Muğam müsabiqəsi
Bu dəniz qanadlı, bu tufan dəli,
Məst olub özünün cilvələrindən.
Nə sonu görünür, nə də əvvəli,
Gəlir əbədiyyət zirvələrindən.
Bu nə möcüzədir, olub aşikar?
Gecəni qərq edib qızıla, zərə.
Açıqdır büsbütün bağlı qapılar,
Dünya görməyibdir belə mənzərə.
Səs səsin içindən açılıb gedir,
Söz sözün içindən açılıb gedir.
Bu gecə dil açıb daşlar oxuyur,
Qayalar heyrətdən uçunub gedir.
Bu səsin bir ucu bu yer üzündə,
Bu səsin bir ucu göylərə çatır.
Qoşul bu nəğməyə, qanadlan sən də,
Qalx, ordan seyr elə bu kainatı.
Gör kimdir göstərən iqtidarını,
Gecəni döndərib günə, gündüzə.
Yerdə axtarmayaq bəstəkarını,
Allah bəstələyib göndərib bizə.
Bu necə nəğmədir qalxır alovlar,
Bəs niyə alışmır o mizrab, o sim?
Ən parlaq işıqlar göz qamaşdırar,
Könül qamaşdırır bu yanar tilsim.
Bu necə duyğudur, bu necə uyqu,
Hansı məkandasan, hansı səsdəsən?
Könül, "Mənsuriyyə" zirvəsidir bu,
Mələklər mat qalan zirvə üstdəsən.
Bu yerdə ərinmiş qızıl çayları,
Qızıl şəlalələr çağlayır burda.
Burda Məcnunların eşq ocaqları
Yanır, için-için ağlayır burda.
Burda ölüm-itim qorxusu yoxdur,
Zamanın, məkanın itib kəsəri.
Burda qar yağdırmır Qaryağdıoğlu,
Alov ləpəsidir zəngulələri...
Bu səslər, bu qızıl qanadlı səslər
Döndərir dünyanı gülə, gülzara.
Bu yanar zirvədən günəşpərəstlər
Meydan oxuyurlar zülmətbazlara.
Kiminsə hardasa milyonları var,
Göyləri doğrayan şəhpəri yoxdur.
Allahla danışır bu kaman, bu tar,
Heyif, nadanların xəbəri yoxdur.
Ələ düşəcəkmi bir də bu fürsət,
Bir də yaradarmı təbiət bizi?!
Dirilik suyudur, olubdur qismət,
Muğamla dolduraq piyaləmizi.
Biz də pərdə-pərdə gələk ilhama,
Biz də dalğa-dalğa ucalaq, könül.
Gedək, qardaş olaq yeddi muğama,
Səkkizinci muğam biz olaq, Könül.
Susmasın qoy muğam müsabiqəsi,
Günəşlə birlikdə açsın səhəri,-
Tökülsün göylərdən nur şəlaləsi,
Yusun yer üzündən zülməti, şəri!
Mənim baba sərvətim
Xoş görmüşük, "vəfalı dost",
köhnə kədər!
O gördüyün sellər-sular axıb gedib,
Amma sənin bir telin də
dəyişməyib zərrə qədər.
O gördüyün bağ-bağçalar yanıb gedib,
Sən dirisən, sən təzə-tər.
Bu təntənən, bu büsatın
qabağında dayanmağa
təzə qurban - oğul istər.
İllər boyu bəzənmisən süslü-süslü,
yaşamısan aşkar-gizli.
Çoxu elə bilibdir ki, yox olmusan.
Amma xeyr!
Dünənimdən bugünümü nişan alan
ox olmusan.
Sən mənimsən,
sən Xətai xətasından doğulmusan.
Sam Mirzənin, Şah Abbasın
gözü bağlı, hökmi-fərma
ədasından doğulmusan.
Hicran günü sən Qüdsinin
dağ çiynində zərli paqon,
yaxasında bəzək-düzək,
yanağında yaş olmusan.
