Biri vardı, biri yoxdu,
Bir külək vardı -
Gecəylə qovuşan,
Gecəylə canbir...
Bir də ki sonsuzluq,
Sonsuz susqunluq...
Gecənin ruhuna kəsilmiş hakim...
Hə, bir də bir cin vardı,
əzəmətli cin...
Dünyasına düşmüş qərib rəssamı
Addım-addım gəzib
izlərdi tin-tin...
Gözləri parlardı zülmət qoynunda,
Məni çağırardı nəfəsi belə...
Nağılın içinə düşüb itmişdim,
Nə zaman bəlliydi,
məkan da elə...
Divarlar üstümə gəlirdi sanki...
Gəlir, veyil-veyil,
gəlir, sərsəmtək...
Ruhlar səltənəti,
yaşanan oyun
Özümü toplayıb qaçmaq istərkən -
Bir baxdım
Ayaqlar mənimki deyil.
Sonra dönüb özüm nağıl olurdum,
İtirdim kölgələr arasında mən...
Bir anlıq baxışda, bir anlıq sözdə...
Zülmət dolu gözün qarasında mən...
Bir də görürdüm ki, ay aman, bu nə?
Yandırsın, dağıtsın zülməti deyə ,
Ələddin də burda çıraq axtarır,
Mənsə, tapmamışam özümü hələ,
Cin də çaşqın-çaşqın üzümə baxır.
***
Hər anımız bir ümid,
hər addım bir işıq,
Gəlin, gülək, yaşanacaq çox şey var.
Ya da ən azı, ümidlənək...
Çünki
Bu fani dünyada su verməsən belə,
cücərər hər kəsin dərdi...
Hər ürəkdə sirli bir kədər
Sevənlər ayrılar,
dostlar dəyişər...
Arzu, xəyal, ümid - və daha nələr...
Bir zamanlar güldük, indi susuruq,
Dostluqla böyüdük - unuduluruq.
Həyat bir yol, hər kəs öz gəmisində,
Biz də ömür sürdük bu okeanda
yaşadıq yelkənsiz kədər içində.
***
Gözü kədərli pişik,
Günah da, savab da Haqdan gəlir.
Gəlmə mənə doğru,
Mən qəm işığıyam,
Daldalanıram içimə çəkilib.
Yaxşısı budur, sən
Get qonşu qapıya,
Əlbəttə,
Taleyin cızdığı yoldan çıxıb
gedə bilsən...
***
Köhnə evin bir küncündə
Yuxarı boylanan,
Yuxarı uzanan
Qırmızı bir nərdivan...
Divarlarda saralmış xatirələr...
Ötüb keçmiş illər...
Geridə qalmış ömürdən izlər...
Nələr, nələr...
Hər pillədə bir ümid,
Hər atılan addımda isə
Yaşanmış ömür...
Yaşlanmış ömür...
Daşlaşmış kədər...
***
Üzümdə gülüş yox,
Sağımda, solumda sükut...
Kədərimi yalnız yağmur bilir.
***
Tənhalıq ən gözəl nəğmə,
Heç kim duymaz, heç kim eşitməz...
Və bir gün
Səssizcə itərsən,
Bir iz belə qoymadan,
Kimsə də xəbər tutmaz...
***
Keçmişi xatırlamağı sevməm,
Zatən, yox kimi bir şeyəm.
Şair tənhalığı bambaşqa,
Kəlmələr düşər, düşər, düşər,
Yaşadığın həyat kimi səssiz.
Sonra bir gün görərsən ki,
Nə ün qalıb, nə də bir iz.
***
Fırçanın səsi
Ağ kətanda əks-səda verər,
Fırçandan xəyal süzülər,
Hər rəng bir hekayə danışar...
Hərdən də
Axtardığı mənanı tapa bilməz,
Yox olar, zamana qarışar...
Hər cizgi bir həyata dönər,
Can alar, can verər, çevrilər...
Bəzən də boyanın bircə damlası
Etiraz edib üsyankar ruhla
düşər, düşər, düşər,
harasa düşər...
Xəbəri olmaz ki, o bircə dalma
Zehnimdə yaşana bilməmiş ömür
Rəsmdə kölgətək qalar, bilinər.
***
Uzaqda bir kənd...
Səhər günəşi doğub,
Torpaq səssizlik içində susur...
Bütün dünya oyanıb
Uca millətin səsinə...
Rahatlıq nəfəsi gəlir hər yandan,
Eşq olsun nəfəsin...
***
Dəniz köpürür,
Dağlar susur,
Torpağa kök salan ağac Vətəndir.
***
Ağır bir yük kimi
Gözlərim dolu, yorğun,
Bir gecə daha sənsiz keçdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!