Tanrım, varlıyam səndən - Adilə Nəzərin ŞEİRLƏRİ

Aprel yağışları

 

Bir ümid tarlam var -

bütün çətinliklərə səbrli,

vurana əlsiz,

söyənə dilsiz,

haqsızlığa susqun,

diz üstə oturub

açıb əllərimi,

gözlərimlə eşq toxumları əkirəm...

Daşlıqda xam torpaqdakından

daha gözəl göyərəcək, bilirəm... -

tam da yağmağa başlayıb

aprel yağışları...

 

***

Deyirlər, molyksun içinə düşərsə inci,

ilanın ağzına düşərsə zəhər olur

aprel yağışları...

Demək ki, bir damcısı 

bir canlını öz mahiyyətinə

çevirə bilir.

Günortadır, üzümü tuturam

Sevgi kimi gözlənilmədən gələn

aprel yağışlarına...

Yarpaqlar titrəkdir, sərçələr ürkək...

Qəlbimdə hərarət,

əynimdə

yağışdan köynək...

 

***

Nə gözəldir islanmaq aprel yağışlarında...

Nə gözəldir isinmək

baxışlarında...

Yağdıqca aprel yağışları,

gizlədə bilirəm yaşları...

Bilirsən, ustayam duyğuları gizləməkdə.

Görməsin heç kim,

amma sən

bil, qəlbimdə olduğunu...

Günəş necə gizlənibsə buludlarda,

mən də bürünmüşəm şeirlərə...

təbiət kimi tərtəmiz,

təptəzədir ruhum.

 

***

...və "beş"lər...

Həyatımda dönüm nöqtələri oldular.

Az qaldı,

İyirmi beşinci ilin beşinci ayı gəlir.

Hazır iki beşi qoşalamışkən,

aprel yağışları da başlamışkən,

uzaqlaşma...

düş yanğın kimi ürəyimə -

açılsın qəlbin

qönçə çiçəklər kimi...

 

***

Ah!

Aprel yağışları,

Sevincini göstərir budaqların alqışları...

Sevgisini göstərir nazlı yasəmənin yırğanışları...

Başlayıb arıların nektar axtarışları,

evimin qışdan qalma yır-yığışları...

Hər şey bir yana,

suya həsrət yerlərə çatırsan..

islatdıqca üzümü

mənə şeir pıçıldayırsan,

aprel yağışları!

 

Səni görmür

 

Alnına yazılıb bəxtin, taleyin,

Göz səni oxumur, qaş səni görmür.

Uzağa boylanır yapalaq kimi -

Gözünün önündə çaş səni görmür.

 

Kağızlar qələmdən sinədağlıdır...

Tək "Quran" Allaha etibarlıdır...

Şükr elə ki, qapın çöldən bağlıdır...

Pəncərədən gələn daş səni görmür.

 

Canım, nə yaşadın səbəbi bəlli,

Qəlbini ovudur hüzur, - təsəlli,

Sonu bir məkandır ya yüz, ya əlli,

"Bəlkə" görsə belə, "kaş" səni görmür.

 

Yaş gəlir yaşının üstünü bəzər,

Çatdın əlli beşə, dəyməsin nəzər.

Sən ona sevin ki, Adilə Nəzər,

Sən yaşı görürsən, yaş səni görmür.

 

Tanrım, varlıyam səndən

 

Tanrım, qul olsam da, varlıyam səndən,

Baxma ki, dilimdə min bir ahım var.

Sənin mənim kimi günahkar bəndən,

Mənim sənin kimi bir Allahım var.

 

Bu yanğın yerinə can dayanarmı,

Odu kül olmuşlar bir də yanarmı,

Sorsalar gümanın, ümidin varmı,

Deyərəm uca bir qibləgahım var.

 

Yox olar canımdan ağrılar, cəmi,

Unudar ürəyim kədəri- qəmi,

Yaralı könlümün həbi- məlhəmi,

Ruhları oxşayan çahargahım var.

 

Sevdim, sevdiklərim oldular qənim,

Alışdı can evim, yandı bədənim,

Ayrılıq adında cəzam var mənim,

Bir də sevmək adlı bir günahım var.

 

Üsyan eyləmədim bəxtə, taleyə,

Nalədə bənzədim bir həzin neyə,

Sənin tövbə qapın açıqdır deyə,

Rahatam, dönəcək bir pənahım var.

 

Könül

 

Təzə tər səhəri verdin küləyə,

Barı günortaya dur bələn, könül.

Axşamın düşəcək, bir az tez elə,

Bir gülə- bülbülə cilvələn, könül.

 

Yaşa bir gününü toy-nişan kimi,

Süzülsün gözlərin ballı şan kimi.

Qağayı dənizə yaraşan kimi,

Sən də çıx sahilə, ləpələn, könül.

 

Dinlə bulaqları, xoşdur ahəngi,

Hicrana, həsrətə bir az da ləngi.

İlhamın gətirsin nəğmə çələngi,

Bir təzə eşqə düş, təzələn, könül.

Adilə, nə olsun, quru budağam,

Payıza yol gedən sarı yarpağam.

Cadar-cadar olmuş susuz torpağam,

Yağış ol, üstümə səpələn, könül.

 

Bənövşə

 

Bir dərdim var, bilmirəm desəm dinləyərsənmi,

Ağlasam gözlərimi silərsənmi, bənövşə?

Yoxsa öz dərdlərini salıb yadına sən də,

Halıma ağlarsanmı, gülərsənmi, bənövşə?