Zaman-zaman nifrətimə,
qəzəbimə tuş olmusan.
Yayınmısan qılıncından
Səttarxanın, Bağır xanın,
Baş qoymusan ayağına
neçə-neçə qəhrəmanın.
Sən xəyanət adlanan bir sərdabədə
gizlənmisən ilan kimi.
Həqiqətin boğazına dolanmısan
yalan kimi.
Qulağına bir mərd səsi gələn kimi,
İgid iyi alan kimi
açılmısan, yığılmısan.
Sən mənimsən. Mənim üçün
məndən əvvəl doğulmusan.
Mən yeddi dağ aşmalıyam,
sənsə mənim yolum üstə
əjdahaya dönə bilən
bir qızıl cam...
Hər üzünü,
hər donunu,
hər cildini tanıyıram.
Xoş görmüşük, yüz illəri ayaqlayan
cavan kədər.
Yüz sevincə qatılsa da,
yüz gülüşə qarışsa da,
yeyilməyən yavan kədər.
Sən - babamdan qalan sərvət,
sən - atamdan qalan dövlət...
Mən bələdəm dəyərinə-dəyməzinə,
yüngülünə, ağırına, -
Çeynədiyin oğulların varisiyəm,
Çıxacağam axırına!
Oxuyur Zeynəb xanım!
Mən belə görmüşəm dağ çaylarını
Qışqıra-qışqıra yol gələn zaman.
Axıb zirvələrdən göy dənizlərə
Tufanlar qoynunda dincələn zaman.
Mən belə görmüşəm dağ qartalları
Göyləri qılınctək doğrayır, biçir.
Qanadı üstündən qızıl şəfəqlər,
Qanadı altından buludlar keçir.
Mən belə görmüşəm dan söküləndə
Əsir qız yerişli səhər yelləri.
Günəş gözəllərtək qalxır yataqdan,
Axır üfüqlərə işıq selləri.
...Axdıqca nəğmələr şəlalələrtək
Saçılır ruhuma, könlümə işıq.
Gəzir damarımda qızıl qan kimi
Nəğmə odqarışıq, işıqqarışıq.
Nəğmələrmi ona yaraşıq verən,
Omu nəğmələrə ilkin yaraşıq?!
Bilmirəm...
Bir onu bilirəm ki, mən
Mayası nəğməylə yoğrulub onun.
Özü nəğmələrçün heç doğulmamış,
Nəğmələr
eşqiylə doğulub onun.
Nəğmələr süzülür tərpənişindən,
Nəğməyə döndərir baxırsan hara.
Dalğalı, rüzgarlı ədalarıyla
Axır guşələrə, axır xallara...
Nəğmə külək kimi bükür, bürüyür,
Alır qanadına onu...
bizi də, -
Qaynayır-qarışır öz nəğməsinə,
Bir nəğmə bəndinə dönür özü də.
Onun tilsimində qanun, kaman, tar
İnləyir sevdalı bir könül kimi.
Yarımqəhqəhələr, yarımfəryadlar
Açılır, saçılır qızılgül kimi.
Oxuyur, səsində ilahi saflıq, -
Əsrlər üstündə açıbdır yelkən.
Bu ilham axarı, bu nəğmə seli
Tökülür ölməzlik zirvələrindən.
Mənə elə gəlir onunla birgə
Hələ açılmamış güllər oxuyur.
Dinir dalğa-dalğa Arazım, Kürüm,
Bulaqlar səslənir, göllər oxuyur.
Sağında Savalan, solunda Kəpəz,
Cənublu-şimallı ellər oxuyur.
Muğam dalğalanır sərablar kimi,
Əsrlər, karvanlar, çöllər oxuyur.
Hələbdən dolanıb Bağdaddan keçən
Pərvanə qanadlı yellər oxuyur.
Bahar səmasıtək saflaşır ürək,
Nəğmələr baş vurur ağ buludlara.
O qalxır fövqünə bütün dərdlərin,
Dünya başdan-başa dönür gülzara.
Oxuyur nəğməkar...
