsun yaşı,
Ucalsın göyə başı.
Sevinir türk qardaşı
Bünyamin oxuyanda.
Halaldır bu "Ad" ona,
Olar qol-qanad ona.
Güvənir Yaradana
Bünyamin oxuyanda.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!