 

Təzə nərgizlər açır köhnə xatirələrdə,

Arzuları don vurur çiçəkli tirələrdə,

Sərçələr kolda-kosda, quzğunlar zirvələrdə,

Mən hardayam, yerimi bilərsənmi, bənövşə?

 

Sən də mənim kimisən, boynuburuq, cəfakar,

Həm xəstəsən, həm şəfa, həm təbibsən-şəfakar,

Ömrün çiçək ömrüdür, bu dünyasa riyakar,

Desəm gəl, çıxaq gedək, gələrsənmi, bənövşə?

 

Yox, deyəsən sən məndən daha cəsarətlisən,

Bəlkə bir gün yel olam, yanından bir kəz əsəm,

Mən yaslı görkəmimi dəyişməyi diləsəm,

Sən də eyni diləyi dilərsənmi, bənövşə?

 

Qardələn

 

Məni qış yuxusu alıb getmişdi,

Bu sabah oyatdı qərib qardələn.

Hansı dağdan endi fevral ayında,

Qışa sinəsini gərib qardələn?

 

Sevgi ətirlidir, eşq nəfəslidir,

Dağ döşüylə daşan çayın vəslidir,

Baharın elçisi, yaz həvəslidir,

Yolda güney qarın dərib qardələn.

 

Eşqin timsalıdır, aşiq Günəşə,

Çıxdı qar altından gəldikcə cuşa,

Canından olacaq tapanda nəşə,

Yoxluğunda varlıq görüb qardələn.

 

Qar dənəsi qonur cığıra, izə,

İslanan yanağa, qızaran üzə,

Qələmdən kağıza süzülən sözə

Şehli baxışını sərib qardələn.

 

Sənsiz çox şərqilər əksilə bilər,

Ürəyim kədərdən əzilə bilər,

Söylə hansı çiçək kəsilə bilər,

Səndəki saflığa rəqib, qardələn?

 

Qəzəl

 

Demə qəm xanəsi dünyaya, olur nəşəsi də,

Qara gözlərdə var ağ inci üçün güşəsi də.

 

Demə yox sevgi həyatda, olanı adi həvəs,

Günəşin doğması, de, sevgi deyildir nədi bəs?

 

Ölüb-öldürmək elə adiləşib - dinlə, əyil,

Bu qopan zəlzələlər torpağın üsyanı deyil?

 

Nə edək, kimdi günahkar? İtirərsək ümidi,

Tapmarıq, qaytararıq biz qapıdan naümidi.

 

Bir külək kaş əsə bir gün tutub insanı əziz,

Şeir axdıqca kağızdan edə dünyanı təmiz.

 

Olmadı

 

Baxıram bütöv bir ömür yaşanıb,

Topladım, xoş gün heç yarım olmadı.

Yaxşı ki, yaxşı dost sərvət sayılır,

O üzdən demirəm varım olmadı.

 

Dayanıb gözlədim çay qırağında,

Bir hədiyyə, qismət, pay sorağında,

Ömür varağında, gün varağında,

Bir ətirli gülüm, barım olmadı.

 

Dedim, sakit axma, dağ çayı, dillən,

Küləkdən başqa yox gözümü silən.

Dərdimi, qəmimi anlada bilən

Kamanım olmadı, tarım olmadı.

 

Vaxtsız açdı-soldu bağçalar, bağlar,

Hayana baxıram xatirəm ağlar,

Sinəmdə düzülüb silsilə dağlar,

Dağlarıma yağan qarım olmadı.

 

Tez keçdim içindən çəmənin, gülün,

Bir saçaq çəkmədim içindən tülün,

Nə sən bir ev oldun, nə də mən çulun,

Qıraqda-köşədə yerim olmadı.

 

Səhər-səhər

 

Oyan qəflətdən, ey dostum,

Haqqa şükr et səhər-səhər.

Dolan üzdə gülümsəmə,

İslan, quru şəhər-şəhər.

 

Bağ içrə oxusa bülbül,

Naz eyləsə bülbülə gül,

Haqq deməkdən qurusa dil,

Ömür olar bəhər-bəhər.

 

Kədərin yığısa çin-çin,

Sev yenə də, Haqqı sev ki...

Qəlbini yandırsa sevgi,

Eşq iç üstən qəhər-qəhər.

 

Dünya dayanacaq deyil,

Dolaşma da veyil-veyil,

Qır dizini, Haqqa əyil,

Get Özünə təhər-təhər.

 

Dünyanın dönən vaxtı

 

Hansı mahnıdan çıxıb gəldin,

hansı şeirin bəndindən qopdun, adam?!

Sükütu sinəmdən,

möhürü dilimdən qopardın.

Hara apardın

külək rəngli axşamları,

həsrət qoxulu,

kirpikləri yağışlı gecələri,

bir ucu yanıq şeirləri?!

Sən gələli göyqurşağı kimi

püxtə nəğmələr gəldi

bu xam dilimə.

Sevgi qoxulu təranələr axdı

muğam könlümə.

Bütün hüznləri atdım,

mən səndə

çoxdandı itirdiyim özümü tapdım.

Sən sevirsən deyə,

şaqraq gülüşlərim çoxaldı, -

sular qısqandı, sellər küsdü...

Sən mənə üç sözdən ibarət bir cümlə,

mən sənə bir ömrün kitabını susdum...

Hansı mahnıdan çıxıb gəldin,

hansı şeirin bəndindən qopdun, adam?!

Hardan düşdün qəlbimə,

necə qaldın yadımda -

dünyanın dönən vaxtı...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!