Nəğmələrində
Dil açır həqiqət, həyat sevgisi.
Ona bir müğənni söyləmək azdır, -
Səadət saqisi!
Bahar saqisi!
Qaçaqkənd
Nə qarlı dağların, buz bulaqların,
Nə yaşıl nəğməli meşələrin var.
Nə mavi suların, qayalıqların,
Nə dilbər qucaqlı guşələrin var, -
Bəs niyə bu qədər şirinsən mənə?
Nə gümüş şəlalən, nə zümrüd gölün,
Nə qızıl xınalı kəkliyin, daşın...
Al günün altında açılar gülün,
Qış günü qəzəblə çatılar qaşın,-
Bəs niyə bu qədər şirinsən mənə?
Payız buludları, yaz buludları
Hayqırar, əlində qızıl qırmancı.
Günəşin yandırıb-yaxar otları,
Torpağın duz dadar, yovşanın acı,-
Bəs niyə bu qədər şirinsən mənə?
O şoran çöllərin, şor axmazların
Şəkər qamışları bitirir yoxsa?!
Gözümü yaşartdı sərt ayazların,
Dedi, ürək yanar gözdən yaş axsa...
Bildin ki, sən məni ağlatmaq çətin,
Sevincim dərində, qəmim dərində.
Bağrımın başında sərt təbiətin -
Qədim kitabədir daş üzərində.
Əllərin qabarlı, qəlbin tərtəmiz,
Səndəki qeyrətə, eşqə güvəndim.
Bağların kölgəli, gözün kölgəsiz,
Ocağı, təndiri tüstülü kəndim.
Axmısan ömrümə odla su kimi,
Mən öz qismətimdən özüm razıyam.
Hardasa qızaran alov dilimi,
Hardasa bozaran buz parçasıyam.
Çoxları göz yumdu gözəlliyinə,
Bilmədi bu qədər şirinsən, nədən?!
Xallı turacların öyrətdi mənə:
Sənə vurulmaqdan başlanır Vətən.
Sənin cadar-cadar dodaqlarında
Bütün laylaların etibarlısı.
Sən qızıl beşiyim!
Gəzsən cahanda
Görəsən varmıdır bizdən varlısı?!
Sevgi nağılı
Oğlan boğulurdu həyəcanından,
Ölçürdü, biçirdi iki kəlməni.
Ayağı altından qaçırdı cahan,
Güclə pıçıldadı: "Sevirəm səni..."
Qız baxdı sürəkli, kəskin baxışla,
Sanki biçib tökdü oğlanı birdən.
Çatıb qaşlarını dedi: "Bağışla,
Sınaqsız sevgiyə inanmıram mən".
Oğlan dilə gəldi: "Şərtini söylə,
Lap ölümə göndər, çək imtahana..."
Qız dedi: "Sübh çağı güləndə göylər
Gedib çıxacağam bir gül bağına.
Çevrilib, qoşulub qızılgüllərə
Bir budaq üstündə alışacağam.
Oğul gərəkdir ki, axtarıb dərə,
Min bir qızılgülə qarışacağam".
Dan yeri ağarıb sübh açılanda
Oğlan gül bağına gəldi bir səhər.
Gülüş bir yandadır, fəryad bir yanda,-
Uyuyur gözəllik, ötür bülbüllər.
Qönçələr yuxulu, güllər mürgülü...
Uçuna-uçuna "Bəxtəbəxt!" dedi.
Uzadıb əlini dərdi bir gülü,
İgidə bəzəkdir cəsarət, dedi.
Yumdu gözlərini, amma bir anlıq,
Çağırdı ən əziz, ən doğma adı.
Açdı gözlərini...
Bu zaman artıq
Gördü sevgilisi qarşısındadır:
- İgidim!
Sərvərim!
Canım-ciyərim!
Necə tapdın məni min gül içindən?!
- Gülüm, bürünsən də çiçək ətrinə,
Gizlədə bilmədin eşq ətrini sən,
Çünki... sevirsən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!